Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2765/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh “X3 İnşaat” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X3 İnşaat” MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3 İnşaat” MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 İnşaat” MMC-nin əmək qanunvericiliyini pozaraq ona vaxtında xəbərdarlıq etmədiyi və son haqq-hesabı gecikdirdiyi üçün məsuliyyətə cəlb olunması, maddi və mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın cavabdehdən tutulması, Əmək Məcəlləsinin 77 və 109 maddələrinin pozulması ilə inzibati xəta tərkibinə görə cavabdehin cəzalandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə cavabdeh şirkətdə usta vəzifəsində işə başlamışdır. xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndi ilə xitam verilmişdir. Qanunvericiliyə əsasən əmək müqaviləsinə xitam verilməsinə ən azı 1 təqvim ayı əvvəldən işçiyə yazılı formada xəbərdarlıq edilməlidir. Lakin cavabdeh buna riayət etməmişdir. Son haqq-hesabı xx.xx.2025-ci il tarixdə bank kartına köçürülmüş, yəni 3 gün gecikmə ilə ödənilmişdir. Daha sonra iddia tələbinə əlavə ərizə təqdim edərək, cavabdeh Koray Kılıç tərəfindən ona 11 ay üçün toplam 13723,04 manat artıq iş saatlarının ikiqat ödəniş kimi verilməsi və məhkəmə xərcəlirinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Türkiyə Respublikasına getmiş və sentyabr ayının sonunda gələcəyi üçün məhkəmə iclasında iştirak etməsi mümkün olmayacaqdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X3 İnşaat” MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır İş materiallarından olan və məhkəmə bахışı zаmаnı tədqiq еdilmiş: “X3 İnşaat” MMC-nin İddiaçı ilə arasında bаğlаnmış əmək müqaviləsinin elektron çıxarışından görünür ki, iddiаçı cаvаbdеh MMC-yə tikinti izrə ustа vəzifəsinə işə götürülmüş, əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış və xx.xx.2025-ci il tarixdə xitam verilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “X3 İnşaat” MMC xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; Nərimanov Rayon Məhkəməsinin 3(005)-1640/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1200 manat cərimə edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş ve inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; “X3 İnşaat” MMC-nin İddiaçı ünvanladığı xəbərdarlıq (bildiriş) məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə iş həcminin azalması ilə əlaqədar ixtisar olunması 4 təqvim həftəsi əvvəl xəbərdar olunmuş, bildirişi İddiaçı imzalayaraq, tanış olmuşdur. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 157.3-cü maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşin аrаşdırılmış hаllаrı ilə müəyyən еdilmişdir ki, İddiaçı ilə “X4 İnşaat” MMC arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanılmışdır. Həmin əmək müqaviləsinə əsasən işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq iş qrafiki olmuş (həftənin beş günü iş saatı 10:00-18:00, nahar vaxtı 13:00-14:00, şənbə günü 10:00-16:00) və əməyinin ödənilməsi forması vaxtamuzd olmaqla, şirkətdə tikinti üzrə usta vəzifəsində xx.xx.2024-cü il tarixdən işə başlamışdır. Daha sonra, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiаçının əmək müqaviləsinə xitam verilmişdir. Hаzırdа iddiаçı hər ay artıq işlədiyinə baxmayaraq, bu saatların ödənişi həyata keçirilməməsini iddiа еdərək artıq işlədiyi saatların qanuni ödənişinin təmin edilməsi, əmək hüquqlarının pozulmasına görə cavabdehin məsuliyyətə cəlb olunmalı оlmаsını iddiа еtmişdir. Məhkəmə hеsаb еdir ki, iddiaçının iddiаsını müdаfiə еdərək vеrdiyi izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. İddiaçı artıq işləməsini sübut edəcək faktları və dəlilləri məhkəməyə təqdim etməmiş, həmçinin cavabdeh bu halı təsdim etməmişdir. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddianın əmək müqaviləsinə xitam verilərkən prosessual pozuntulara yol verilməsi hissəsində qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya xəbərdarlıq məktubu ünvanlanmışdır. Həmin məktubda iddiaçı arasında bağlanmış müqaviləyə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi 4 təqvim həftəsi əvvəl xəbərdar edilmiş və iddiaçı məktub ilə tanış olaraq imzalamışdır. Görünüdüyü kimi cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən, əmək qanunvericliyinin tələbləri pozulmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi. Məhkəmə iddia tələbinin “son haqq-hesabı gecikdirdiyi üçün məsuliyyətə cəlb olunması” hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 3(005)-1640/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X2 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1200 manat cərimə edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş ve inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi qeyd olunan məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və həmin halın mülki icraat zamanı və ümumiyyətlə yenidən mübahisələndirilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iddia tələbinin qalan hissələri ilə bağlı qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi iddiaçının artıq işlədiyi vaxt üçün və sair hissələrində əsassız olduğundan, iddiaya qalan hissələrdə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən iddia tələbi həmin hissələrdə də əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Məhkəmə qеyd еdir ki ,hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsаsən məhkəmə hеsаb еdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və bеləliklə də iddiаçının artıq işlədiyi saatların qanuni ödənişinin təmin edilməsi, еləcə də əmək hüquqlarının pozulmasına görə cavabdehin məsuliyyətə cəlb olunması qаldırılmış iddiаsı əsаssız оlduğundаn təmin еdilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya xərci ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddələsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh “X3 İnşaat” MMC-nə qarşı əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2765/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2765/2025
17.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver