Məhkəmə qərarları › İş №2(005)-2762/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2762/2024

29.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2762/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi (atası) X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyaları və digər əmlakların qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyaları və digər əmlakların qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi dəyəri 21869 manat olan əşyalarının və şəxsi geyim əşyalarının və dövlət rüsumu kimi ödənilmiş 156 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə el adəti ilə toy edərək, ailə qurmuşdur. Həmin vaxt oğlan tərəfin vədlərinə və münasibətlərin müsbət dinamikasına arxeyin olaraq davranmış və rəsmi nikahın bağlanması gününü gözləmişdir. Bu vaxtdan etibarən cavabdehlə birgə yaşamış, birgə nikahdan uşaq olmamışdır. Birgə yaşadıqları üçün toydan sonra cavabdehə məxsus ünvan 1 ünvanına köçmüş, özü ilə cehiz və şəxsi əşyalarını aparmışdır. Cehiz əşyaları valideynlərinin hesabına alınaraq, ona hədiyyə edilmişdir. Lakin cavabdehin dözülməz xasiyyəti, ona şiddət göstərməsi və nalayiq davranışları səbəbindən faktiki olaraq cavabdehdən ayrılmış və atası evinə qayıtmışdır. Hazırda cavabdeh qeyd olunan ünvanda saxlanılan əmlaklarını vermir və əsassız olaraq mənimsəmişdir. Həmin əşyalar aşağıdakılardır: 1- dəyəri 4500 manat olan “Veqa” yataq dəsti (2,5 m. Şifover, 2-tunboçka, güzgülü kamot, kardelen pedli qoşa yataq), 2- dəyəri 2100 manat olan “Halic” qonaq dəstinin 6 stullu masası, 3- dəyəri 2000 manat olan “Halic” qonaq dəstinin TV stendi divar asmaları, 4- dəyəri 2300 manat olan “Buta” divandəsti, dəri parçalı 2 yastıqlı 2 kreslolu, 5- dəyəri 300 manat olan xalça 2x3 m ölçüdə, 6- dəyəri 100 manat olan xalça 2 ədəd 0,8x2 ölçüdə, 7- dəyəri 1200 manat olan “Samsunq RT43K 6000 S8WT” markalı soyuducu, 8- dəyəri 900 manat olan “Hotpoint ariston NS 743 U GG” markalı paltaryuyan, 9- dəyəri 920 manat olan “LG” markalı televizor, 10- dəyəri 190 manat olan “İtimat Firin” 40 litrlik-2 gözlü, 11dəyəri 150 manat olan “evrolux” markalı tozsoran, 12- dəyəri 80 manat olan “Tefal” markalı ütü, 13- dəyəri 35 manat olan divar saatı-1 ədəd, 14- dəyəri 169 manat olan “Zimmer” markalı ətçəkən maşın, 15- dəyəri 150 manat olan “Kenwood” markalı qırmızı çaydan, 16dəyəri 175 manat olan 2 ədəd qonaq otağı üçün lüstr, 17- dəyəri 160 manat olan yataq otağı üçün lüstr, 18- dəyəri 240 manat olan qazan dəsti 6-lı və dəyəri 450 manat olan servis 12 nəfərlik qonaq dəsti, 19- dəyəri 200 manat olan “Silver SL 63-02” markalı qaraqırmızı rəngli mikser xəmir qarışdıran, 20- dəyəri 300 manat olan qaşıq və çəngəl dəsti 12 nəfərlik çamadan, 21- dəyəri 1000 manat olan qab, qacaq, ütü masası, digər ev əşyaları və dəyəri 600 manat olan digər qab qacaq və mətbəx əşyaları, 22- dəyəri 1000 manat olan digər yataq dəstləri 8 ədəd açılmamış (yastıq, yorğan, döşək), 23- dəyəri 1000 manat olan ev üçün suvenirlər (şamdamlar, vazalar, gümüş vaza dəsti), 24- dəyəri 650 manat olan şəxsi əşyaları (çanta 8 ədəd, 8 ayaqqabı, 1 çəkmə), 25- dəyəri 1000 manat olan şəxsi geyimlər (şalvarlar, donlar, koftalar, pencəklər və sair). Daha sonra iddia tələbinə əlavəyə dair ərizə verərək, Cavabdeh ümumi dəyəri 21869 manat olan əşyalarının, şəxsi geyim əşyalarının, dövlət rüsumu kimi ödənilmiş 171 manat məbləğində pulun və hüquqi yardıma görə ödənilmiş 520 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi (atası) X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdilər ki, iddia ərizəsində qeyd olunan mebel və məişətdə istifadə olunan əşyalar hazırda da cavabdehin yaşadığı mənzildədir, lakin bəzi əşyalar cavabdeh almışdır. İddiaçı istənilən vaxt ona aid əşyaları götürə bilər. Sonda məhkəmədən bunların nəzərə alınmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdə müxtəlif mebel, məişət və eletron cihazlar əks edilmişdir; “Saloğlu” şirkətinin qəbzinin surətindən görünür ki, toplam dəyəri 8600 manat dəyərində olan “Veqa” yataq dəsti, “Halic” qonaq dəsti, Furkan kardelen pedli Pərviz Bəşirova satılmışdır. xx.xx.2023-cü il tarixli, 1138 nömrəli Sifariş blankının surətindən görünür ki, “Buta” markalı divan və kreslo Gülarə Qədirbəyova küçəsi 63A, mənzil 59 ünvanına çatdırılmış, müştəri adı “Arzu”, dəyəri 2300 manat qeyd edilmişdir; "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli qəbzinin surətindən görünür ki, “Kenwood” markalı qırmızı çaydan 74,95 manata, “Zimmer” markalı ətçəkən maşın 84,9 manata satılmışdır; "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli qəbzinin surətindən görünür ki, 2 ədəd Samsung markalı soyuducu üçün hər biri 700 manat olmaqla, cəmi 1400 manata satılmış, ödəniş 416973***5511 nömrəli bank kart vasitəsi ilə edilmişdir; "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli qəbzinin surətindən görünür ki, “Hotpoint ariston NS 743 U GG” markalı paltaryuyan 499,5 manata satılmış, ödəniş 454667***7353 nömrəli bank kart vasitəsi ilə edilmişdir; 416973***5511 nömrəli bank kartının fotoşəkilindən görünür ki, kartın sahibi kimi “Bashirov Parviz” qeyd edilmişdir; 454667***7353 nömrəli bank kartından çıxarışdan görünür ki, kartın sahibi kimi “X2” qeyd edilmişdir; Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi əşyalar aşağıdakılardır: 1- dəyəri 4500 manat olan “Veqa” yataq dəsti (2,5 m. Şifover, 2-tunboçka, güzgülü kamot, kardelen pedli qoşa yataq), 2- dəyəri 2100 manat olan “Halic” qonaq dəstinin 6 stullu masası, 3- dəyəri 2000 manat olan “Halic” qonaq dəstinin TV stendi divar asmaları, 4- dəyəri 2300 manat olan “Buta” divandəsti, dəri parçalı 2 yastıqlı 2 kreslolu, 5- dəyəri 300 manat olan xalça 2x3 m ölçüdə, 6- dəyəri 100 manat olan xalça 2 ədəd 0,8x2 ölçüdə, 7- dəyəri 1200 manat olan “Samsunq RT43K 6000 S8WT” markalı soyuducu, 8- dəyəri 900 manat olan “Hotpoint ariston NS 743 U GG” markalı paltaryuyan, 9- dəyəri 920 manat olan “LG” markalı televizor, 10- dəyəri 190 manat olan “İtimat Firin” 40 litrlik-2 gözlü, 11dəyəri 150 manat olan “evrolux” markalı tozsoran, 12- dəyəri 80 manat olan “Tefal” markalı ütü, 13- dəyəri 35 manat olan divar saatı-1 ədəd, 14- dəyəri 169 manat olan “Zimmer” markalı ətçəkən maşın, 15- dəyəri 150 manat olan “Kenwood” markalı qırmızı çaydan, 16dəyəri 175 manat olan 2 ədəd qonaq otağı üçün lüstr, 17- dəyəri 160 manat olan yataq otağı üçün lüstr, 18- dəyəri 240 manat olan qazan dəsti 6-lı və dəyəri 450 manat olan servis 12 nəfərlik qonaq dəsti, 19- dəyəri 200 manat olan “Silver SL 63-02” markalı qaraqırmızı rəngli mikser xəmir qarışdıran, 20- dəyəri 300 manat olan qaşıq və çəngəl dəsti 12 nəfərlik çamadan, 21- dəyəri 1000 manat olan qab, qacaq, ütü masası, digər ev əşyaları və dəyəri 600 manat olan digər qab qacaq və mətbəx əşyaları, 22- dəyəri 1000 manat olan digər yataq dəstləri 8 ədəd açılmamış (yastıq, yorğan, döşək), 23- dəyəri 1000 manat olan ev üçün suvenirlər (şamdamlar, vazalar, gümüş vaza dəsti), 24- dəyəri 650 manat olan şəxsi əşyaları (çanta 8 ədəd, 8 ayaqqabı, 1 çəkmə), 25- dəyəri 1000 manat olan şəxsi geyimlər (şalvarlar, donlar, koftalar, pencəklər və sair). İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər xx.xx.2023-cü il tarixdə nikah münasibətlərinə daxil olmuşlar. Bir müddət keçdikdən sonra aralarında olan münasibət pozulmuş, iddiaçı yaşadığı evi tərk etmişdir. Hazırda tərəflər ayrı yaşayırlar. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus əşyaların cavabdehin yaşadığı mənzildə qaldığını, cavabdehin onları könüllü şəkildə təhvil verməkdən imtina etdiyini bildirərək, əşyalarının qaytarılmasını tələb edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 157.1, 157.2, 157.4 və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə hesab edir ki, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. Cavabdeh tərəfindən iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının onda qalması etiraf olunmamışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının hamısının mövcudluğunu mübahisələndirməsə də, cavabdehin mövqeyinə görə həmin qızıl-zinət əşyaları iddiaçının özündədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğu, həmin əşyaların iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz sahibliyində olması və bununla da iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olması halının sübut etmə vəzifəsi iddiaçıya aiddir. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Mülki iş üzrə mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçıya məxsus əşyaların qanunsuz olaraq ondan götürülüb-götürülməməsidir. Qeyd edilən halı da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət, cehiz əşyaları və avtomobilindən məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının cehiz əmlakları ilə bağlı tələbinin bir hissəsi faktiki olaraq cavabdeh tərəfindən etiraf olunduğundan həmin hissənin iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Mənzildə mövcud olmadığı, iddiaçı tərəfindən məhv edilmiş və ya cavabdeh tərəfindən dəyəri ödənilmiş əmlaklar barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməyən əşyaların qaytarılmasına dair iddia tələbi isə dəyəri 920 manat olan “LG” markalı televizor, dəyəri 190 manat olan “İtimat Firin” 40 litrlik-2 gözlü, dəyəri 150 manat olan “evrolux” markalı tozsoran, dəyəri 80 manat olan “Tefal” markalı ütü, dəyəri 35 manat olan divar saatı-1 ədəd, dəyəri 175 manat olan 2 ədəd qonaq otağı üçün lüstr, dəyəri 160 manat olan yataq otağı üçün lüstr, dəyəri 240 manat olan qazan dəsti 6-lı və dəyəri 450 manat olan servis 12 nəfərlik qonaq dəsti, dəyəri 200 manat olan “Silver SL 63-02” markalı qara-qırmızı rəngli mikser xəmir qarışdıran, dəyəri 300 manat olan qaşıq və çəngəl dəsti 12 nəfərlik çamadan, dəyəri 1000 manat olan qab, qacaq, ütü masası, digər ev əşyaları və dəyəri 600 manat olan digər qab qacaq və mətbəx əşyaları, dəyəri 1000 manat olan digər yataq dəstləri 8 ədəd açılmamış (yastıq, yorğan, döşək), ev üçün suvenirlər (şamdamlar, gümüş vaza dəsti), 24- dəyəri 650 manat olan şəxsi əşyaları (çanta 8 ədəd, 8 ayaqqabı, 1 çəkmə), 25- dəyəri 1000 manat olan şəxsi geyimlər (şalvarlar, donlar, koftalar, pencəklər və sair) rədd edilməlidir. Məhkəmə iddia tələbinin “dəyəri 1200 manat olan “Samsunq RT43K 6000 S8WT” markalı soyuducu, dəyəri 900 manat olan “Hotpoint ariston NS 743 U GG” markalı paltaryuyan, dəyəri 169 manat olan “Zimmer” markalı ətçəkən maşın, dəyəri 150 manat olan “Kenwood” markalı qırmızı çaydan” adlı əşyalarla əlaqədar qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, həmin əşyaların alınmasına dair qəbzlər və ödənil edilmiş bank kartının iddiaçının atasına məxsus olması barədə sübutlar təqdim edilmiş, həmin sübutlar ona dəlalət edir ki, qeyd edilən əşyalar iddiaçının atası tərəfindən alınmışdır. Lakin qəbzlərdə əşyaların məbləğləri iddia tələbindən fərqlidir. Belə ki, “Samsunq RT43K 6000 S8WT” markalı soyuducunun birinin dəyəri 700 manat, “Hotpoint ariston NS 743 U GG” markalı paltaryuyanın dəyəri 499,5, “Zimmer” markalı ətçəkən maşının dəyəri 84,5 manat, “Kenwood” markalı qırmızı çaydanın dəyəri 74,95 manat olduğu qəbzlərlə müəyyən edilmişdir. Odur ki, həmin əşyaların dəyəri qəbzlərdə qeyd edilən kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları - cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona məxsus olan əşyaları üzərində faktiki sahiblikdən məhrum olmasını və həmin əşyaların cavabdehin sahibliyində olmasını sübut edə bilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı cavabdehlə birgə yaşadığı və mübahisə predmeti olan əşyaların yerləşdiyi mənzili öz iradəsi ilə tərk etmiş, hər hansı zor tətbiq edilməmiş, tərk edərkən şəxsi əşyaları (çanta 8 ədəd, 8 ayaqqabı, 1 çəkmə) və şəxsi geyimləri (şalvarlar, donlar, koftalar, pencəklər və sair) özü ilə aparmasına hər hansı maneə yaradılmamışdır. Cavabdeh tərəf iddianın böyük qismini etiraf etmiş, lakin qalan əşyaların iddiaçının özü ilə aparmasını, mövcüd olmamasını və ya özü aldığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki halları ilə dəyəri 100 manat olan xalça 2 ədəd 0,8x2 ölçüdə, dəyəri 4500 manat olan “Veqa” yataq dəsti (2,5 m. Şifover, 2-tunboçka, güzgülü kamot, kardelen pedli qoşa yataq), dəyəri 2100 manat olan “Halic” qonaq dəstinin 6 stullu masası, dəyəri 2000 manat olan “Halic” qonaq dəstinin TV stendi divar asmaları, dəyəri 2300 manat olan “Buta” divandəsti, dəri parçalı 2 yastıqlı 2 kreslolu, dəyəri 300 manat olan xalça 2x3 m ölçüdə, ev üçün suvenir (vaza) iddiaçının gəlin köçdüyü, eləcə də Cavabdeh faktiki yaşadığı, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi 63A, 59 nömrəli mənzildə saxlanıldığı mübahisə edilmir. Cavabdeh tərəf bu halı məhkəmədə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat pulun cavabdehdən tutulması hissələrində də iddia tələbi qismən əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 300 manat pulun ağlabatan məbləğ olduğunu və cavabdehin öhdəliyin icra edilməməsi nəticəsində iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 171 manatın, yarısı, yəni 85,5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, qətnamənin nəticə hissəsində adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia digər hissədə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. Həmçinin əşyaların iddia ərizəsində göstərilən dəyəri ilə bağlı qeyd edilməlidir ki, həmin məbləğlər hazırki bazar qiymətləri nəzərə alınmaqla məntiqli və ağlabatandır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 222.1, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri Cavabdeh, sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi 63A, 59 nömrəli mənzildə yerləşən dəyəri 700 manat olan “Samsunq RT43K 6000 S8WT” markalı soyuducu, dəyəri 499,5 manat olan “Hotpoint ariston NS 743 U GG” markalı paltaryuyan, dəyəri 84,5 manat olan “Zimmer” markalı ətçəkən maşın, dəyəri 74,95 manat olan “Kenwood” markalı qırmızı çaydan, dəyəri 100 manat olan xalça 2 ədəd 0,8x2 ölçüdə, dəyəri 4500 manat olan “Veqa” yataq dəsti (2,5 m. Şifover, 2-tunboçka, güzgülü kamot, kardelen pedli qoşa yataq), dəyəri 2100 manat olan “Halic” qonaq dəstinin 6 stullu masası, dəyəri 2000 manat olan “Halic” qonaq dəstinin TV stendi divar asmaları, dəyəri 2300 manat olan “Buta” divandəsti, dəri parçalı 2 yastıqlı 2 kreslolu, dəyəri 300 manat olan xalça 2x3 m ölçüdə, ev üçün suvenir (vaza) alınaraq İddiaçı verilsin. Hüquqi yardıma görə ödənilmiş 520 manatın 300 manatı və dövlət rüsumu kimi ödənilmiş 171 manatın 85,5 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar