Məhkəmə qərarları › İş №2(005)-257/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-257/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-257/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 üçün Cavabdeh hər ay 2000 manat sabit pul məbləğində alimentin tutularaq onu ödənilməsisi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1984-cü il tarixində anadan olmuşdur və 2010-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 19 yanvar 2011-ci il tarixində Nuriyeva Mehinbanu adlı övladları dünyaya gəlmişdir. Sonradan dünyagörüşləri, həyata baxışları, maraqları, xasiyyətləri tamamilə dəyişdiyindən birgə nikahda qalmaqları mümkünsüz olmuş və 3 oktyabr 2013-cü il tarixində rəsmi nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan X3 onun himayəsində qalmış və 10 ildən çoxdur ki, ona bir ana olaraq tək baxır. Belə ki, cavabdehlə boşandıqdan sonra o, ondan aliment almamışdır və o, bir dəfə də olsun qızı ilə görüşməmiş, onun böyüməsi üçün heç bir maddi və mənəvi yardım göstərməmişdir. Hazırda övladı böyüyür, onun təhsilinin davam etdirilməsi və inkişafı üçün daha da artıq maddi dəstəyə ehtiyacı vardır. Bu baxımdan məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qızı X1 üçün aliment tələb etmək qərarına gəlmişdir. İndiyədək cavabdehin yetərincə imkanının olmasına baxmayaraq, uşağın böyüməsində, maddi və mənəvi təminatında heç bir rolu olmamışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbi üzrə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Priosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2013-cü ilin oktyabr ayının 03 günündə 320 nömrə ilə qeyd edilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vergi orqanına bəyannamə (məlumat) təqdim edilmədiyindən müvafiq dövrlər üzrə gəlirləri barədə məlumat müəyyən edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər arasındakı nikah xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Uşaq iddiaçının himayəsindədir. Hazırda iddiaçı, cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini əsas gətirərək aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı aliment tələb etməkdə haqlıdır. Tutulacaq alimentin məbləği ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı 2000 manat aliment tələb etsə də, hazırki vəziyyətdə cavabdehin həmin miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazanca malik olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən və sübutların təmin edilməsi barədə məhkəmə qərardadının icrası ilə əlaqədar cavabdehin Nərimanov Rayon İcra Şöbəsinə verdiyi izahatından görünür ki, o, "xxxx" MMC-də və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışmaqla, müvafiq olaraq 400 və 350 manat əmək haqqı alır. Məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi şəklində tutulmasının uşağın minimum dolanacaq xərclərindən az aliment almasına səbəb olacağını, həmçinin iddiaçının birgə nikahdan olan uşağın saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilməsi xahişini, işin digər diqqətalayiq hallarını və 2023 və 2024-cü illər üzrə uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün alimentin məbləği xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinədək 220 manat, xx.xx.2024-cü il tarixindən isə 235 manat olaraq müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2-ci maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinədək hər ay 220 manat, xx.xx.2024-cü il tarixindən isə hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinədək hər ay 220 (iki yüz iyirmi) manat, xx.xx.2024-cü il tarixindən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar