Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2574/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1 ədəd nişan üzüyünün (850 manat dəyərində), 1 ədəd qızıl üzüyün (1200 manat dəyərində), 1 qızıl dəstin (boyunbağı, qolbaq və üzükdən ibarət - 5000 manat dəyərində) qızıl-zinət əşyalarının və ya dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı məxsus 1 ədəd nişan üzüyünün (6,5 qram qızıl, 750 əyar – 850 manat dəyərində), 1 ədəd qızıl üzüyün (6,5 qram qızıl, 750 əyar, 0,35 sot brilyant – 1200 manat dəyərində), 1 dəst qızıl dəstin (boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət – 27 qram qızıl, 2,5 karat brilyant, 750 əyar – 5000 manat dəyərində) - qızıl-zinət əşyalarının, həmin əmlaklar olmadığı təqdirdə, dəyəri olan 7050 (yeddi min əlli) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 04 noyabr 2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Bu barədə 4 Saylı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 2434 nömrəli qeyd aparılmışdır. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan aralarında müəyyən mübahisələr yarandı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah qeydi ləğv edildi. Toydan əvvəl və toy olarkən cavabdeh və ailə üzvləri tərəfindən ona 1 ədəd nişan üzüyü (850 manat dəyərində), 1 ədəd üzük (1200 manat dəyərində), 1 dəst qızıl - boyunbağı, qolbaq və üzük (5000 manat dəyərində) qızıl-zinət əşyaları hədiyyə verilmişdir. O, ailə qurduqdan sonra Bakı şəhərində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Yaşadıqları evdən çıxarkən ona məxsus geyim əşyaları da cavabdehlə yaşadıqları evdə qalmışdır. Cavabdehlə aralarında olan nikah münasibətləri qısa çəkmiş və xx.xx.2023-cü ildə rəsmi olaraq sonlanmışdır. Belə ki, həmin tarixdə onu aldadaraq, məcburi qaydada valideynlərinin yanına göndərmişdir. Cavabdeh həmin vaxtdan etibarən nə onlarla maraqlanmış, nə ailəsinə baxmış, nə də ki, övladını görməyə gəlmişdir. Tələbi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2023-cü il tarixli, 2(005)- 2962/2023 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı 4 saylı Bakı "ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 04 noyabr 2021-ci il tarixli, 2434 №-li nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş 28 sentyabr 2022-ci il təvəllüdlü X2 boşanmadan sonra onun yanında saxlanması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra o, cehizlərinin və qızıl-zinət əşyalarının qaytarılmasını tələb edib. Gəlib-gedən zaman apardığı cehiz əşyaların bir hissəsi 03 dekabr 2023-cü il tarixdə ona qaytarılsa da, cavabdeh qızıl-zinət əşyaların qaytarılmasından imtina etmişdir. Dəfələrlə şifahi formada müraciət etmələrinə baxmayaraq qızıl-zinət əşyaları ona geri qaytarılmamışdır. Qeyd etdiyi qızıl-zinət əşyaları ona hədiyyə verildiyindən cavabdehin qanunsuz sahibliyindən alınıb ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, tərəflər arasında 2021-ci ildə bağlanmış nikah 2023-cü ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Uşaq dünyaya gəldikdən bir müddət sonra iddiaçını evdən çıxarıblar. İddiaçı ata evinə qayıdıb. Daha sonra isə qarşı tərəf evə qayıtmağına icazə verməyib. İddiaçı evdən çıxan zaman özü ilə heçnə götürməyib. Bir müddət sonra paltarlarını istədikdə bir hissəsini qaytarıblar. Qızılları iddiaçı dəfələrlə istəsə də, qarşı tərəf qızılları verməyəcəyini bildirib. Hətta cavabdeh iddiaçıya aldığı telefonu özü aldığını bildirərək əlindən alıb, sonra satıb. Belə şəxs heç vaxt öz aldığı qızılları iddiaçıya verməzdi. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı əsassız hesab edir. Belə ki, qızıllar və cehizlər iddiaçıya qaytarılıb. Ona alınan nişan üzüyü daxil bütün qızıllar iddiaçının özündədir. Bir oğlu var. Ailə qurduqdan sonra müəyyən söhbətləri yarandı. Elə vaxt olurdu ki, kiçik bir problemləri olurdu və buna görə iddiaçı gecə evdən gedirdi. Bir neçə dəfə belə hal olub. Sonuncu dəfə uşaq olduqdan sonra iddiaçının anası onu apardı. 4 ay o, uşağı da görmədi. İddiaçını evdən o göndərməmişdir. Uşağı apardıqda iddiaçı özü ilə heç nə aparmadı. Bir müddət sonra iddiaçı, anası və babası gəldi. Anası və özü evdən paltarları götürdülər. İddiaçını evə buraxmamasının səbəbi mətbəxdən bıçaq götürməyi idi. Bıçaq götürüb anasının üstünə gəldi. Mətbəxdə oturmuşdular, onun uşağı da iddiaçının anasının qucağında idi. Gələndə özü idi, anası idi, babası da maşında çöldə gözləyirdi. Gəlmişdilər paltar götürməyə. Bıçağı onun əlindən şəxsən özü alıb. Onlar ilk dəfə gələndə qızılları istəmədilər. Paltarları iddiaçı tərəf özləri dava edib tökmüşdü. Nikah pozulduqdan sonra evə gəldilər. Həmin vaxt iddiaçının anası, xalası və dayısı gəlmişdi. Bütün cehizləri onlara təhvil verdilər və cehizlər 166 yükdaşıma xidməti ilə aparıldı. Qızıllar yataq otağındakı mebeldə saxlanılırdı. Qızıllar olduğu yerdə qalmışdı, yeri dəyişilməmişdi. Ondan qızılları istədilər. O da qızılları qarşı tərəfin anasına verdi, çünki hədiyyə olduğu üçün qızılların onda qalmalı olduğunu bilirdi. Qızıl dəstini iddiaçının anasına verdiyi zaman evdə 7-8 nəfər var idi. Onlar qızlları iddiaçının anasının götürdüyünü görüblər. Qızılları 3 ədəd qutuda vermişdir. Aralarında mübahisə olduqdan sonra, aldığı telefonu iddiaçıdan alıb satmışdır. Sonra da onun əvvəl işlətdiyi telefonu alıb özünə verib. Çünki o alan telefon daha bahalı idi. Komplekti 2800 manata almışlar. 700 manata həri üzüyünü almışdır. Həmin üzüyü də Memar Əcəmidən almışdı. Həri üzüyündə qaşlar çox idi. Qızıllar qaytarıldığından iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məkhəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 2023-cü ildə aralarında mübahisə olduğu üçün çıxıb anasıgilə getmişdi, amma heç bir əşya götürməmişdi. Uşağa aid əşyaları və 1-2 ədəd öz paltarlarını götürmüşdü. Heç bir çamadan götürməyib. Bir neçə gün qalıb və qayıdıb. Hətta qayıdanda əşyaları yox idi. Paltarlarını götürmək istəyəndə verməyiblər, lakin o ehtiyacı olduğu üçün gözləyib. Söz-söhbətdən sonra bir neçəsini versələr də, paltarların hamısını verməyiblər. Onu içəri keçməyə qoymayıblar. Qızıllar evdə yataq otağında kamotun üstündə olurdu. Kamotun açarı yox idi, heç onun otağının da açarı yox idi. O, özü otağa daxil olub və görüb ki, qızılları yoxdur. Atası gəldikdən sonra içəri buraxılıb və qızılların olmadığını da o zaman görüb. Həmin gün evdən çıxıb və cehiz əşyalarını da aylar sonra gedib götürüb. Evdə cavabdeh və anası var idi, onlara nəzarət edirdilər. Ümumiyyətlə onun əşyalarını ondan icazəsiz evdən kənara tökmüşdülər. Ona alınan qızılların hamısının əyarı 750 olub. 5000 manata komplekt alınıb. 850 manata nişan üzüyü alınıb. Cehiz əşyalarını götürməyə gedəndə mübahisə yaranmışdı, polis çağrıldı. Cavabdeh onlara heç bir qızıl əşyası qaytarmamışdı. Hətta sonuncu dəfə dalaşdıqdan sonra ona aldığı telefonu da götürüb satmışdı ki, öz pulumla aldığım əşya səndə niyə qalmalıdı. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2962/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş və 2434 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadık saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8172 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında qeyd edilən 01 ədəd 6,5 qram kütləli, 750 əyar qızıl nişan üzüyünün orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 780 (6,5 qr x 120 man) manat müəyyən edilmişdir. Qərardadda qeyd edilən digər 02 adda zərgərlik məmulatları tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan (zərgərlik məmulatlarının üzərində olan qaşların istehsal yeri, mənşəyi, ölçüsü, sayı, keyfiyyəti və sair) fotoşəkillərə, videogörüntülərə və sair həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. Ekspertiza xərci 50 manat təşkil edir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, iddiaçının anasıdır. Qızı küsüb onlara gəlmişdi. Gələndə də özü ilə heç bir qızıl gətirməmişdi. Birinci dəfə qızıyla paltar götürməyə gedəndə o çöldə gözləyib, qızı da paltarlarını götürməyə gedib. Əvvəlcə qızını içəri buraxmadılar. Sonradan səs-küy qalxdı və o, gedib görüb ki, qızının əlindən telefonu almaq istəyirlər. O, içəri girmək istəyəndə, itələyərək onu çölə çıxardıblar. Həmin vaxt telefonu qızının əlindən aldılar. Ondan sonra həyat yoldaşına zəng vuraraq onlara hücum çəkdiklərini bildirib. Həyat yoldaşı gələndən sonra onlar sakitləşdilər. 3-cü dəfə gedəndən sonra paltarları götürdülər. 1-ci dəfə gedəndə qızıl söhbəti olmuşdu. Qızı otağa gedib qızılları götürmək istəyəndə görüb ki, qızıllar otaqda yoxdur. Qızılların harada saxlanması ilə bağlı məlumatı olmayıb. Bir dəfə də paltarları götürməyə gedəndə polis çağırdılar. Ona heç bir qızıl verilməyib. Boşanandan sonra gedib əşyaları yığmışdılar. Həmin vaxt da dava olmuş, polis çağrılmışdı; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, iddiaçının xalasıdır. İddiaçıya heç bir qızıl qaytarılmayıb. Çünki cehiz əşyalarının götürülməsində o, iştirak etmişdir və heç birində iddiaçıya qızıl təqdim edilməyib. İddiaçı uşağın paltarını götürməyə gedib və ondan sonra söz-söhbət yaranıb. 3-cü dəfə barışıq üçün onlar bir yerdə gediblər, lakin qapını belə onlara açmadılar. Sonradan qapını açıb və onlara hücum çəkdilər, onlar isə barışıq üçün gəldiklərini, istəmirlərsə qızın əşyalarını götürəcəklərini bildirdilər. Həmin gün əşyaları yığdılar. Onlar paltarı yığanda cavabdehin anası və dayısı da iştirak edirdi. Qızıl barədə heç bir söhbət olmayıb və qızılların harada olmağını bilmir. Birinci dəfə barışıq üçün bacısıyla getmişdilər. Qızılları iddiaçının özü istəyib. Lakin verməyiblər; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, cavabdehin anasıdır. El adəti ilə toy edib, gəlinə qızıllar almışlar. 1 uşaqları dünyaya gəlib. Uşaq 2 yaşına çatanda aralarındakı münasibət pisləşdi və qız atası evinə getdi. Oğlu qızılları iddiaçının anası cehizləri yığmağa gələndə verib və həmin vaxt baldızı və qardaşı da orda olub. İddiaçı çıxıb gedəndən 10 gün sonra anası ilə bir yerdə paltar aparmağa gəlmişdi. Oğlu ona dedi ki, onları evə buraxmasın. Əgər əşyalarını götürmək istəyirsə, məhkəməyə müraciət edib boşansın, sonra da gəlib əşyalarına götürsün. Həmin vaxt qız bıçağı götürüb üstünə tutdu. Balaca oğlu gələndən sonra bıçağı öz üstünə tutdu. Səs-küyə böyük oğlu gəldi və olanları gördü. Ondan sonra oğlu iddiaçıya deyib ki, get əşyalarını götür. Oğlu qızılları, ona alınan nişan üzüyünü də iddiaçının anasına qaytarmışlar. İddiaçı onların evdən gedən gününün sabahı restorana gedib video paylaşmışdı. Oğlu da bunu görüb əsəbləşmişdi. Növbəti dəfə iddiaçı əşyalarını götürməyə gələndə oğlu ona aldığı telefonu əlindən aldı. Polisi o, zəng vurub çağırmışdı. İddiaçı tərəf əşyaları yığmağa gələndə səsküy edirdi. İddiaçı da oğluyla dalaşırdı. Ona görə də polis çağırıb ki, aradakı mübahisə böyüməsin. İddiaçı 2-ci dəfə əşyalarını götürməyə gələndə oğlu telefonu aldı. 2-ci dəfə gələndə əşyaları aparmadılar. Sadəcə qutulara yığıb getdilər; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, cavabdehin bibisidir. Qızıllar verilən gün o, orada olmuşdur. Cavabdeh qızılları iddiaçının anasına verib. İddiaçı cehiz əşyalarını götürməyə gələndə cavabdeh qızılları iddiaçının anasına verdi. Cehiz əşyalarını yığmağa iddiaçı, iddiaçının anası, atası, xalası, qardaşı və bir neçə nəfər gəlmişdi. Qızıl əşyalar yığılan vaxt verildi. Cehiz əşyaları yığılan vaxt onlar tərəfdən də o, cavabdehin dayısı, anası və bir neçə nəfər daha var idi; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, cavabdehin dayısıdır, Qızıllar verilən zaman o orada olmuşdur. İddiaçı tərəf cehiz əşyalarını yığmağa gəlmişdi. Həmin gün bacısının oğlu qızılları iddiaçının anasına verdi. İddiaçı tərəf əvvəllər də paltar götürmək üçün cavabdeh tərəfin evinə gəlib. Lakin o, həmin vaxtlar orada olmamışdır. İddiaçı ilə cavabdehin aralarında mübahisə olduğunu və iddiaçının evdən getdiyini eşitmişdi. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixində rəsmi nikaha daxil olmuşlar və xx.xx.2023-cü il tarixdə onlar arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı evi tərk edən zaman ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını götürmədiyinə istinad edərək, cavabdehdən qızılzinət əşyalarının və ya onların dəyərinin tutulmasını xahiş edir. Cavabdeh isə həmin əşyaları iddiaçı tərəfə qaytardığını bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qeyd olunmalıdır ki, qızıl-zinət əşyalarının cavabdehdən alınması tələbinin (vindikasiya iddiasının) maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsi, belə iddiaların təmin olunması üçün əsas ola bilər. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi, mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Hazırki mülki iş üzrə qızılların mövcudluğu işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçı qızılların fotoşəkillərini və videoçəkilişini təqdim etmişdir, cavabdeh isə qızılların alındığını qəbul etmiş, lakin onları iddiaçının anasına qaytardığını bildirmişdir. İddaçı məhkəmə iclasında evi tərk etmə şəraiti barədə qeyd etmişdir ki, onun evdən birdəfəlik getmək niyyəti olmamışdır. Gedəndə sadəcə bir neçə paltarını götürmüşdür. Evə qayıtdıqda onu evə buraxmamış, aralarında mübahisə yaranmış, polis çağrılmış, həmçinin cavabdeh iddiaçıya aldığı telefonu onun əlindən almış, sonradan satmışdır. Qeyd edilən hallar cavabdeh tərəfindən, eləcə də şahid ifadələri ilə də təsdiq olunmuşdur. Cavabdehin nikah pozulduqdan sonra cehiz əşyalarını götürməyə gələrkən qızılları iddiaçının anasına qaytarması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh qarşı tərəfə qızılları verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd edir ki, cavabdehin yaxın qohumları olan şahidlərin ifadələri qızılların qaytarıldığını təsdiq edən mötəbər sübut kimi çıxış edə bilməz. Məhkəmə tərəflər arasında münasibətlərin gərgin olduğunu, cavabdehin iddiaçının gedərkən qızılları götürmədiyi barədə izahatlarını, həmçinin sonradan cavabdeh tərəfindən qızılların anasına qaytarılmasını təsdiq edən hər hansı sübutun olmadığını nəzərə alaraq, iddiaçının haqlı olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, işdə mövcud olan sübutların məcmusu, xüsusilə də tərəflərin verdikləri izahatlar, işin halları həmin əşyaların cavabdehin sahibliyində qaldığı qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1 və 88-ci maddələri). Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, Mülki Prosessual Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, iddiaçı evdən gedərkən qızılları götürmədiyini sübut etsə də, cavabdeh qızılları sonradan qaytardığını sübut edə bilməmişdir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər mötəbər sübutlarla təsdiqlənmiş olsun. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində sadalanan və qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının ona hədiyyə edilmiş olduğunu, yəni onun bu əşyaların mülkiyyətçisi olduğunu sübut etməsinə ehtiyac yoxdur; çünki qızıl-zinət əşyalarının mövcudluğu cavabdeh tərəfindən qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə tərəfindən qızılların dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8172 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd 6,5 qram kütləli, 750 əyar qızıl nişan üzüyünün orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 780 (6,5 qr x 120 man) manatdır. Qərardadda qeyd edilən digər 02 adda zərgərlik məmulatları tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan (zərgərlik məmulatlarının üzərində olan qaşların istehsal yeri, mənşəyi, ölçüsü, sayı, keyfiyyəti və sair) fotoşəkillərə, videogörüntülərə və sair həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. Lakin məhkəmə təqdim edilən video görüntülərdə də açıq şəkildə qızıl-zinət əşyalarının əyarının görsəndiyini, həmçinin cavabdehin də qızılların 750 əyar olduğunu qəbul etdiyini, iddia ərizəsində göstərilən çəkilərin ağlabatan olduğunu, tədqiqata təqdim edilmədiyi üçün qiymətləndirilmənin mümkünsüz olmasının obyektivlik prinsipi, ümumilikdə ədalət mühakiməsinin mahiyyəti ilə ziddiyyət təşkil etdiyini nəzərə alaraq, tədqiqat aparılmayan qızılların dəyərinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyində müəyyən edilmiş 1 qram qızılın qiymətinə (120 manata) uyğun olaraq hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı tərəfindən tələb edilən və video görüntülərdə də görünən 1 ədəd 6,5 qram çəkidə qızıl üzüyün və 27 qram çəkidə 1 qızıl dəstin dəyərinin müəyyən edilməsi üçün ekspert rəyində göstərilmiş, bir qram qızılın dəyəri əsasında hesablama aparılmalıdır. Belə olan təqdirdə isə 1 ədəd qızıl üzüyün dəyəri 780 (6,5 x 120), 1 ədəd qızıl dəstin dəyəri isə 3240 (27 x 120) manat müəyyyən edilməlidir. Brilliant daşlar tədqiqata təqdim edilmədən onun dəyərinin müəyyən edilməsi mümkünsüz olduğundan, həmçinin 1 qram qızılın dəyərini özündə əks etdirən ekspert rəyi mötəbər sübut olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1 ədəd nişan üzüyü (6,5 qram, 750 əyar), 1 ədəd qızıl üzük (6,5 qram, 750 əyar), 1 boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət qızıl dəst (27 qram, 750 əyar) alınaraq İddiaçı verilməlidir. Həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmazsa onların dəyərlərinə uyğun (1 ədəd qızıl üzük 780 manat, 1 ədəd nişan üzüyü 780 manat, 1 qızıl dəst 3240 manat olmaqla) pul məbləğləri, cəmi 4800 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd nişan üzüyü (6,5 qram, 750 əyar), 1 ədəd qızıl üzük (6,5 qram, 750 əyar), 1 boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət qızıl dəst (27 qram, 750 əyar) alınaraq İddiaçı verilsin. Həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmazsa onların dəyərlərinə uyğun pul məbləğləri (1 ədəd qızıl üzük 780 manat, 1 ədəd nişan üzüyü 780 manat, 1 qızıl dəst 3240 manat olmaqla), cəmi 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2574/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2574/2024
29.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver