Məhkəmə qərarları › İş №2(005)-2622/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2622/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2622/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, onun vəkili X4, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin təmin edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin təmin edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" ASC arasında 04.04.2019cu il tarixdə sığorta müqaviləsi üzrə 15-K-496 dövlət qeydiyyat nişanlı, “MTZ-892” markalı traktor Mİ-010336 nömrəli şəhadətnamə üzrə sığortalanmış 16500 manat sığorta ödənişi zərərin əvəzində iddiaçının xeyrinə tutulması, iddia ərizəsini verilməsi ilə bağlı 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04.04.2019-cu il tarixdə "xxxx" arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus 15-K-496 dövlət qeydiyyat nişanlı, “MTZ-892” markalı traktor 5 il müddətinə ona lizinqə verilmişdir. "xxxx" MMC ilə "xxxx" ASC arasında 04.04.2019-cu il tarixində sığorta müqaviləsi bağlanaraq, 15-K-496 dövlət qeydiyyat nişanlı, “MTZ-892” markalı traktor Mİ-010336 nömrəli şəhadətnamə üzrə 5 il müddətinə 16500 manat məbləğində sığortalanmışdır. Həmin traktor 18.05.2019-cu il tarixində Yardımlı rayonu, Mirimli kəndi ərazisində aşmışdır. 18.05.2019-cu il tarixində yaşadığı Cəlilabad rayonu Buravar kəndindən "xxxx" MMC-yə məxsus 15-K-496 dövlət qeydiyyat nişanlı, “MTZ-892” markalı traktorla özü yanında olmaqla Yardımlı rayonu Zevin kənd sakini X3 ilə idarə edərək Mirimli kəndinə gəlmiş və orada “Şələ Güney” adlanan ərazidə ot biçməyə başlamışlar. Həmin vaxt traktorun arxasındakı qoşqu yerində ot biçən var idi. Ani olaraq toraktorun təkəri çökəyə düşərək sol böyrü üstə aşmışdır. Traktor aşan zaman o sürücü ilə birlikdə kabinada idi, heç biri xəsarət almamışdır. Lakin traktora xeyli sayda ziyan dəymişdir. Traktor aşan zaman onun kabinası, kapotu, qabaq, yan və arxa şüşələri, sağ-sol qapılar, diskləri arxa görmə işıqları, ban kollektoruna və sair miqdarda xeyli ziyan dəymişdir. Daha sonra qəza yerinə Yardımlı rayon PB-nin əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmiş və baxış zamanı müəyyən olmuşdur ki, sürücü X3 traktoru idarə edərkən ayıq vəziyyətdə olmuş və iddiaçı sürücü ilə birgə traktorun içində olmuşlar. Bu barədə 18.05.2019-cu il tarixli X5 protokol tərtib olunmuş və sürücü X3 barəsində İXM-nin 327.1.42-ci maddəsi ilə MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində cərimə edilmişdir. 18.05.2019-cu il tarixli ərizə ilə "xxxx" ASC-yə müraciət etsə də, ona rəsmi şəkildə dəymiş ziyanın ödənilməsindən imtina edilməsi barədə yazılı cavab verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan hadisə nəticəsində sığortaçıya dəymiş 16500 manat məbləğində zərər məbləği qanunvericilikdə nəzərdə tutulan qaydada cavabdehdən onun xeyrinə tutulmasını hesab edir. İddiacıya hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, müqavilə "xxxx" MMC ilə bağlanmış, ona görə də iddiaçının hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Göstərilənləri nəzərə alraq, iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlnı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 04.04.2019-cu il tarixli X1 sığorta şəhadətnaməsi, sığorta qaydaları və yaddaş vərəqəsinin təhvil-təslim aktından görünür ki, İddiaçı və "xxxx" MMC Mİ 010336 saylı sığorta şəhadətnaməsini, sığorta qaydalarını və yaddaş vərəqəsini təhvil alaraq, sığorta şərtləri ilə tanış olmuş və onları qəbul etmişlər. Mİ-010336 nömrəli X1 sığortası şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı "xxxx" MMC və sığorta olunan İddiaçı məxsus “Belarus-892” markalı traktoru 16500 manat sığorta məbləğində sığortalamışdır. Bu şəhadətnamənin əlavə şərtlərinin 3-cü bəndindən görünür ki, nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti olan şəxslər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tərtib edilən etibarnaməyə malik olma şərti ilə sığortalı tərəfindən təyin olunmuş istənilən şəxslərdir. AP ******* nömrəli X8 Protokol və MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 18.05.2019-cu il tarixdə 15-K-496 dövlət qeydiyyat nişanlı, “MTZ- 892” markalı traktor ilə hadisə törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1.42-ci maddəsinə əsasən 40 manat məbləğində cərimələnmişdir. 29.05.2019-cu il tarixli "xxxx" ASC-nin "xxxx" MMC və İddiaçı ünvanladığı məktubdan görünür ki, baş vermiş hadisə ilə əlaqədar bildirmişlər ki, sözügedən avtomobilin sığorta müqaviləsi “X1 Sığortası Qaydaları” ilə tənzimlənir və həmin Qaydaların 4.4-cü maddəsinə əsasən Sığorta Şəhadətnaməsində göstərilən nəqliyyat vasitələrinin müvafiq sürücülük vəsiqəsinə və etibarnaməyə (notariat qaydada təsdiq olunmuş) malik olmayan şəxs tərəfindən idarə edilməsi zamanı nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil olmayan zərərlərdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-dən 15-K-496 dövlət qeydiyyat nişanlı, “MTZ-892” markalı traktoru lizinqlə əldə etmiş və həmin traktor "xxxx" MMC tərəfindən sığortalanmışdır. 18.05.2019-cu il tarixdə İddiaçı sözügedən traktoru ot biçimi üçün yanında olmaq şərti ilə X2 idarə etməyə vermiş, lakin sonuncu həmin traktoru idarə etmək üçün müvafiq etibarnaməyə (notariat qaydada təsdiq olunmuş) malik olmamışdır. Ot biçimi zamanı traktor aşmış və nəticədə traktora ziyan dəymişdir. AP ******* nömrəli X8 Protokol və MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla X3 18.05.2019-cu il tarixdə 15-K-496 dövlət qeydiyyat nişanlı, “MTZ-892” markalı traktor ilə hadisə törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1.42-ci maddəsinə əsasən 40 manat məbləğində cərimələnmişdir.Hadisə həmin traktoru idarə etmək hüququ olmayan şəxs tərəfindən törəndiyindən, "xxxx" MMC dəymiş zərərin əvəzini ödəməkdən haqlı olaraq imtina etmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırır ki, "xxxx" ASC ilə bağlanmış Mİ-010336 nömrəli X1 sığortası şəhadətnaməsinin əlavə şərtlərinin 3-cü bəndindən göründüyü kimi nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti olan şəxslər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tərtib edilən etibarnaməyə malik olma şərti ilə sığortalı tərəfindən təyin olunmuş istənilən şəxslərdir. Bununla belə iddiaçı traktoru idarə etməyə hüququ olmayan X2 verərək kasko müqaviləsinin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin təmin edilməsi tələbinə dair” iddia ərizəsi rədd edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu da iddia tələbi təmin edilməməsi nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin təmin edilməsi tələbinə dair” iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar