Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2679/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin və 200 manat vəkilə ödənilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladı - xx xxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-334/2019 saylı qətnaməsi ilə nikahın pozulması barədə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqları ananın himayəsində saxlanılmışdır. Nikahın pozulması məsələsi həll edilərkən cavabdehdən aliment tutulmamışdır. Uşaqlar ananın himayəsindədir və iddiaçı onlara valideynlərinin vəsaiti hesabına baxır. Ölkədə və dünyada davam edən məlum pandemiya səbəbindən valideynlərinin də maddi vəziyyətləri pisləşmişdir. Hazırda iddiaçı işsiz olduğundan uşaqların maddi təminatlarını ödəmək iqtidarında deyil. Hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər birinə 200 manat, cəmi 400 manat məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd edir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasnda yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa aliment məhkəmə qaydasında tutulur. Aliment sabit pul məbləğində tutulursa sabit pul məbləğinin niqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək, uşaqların saxlanması üçün hər ay cəmi 300 manat aliment ödənilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 323820 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarına əlavə olunmuş 1 saylı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ 828280 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı ildə X6 Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 5352 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ 310213 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü ildə X7 Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 1512 № ilə qeyd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-334/2019 saylı qətnaməsindən görünür ki, Şıxəliyevə Hökuməxamm Pənah qızı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı Nikan Evi Səadət Sarayında 1111 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 anası Şıxəliyevə Hökuməxamm Pənah qızının yanında saxlanılmışdır. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 iki adlı övladı var, tərəflərin arasında bağlanmış nikah pozulmuş, onlar hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqlar isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı övladlarının saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı övladlarının maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2014-cü iltəvəllüdlü X7yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində - bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə vəkilə ödənilmiş xərcin tutulması tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, hazırki mülki iş üzrə hüquqi yardımla bağlı xərclərin çəkilməsi zəruri olmamaqla, eyni zamanda cavabdehdən hər ay 340 manat alimentin tutulması da nəzərə alındıqda, ondan əlavə olaraq hüquqi yardıma görə xərclərin tutulması ədalətlilik və humanizm prinsipləri baxımından da qanuni hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X1 30 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2679/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2679/2020
18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver