Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2698/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli MH №C015016 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Nuriyev Ağasəf Məmməd-tağı oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 96,8 kv.m yaşayış sahəsi, 85,65 kv.m köməkçi sahədən ibarət B-2210V nömrəli bağ evinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2007- ci il tarixdə Sumqayıt 1 nömrəli Notariat ofisində rəsmiləşdirilən H57 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə mübahisəsinin yaranmasına səbəb mərhum atası X1 mülkiyyətində olan bağ evinin qanunsuz olaraq ipoteka ilə yüklü edilməsi ilə bağlı yaranmışdır. Belə ki, hazırkı iş üzrə cavabdeh “xxxxxxxxxx" ASC ilə “X18 Təsərrüfatı" MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə rəsmiləşdirilərək, sonuncuya 7 il müddətinə illik 13% olmaqla 300.000 ABŞ dolları kredit verilmiş, bu kredit müqaviləsinin təminatı olaraq isə digər Cavabdeh1ndə xx xxxxxx 2007-ci il tarixdə H57 nömrəli ipoteka müqaviləsi rəsmiləşdirilərək atasının mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 96,8 kv.m yaşayış sahəsi 86,68 kv.m köməkçi sahədən ibarət B-2201 V nömrəli bağı ipoteka ilə yüklü etmişlər. Maraqlıdır ki, bağ evi ipoteka ilə yüklü edilərkən anası X6 razılıq ərizəsi alınsa da, bu vaxt iddiaçı həmin bağ evində qeydiyyatda olmasa da, atasının həmin mənzili ipoteka ilə yüklü etməkdən onun razılıq ərizəsi alınmamışdır. Bu səbəbdən də onun bağ evinin ipoteka ilə yüklü edilməsindən məlumatı olmamışdır. Bu barədə iddiaçı yalnız bu yaxınlarda icra və probasiya şöbəsindən məlumat aldıqdan sonra xəbərdar olmuşdur. Bundan sonra, iddiaçı evin hansı qaydada ipoteka ilə yüklü edilməsi ilə maraqlanmış və ona məlum olmuşdur ki, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyindən cavabdeh “xxxxxxxxxx” ASC 2016-cı il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Məhz hazırda icraya yönələn də həmin qətnamədir. Təəssüf doğuran hal isə ondan ibarətdir ki, hətta məhkəmə araşdırması zamanı belə iddiaçının hüquqları nəzərə alınmamışdır. Bağlanan ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdir-mədiyini görüb, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ancaq məhkəməyə iddia tələbi ilə bağlı mülahizələrini göndərərək, bildirmişdir ki, adı çəkilən ipoteka müqaviləsi həqiqətən xx.xx.2007-ci ildə Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda rəsmiləşdirilmişdir. İpoteka müqaviləsi rəsmiləşdirilərkən Mülki Qanunvericiliyin və İpoteka haqqında qanunun tələblərinə tam şəkildə əməl edilmişdir. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş bağ evi X2 mülkiyyətində olmuşdur. Daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu maddəsinə əsasən yaşayış sahəsində, bağ evində qeydiyyatda olan ailə üzvlərinin razılığı alınmalıdır. Söhbət rəsmi qeydiyyatdan və istifadə hüququndan gedir. Sənədlərdən görünür ki, İddiaçı İpoteka müqaviləsi rəsmiləşdirilərkən həmin ünvanda qeydiyyatda olmamış və atası ilə birlikdə yaşamamışdır. Bunu özü də təsdiq edir. İddiaçının istinad etdiyi əsaslara gəldikdə isə istər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 maddəsi, istərsə də Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə onun hüquqları arasında heç bir bağlılıq yoxdur. Onun bu əmlaka heç bir hüququ olmamışdır. İddia ərizəsində bir sıra digər ziddiyyətli əsaslar da vardır ki, onlara toxunmağı lüzumsuz hesab edir. Həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 271.1 və 158.2 və 158.4 maddələrinin şərhi ilə əlaqədar qərarında bir mənalı olaraq deyilir ki, İpoteka Müqaviləsi bağlanan zaman hətta mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığının alınmaması ipoteka müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. İddiaçı isə müqavilə bağlanmamışdan çox əvvəl artıq mülkiyyətçinin ailə üzvü kimi onunla birlikdə yaşamaması onun şəxsiyyət vəsiqəsindəki qeydiyyatdan və iddia ərizəsindən görünür Həmçinin qeyd etmək lazımdır ki, Mənzil Məcəlləsinin 30.4 maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verilmiş ailə üzvlərinin həmin yaşayış sahəsinə istifadə hüququ saxlanılmır. İddiaçı bütün hallarda qanunun onun əleyhinə olan hissələrini özxeyrinə təfsir etməyə çalışsa da, bağ evinə heç bir istifadə hüququ yoxdur və ola da bilməzdi. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)- 338/2016 saylı qətnaməsinə əsaəsn cavabdeh (borclu) “X18 Təsərrüfatı” MMC-dən Cavabdeh2 ASC-nin xeyrinə 178 690 (bir yüz yetmiş səkkiz min altı yüz doxsan ABŞ dolları) ABŞ dolları əsas borc, 74 963,59 (yetmiş dörd min doqquz yüz altmış üç ABŞ dolları, əlli doqquz sent) ABŞ dolları faiz borcu, cəmi 253 653,59 (iki yüz əlli üç altı yüz əlli doqquz ABŞ dolları, əlli doqquz sent) ABŞ dolları borc ödəniş günü manata məzənnə ilə manatlavə ödənilmiş 30 manat dövlət rüsumu tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş X9 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1518 ha torpaq sahəsində yerləşən, 49 nömrəli evin, 5 mərtəbəli binada, 2-ci mərtəbəsində, 60.1 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzilə, X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.0696 ha torpaq sahəsində yerləşən, 16 nömrəli evin, 5 mərtəbəli binada, 5-ci mərtəbəsində, 45.3 kv.m ümumi, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzilə və X3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96.8 kv.m yaşayış, 86.65 kv.m köməkçi sahədən ibarət B-2201 nömrəli bağ evinəyönəldilməsi, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1518 ha torpaq sahəsində yerləşən, 49 nömrəli evin, 5 mərtəbəli binada, 2-ci mərtəbəsində, 60.1 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 90 000 (doxsan min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.0696 ha torpaq sahəsində yerləşən, 16 nömrəli evin, 5 mərtəbəli binada, 5-ci mərtəbəsində, 45.3 kv.m ümumi, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat və Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96.8 kv.m yaşayış, 86.65 kv.m köməkçi sahədən ibarət B-2201 nömrəli bağ evinin açıq hərracda ilkin satış qiyməti 165 000 (bir yüz altmış beş min) manat müəyyən edilməli, mənzillər və bağ evi satılmalı və ondan əldə ediləcək vəsait cavabdeh “X18 Təsərrüfatı” MMC-nin banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ müvafiq olaraq cavabdehlər X4, X9, X3 qaytarılmalı, mənzillər və bağ evi hərracdan satıldıqdan bir ay sonra cavabdehlər oranı bir ay ərzində tərk etməlidirlər. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-12545/2019 nömrəli qtənaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)- 338/2016 saylı qətnaməsi apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 ASC-nin “Dostluq” filialı ilə ipoteka qoyan X5, borcalan “X18 Təsərrüfatı” MMC-i arasında bağlanmış xx.xx.2008-ci il tarixli, xx.xx.2007-ci il tarixli H57 nömrəli ipoteka müqaviləsinə Əlavə 1-dən görünür ki, Cavabdeh2 ASC-nin “Dostluq” filialı ilə “X18 Təsərrüfatı” MMC-nin direktoru X7 arasında bağlanmış № H58 KTN nömrəli, xx xxx 2008ci il tarixli kredit müqaviləsinin təminatı qismində X3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96,8 kv.m yaşayış, 85,65 kv.m köməkçi sahədən ibarət B-2201V №-li bağ evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və iddia tələbini iddiaçı ərizəsində göstərdiyi xüsusatlarla əsaslandırmış, qeyd etdiyi əsaslara görə ipoteka müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Hazırkı mülki işdən görünür ki, iddiaçının ipoteka müqaviləsi rəsmiləşdirilərkən həmin bağ evində qeydiyyatı olmamış, bu faktı özü də iddia ərizəsində qeyd etmişdir. Məhkəmə göstərilənlərə əsasən bildirir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan hallar mövcud olmadığından iddia tələbi əsassızdır, bu səbəbdən də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, bununla bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2698/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2698/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver