Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2790/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “alimentin bank hesabına köçürülməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Belə ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən, həmin tələblərə cavab verməli olan “şəxs” müəyyənləşdirilməmiş, iddia ərizəsinin giriş və nəticə hissələrində cavabdehə aid məlumatlar qeyd edilməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) qeyd olunmalıdır. Prossesual normanın tələblərindən müəyyən olunur ki, qanunverici iddia ərizəsini adi ərizələrdən fərqləndirmiş, bu ərizə növünün mümkünlüyünü onun qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilməsi ilə bağlı etmişdir. İddiaçı məhkəməyə daxil olmuş ərizəsində cavabdeh düzgün müəyyən edilməmiş, bununla da cavabdehin eyniləşdirmə məlumatları, olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatlar öz əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 08 dekabr 2023-cü il tarixli qərardadına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. 7 Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki halda məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə olan tələb ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Belə olan halda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən, qanunvericilikdə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, qaytarılır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı “alimentin bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2790/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2790/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver