Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2791/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X3, İlkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment məbləğinin azaldılması, əlavə xərcin ödənilməsinə xitam verilməsi və s” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qızına qarşı “aliment məbləğinin azaldılması, əlavə xərcin ödənilməsinə xitam verilməsi və. s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 525/2020 №-li, 07.01.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xeyrinə övldalarının yetkinlik yaşına çatmalarına kimi saxlanması üçün ondan hər ay tutulan alimentin miqdarının azaldımasını və iddiaçıdan Cavabdeh xeyrinə 27.02.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatmasına kimi saxlanması üçün hər ay gəlirinin ¼ hissəsi qədər aliment tutulmasına dair qətnamə qəbul edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh xeyrinə 27.02.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatmasına kimi saxlanması üçün hər ay cavabdehin gəlirinin ¼ hissəsi qədər aliment tutulması, eyni zamanda 21.12.2002-ci il təvəllüdlü əmək qabliyyəti olmayan X1 üçün hər ay cavabdehdən 2000 (iki min) azn məbləğində aliment və 400 (dörd yüz) azn əlavə xərc tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 31 may 2021-ci il tarixli məhkəmə baxış iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-525/2020 №-li, 07.01.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə övladlarının yetkinlik yaşına çatmalarına kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarının azaldılması, 21.12.2002-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə 200 manat məbləğində əlavə xərcin ödənilməsinə xitam verilməsi və ondan Cavabdeh xeyrinə 27.02.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatmasına kimi saxlanması üçün hər ay gəlirinin ¼ hissəsi qədər aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-525/2020 №li, 07.01.2020-ci il tarixli qətnaməsinə əsasən 27.11.2019-cu il tarixdən başlayaraq iddiaçıdan 21.12.2002-cİ il təvəllüdlü oğlu X14 və 27.02.2009-cu il təvəllüdlü oğlu X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay gəlirinin 1/3 hissəsi qədər aliment və 200 manat məbləğində əlavə xərcin sabiq arvadı Cavabdeh (bundan sonra-cavabdeh adlanır) xeyirinə tutulmasına qərar verilmişdir. 27.11.2020-ci il tarixdə X8 18 yaşı tamam olmuşdur və o, yetkinlik yaşına çatmış sayılır. Bu səbəbdən Cavabdehin himayəsində yetkinlik yaşına çatmayan təkcə X17 qalır. X8 yetkinik yaşına çatmasına baxmayaraq gəlirinin 1/3 hissəsinin bu günə kimi cavabdehin xeyirinə tutulmasına davam edilir ki, bu Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 76.1.1.-ci maddəsi ilə bir uşağın saxlanması üçün nəzərdə tutulmuş miqdardan çoxdur. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra cavabdeh) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızma (bundan sonra iddiaçı) qarşı aliment miqdarının azaldılması haqqında iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbində tərəflərin 2 uşağından biri olan X8 18 yaşı tamam olmasına görə və bununla da ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh himayəsində yetkinlik yaşına çatmayan yalnız X10 qaldığını əsas gətirilərək hər ay tutulan aliment miqdarının azaldılması və iddiaçının xeyrinə 27.02.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatmasına kimi saxlanması üçün hər ay cavabdehin gəlirinin ¼ hissəsi qədər aliment tutulması istənmişdir. Ailənin böyük övladı 21.12.2002-ci il təvəllüdlü X15 (hansına görə ki, yetkinlik yaşına çatdığı əsası ilə ona görə ödənilən alimentdən cavabdeh azad olaraq alimentin azaldılmasını istəyir) 1-ci qrup əlildir. Əmək qabiliyyəti yoxdur (əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). O, ən ağır dərəcəli autizm və əqli gerilik sindromundan əziyyət çəkir ki, bu xəstəlik də çox təəssüf ki, sağalmazdır. Belə ki, uşaq özünü idarə edə, danışa, ona verilmiş tapşırıqlara adekvat reaksiya göstərə bilmir və daima baxıma, xüsusi qulluğa ehtiyacı vardır. Xüsusilə qeyd etməkdə fayda var ki, həmişə həyatı üçün təhlükəli əşyalara toxunma riski böyük olduğu üçün uşağı bir an belə olsun diqqətdən kənarda qoymaq mümkün deyildir. Təbi ki, bu kimi uşaqlara daima psixoloq və xüsusi pedaqoqlar tərəfindən nəzarət lazım olur və X15 da istisnasız, mütəmadi olaraq psixoloq və xüsusi pedaqoqlar tərəfindən nəzarət altında saxlanılır. Təkcə psixoloq və xüsusi pedaqoq dəstəyi üçün aylıq təxmini 1000-1500 azn civarında (zamana görə dəyişir) pul iddiaçı Cavabdeh tərəfindən uşaq üçün xərclənilir, iddiaçı Sanbəyli Həbibə işlədiyi uşaq üçün individiual baxıcı (dayə) var ki, ona da aylıq 400 azn ödənilir. Bundan başqa uşaq daima paltarlarını və corablarını əlləri ilə didərək cırıb tökür və mübaliğəsiz qeyd olumalıdır ki, hər həftə ona yeni paltarlar alınır. Həmçinin xüsusi yeməklərlə qidalanır, şəxsi gigiyenası başqası tərəfindən həyata keçirilir. Evdə üzünün qırxılmasına imkan vermədiyi üçün ay ərzində azı 8 dəfə bərbərxanaya aparılır. Həmçinin, Fəridin sağlamlıq durumu ilə bağlı onu mütəmadi açıq havaya, parklara aparmaq lazım olur. Bu isə təbii ki, müəyyən izafi xərclərə yol içir. Orucov Fəridin yaşı artdıqca bu xərclər və çəkilən əziyyət, çətinlik də düz mütənasib olaraq artır. İddiaçı Cavabdeh bir ana kimi bütün yükü çəkir. Böyük maddi vəsaitdən başqa ondan heç də geri qalmayan mənəvi ağırlıq da ananın üzərindədir. İlkin iddia tələbinə qarşı tərəf etiraz təqdim edərək göstərmişdir ki, X14 doğuşdan etibarən ağır autizm, ağır kəmağıllıq, autizm, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitqin və digər davranış pozğunluqları olan ağır xəstədir, daima kənar şəxsin qulluğuna ehtiyacı var, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsizdir. Birinci dərəcəli əlildir və əmək qabiliyyəti yoxdur. (22.01.2021 tarixli Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəsilə bağlı elektron arayış) AR Ailə Məcəlləsinin (AM) 80-cı və 81-ci maddələrinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqlan nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bundan başqa, iddiaçı ərizəsində X2 üçün hər ay Cavabdeh xeyrinə 200 manat məbləğində əlavə xərcin ödənilməsinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bu tamamilə əsassızdır. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında göstərilir ki, əlavə xərclər şəxsin birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1 -ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Buradan da aydın görünür ki, Fəridin yetkinlik yaşına çatması ilə əlavə xərclərin dayandırılması xahişi absurddur. KM Plenumunun qərarı aydın izah edir ki, əlavə xərclər şəxsin sağlamlıq durumu və bununla birbaşa bağlı olaraq maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Fərid kimi analoji xəstələrin sağalması və ya ən azından əmək qabiliyyətinin qismən bərpa olunması üçün qarşılıqlı iddia ərizəsində göstərdiyimiz tibbi-psixoloji prosedurlarin keçirilməsi labüddür. “Xüsusi qayğıya ehtiyacı olan şəxslərin psixiloji reabilitasiya Mərkəzi”-nin təqdim etdiyi arayış və tibb elmi bunu təsdiqləyir. Əks halda Oruclu Fərid üçün onsuz da özü və ailəsi üçün olan ağır olan həyatı faciəvi sonluqla bitə bilər. Bu təhlükənin qarşısını isə yalnız onun atası - İddiaçı tərəfindən qarşılıqlı iddia ərizəmizdə göstərilən miqdarda alimentin və əlavə xərclərin tutulması ala bilər. Xoşbəxtlikdən “Holcim” şirkətində rəhbər vəzifədə çalışan İddiaçı bu vəsaiti ödəmək üçün kifayət olduğundan qat-qat artıq maddi imkanı və qazancı vardır. Boşandıqdan sonra yeni ili Dubayda qarşılayan, tez-tez xarici ölkələrə səfər edən (heç biri iş səfərləri deyil) İddiaçı istirahət hüququ olduğu kimi onun övladlarını, xüsusilə də əmək qabiliyyəti olmayan, ağır xəstə olan Oruclu Fəridi saxlamaq vəzifəsi də vardır. Həmçinin qarşılıqlı iddia ərizəsinə ilkin iddiaçı tərəf etiraz təqdim edərək göstərmişdir ki, 27.11.2020-ci il tarixdə X8 18 yaşı tamam olmuşdur və o, yetkinlik yaşına çatmış sayılır. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Ailə Məcəlləsinin qeyd olunmuş maddələri valideyinlərin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarının saxlamaq vəzifəsini nəzərdə tutur. Ailə Məcəlləsinin bu maddələrində müəyyən olunmuş öhdəliklər hər iki valideyinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarnın şərh edilməsinə dair 27.01.2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideyinlərin yetkinlik yaşına çatmış övladlarının saxlanması üçün çəkilməsi zəruri olan xərclərə cəlb edilməsi barədə məhkəməyə müraciət edən şəxs çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Qarşılıqlı iddiada tələb olunan məbləğlər heç bir sübutla əsaslandırılmamışdır və ilkin iddiaçıdan tələb olunan məbləğlər anlaşılmazdır. Konstitusiya Məhkəməsinin Plenumunun 27.01.2015-ci il tarixli qərarında xüsusilə qeyd olunur ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədiyi halda yetkinlik yaşına çatmış övlad özü məhkəmədə iddia qaldıra bilər. Konstitusiya Məhkəməsinin plenumu öz qərarında xüsusilə qeyd etmişdir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladının özü tərəfindən həyata keçirilməlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 28.2.-ci maddəsinə uyğun olaraq fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-nin 28.8.ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər yalnız məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş qətnaməsi olduqda onlar üzərində qəyyumluq müəyyənləşdirilir. X8 mülki hüquq və/və ya mülki prosessual fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qanuni qüvvəyə minmiş qətnaməsi yoxdur. İddiaçı hər iki övladlannın saxlanılmasında hər zaman könüllü iştirak etmişdir və iştirak etməyə davam edir. Boşanmadan sonra iddiaçı cavabdehə yüksək məbləğdə aliment ödəməklə yanaşı övladlarının saxlanması üçün digər xərcləri qarşılayıb və bu günə kimi davam edir. İddiaçı övladının saxlanması xərclərinin ödənilməsində könüllü iştirak etdiyi üçün iddia tələbinin əsası ümumiyyətlə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-nin 217.3.-cü maddəsinə əsasən məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X4 iddia və etiraz ərizəsi ilə eyni məzmunlu ifadə verib ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “aliment məbləğinin azaldılması, əlavə xərcin ödənilməsinə xitam verilməsi və s” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsini və ilkin iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X13 öz iddia tələbinə və etirazına uyğun izahat verərərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin və əlavə xərcin tutulması” tələbinə dair qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini və ilkin iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 30.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-525/2020 saylı 07.01.2020-c il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək 27.11.2019-cu il tarixdən başlayaraq, 21.12.2002-ci il təvəllüdlü X14 və 27.02.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay aylıq gəlirinin 1/3 hissəsi qədər aliment və 200 manat məbləğində əlavə xərc Cavabdeh xeyrinə tutulması qət edilmişdir. AZ İİ № 254825 nömrəli 07.04.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 27.02.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı anası isə Cavabdehdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 942 nömrə ilə qeyd edilmişdir. AZ-İ №306935 nömrəli 01.02.2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 21 dekabr 2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı anası isə Cavabdehdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08 q ilə qeyd edilmişdir. Nərimanov RPİ tərəfindən verilmiş 19.03.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 10.08.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 10.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş və Bakı şəhəri, Ə.Əliyev küç.ev 19, m.29 ünvanında qeydiyyatdadır. 31.05.2021-ci il tarixli məlumat arayışının məzmunundan görünür ki, 22.01.2021-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissyası tərəfindən keçirilmiş müayinədə qoyulmuş qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, utizim əlamətləri ilə nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları diaqnozuna əsasən 31.05.2021-ci il tarixdə X11 məxsus “xüsusi qayğıya ehtiyacı olan şəxslərin psixofizioloji reablitasiya” mərkəzində keçirilmiş dəyərləndirməyə görə həftəlik 45 saat aylıq 180 saat “günlük yaşam” proqramına uyğun olaraq psixoloq, idman, loqoped, pedaqoq, psixopedaqoq, refleksoloq, qrup terapisti və s mütəxəssislərdən reablitasiya prosesi keçməsini zəruri edir. AA2602488 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 21.12.2002-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 1 nömrəli uşaq poliklinkasının 06.10.2007-ci il tarixli epikrizin surətindən görünür ki, Ə.Əliyev küçəsi, ev 19, mənzil 29 ünvanında qeydiyyarda olan 21.12.2002-ci il təvəllüdlü X12 ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu diqanozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, 21.12.2002-ci il təvəllüdlü X12 ağır kəmağıllıq, kəskin imbesillik qulluq və müalicə tələb edən əsas xəstəlik diaqnozu müəyyən edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X12 birinci dərəcəli əlillik verilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda uşaqların yaşı və şəraiti ilə bağlı vəziyyət dəyişildiyindən hər iki iddia tələbinə mövcud olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-525/2020 saylı 07.01.2020-c il tarixli qətnaməsi nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hər iki iddia tələbinə birlikdə hüquqi qiymət verilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin hallarından aydın olur ki, 21.12.2002-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatmışdır. Odur ki, iddiaçı aliment ona münasibətdə deyil, digər 27.02.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, 27.02.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin 4/1 hissəsində tutulması hissəsində ilkin iddia tələbi əsaslıdır. (Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi) 21.12.2002-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatsa belə o, əlildir. Bu hal iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı ilə də təsdiqini tapır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 85.1.2-ci maddəsinə əsasən ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad)nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.” Sadalanan əsaslardan göründüyü kimi əlavə xərc çəkilmiş və gələcəkdə çəkilməli olan xərci ehtiva edir. Bununla belə Ailə Məcəlləsinin 85.1.2-ci maddəsi digər valideynin sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər və arvada aliment tələb etmək hüququnu da vermişdir. Qanunvericliiyin tələblərindən o da aydın olur ki, zəruri vəsaitə malik olan valideyndən alimentin ödənilməsilə bağlı belə tələb Ailə Məcəlləsinin 85.1.2-ci maddəsi nəzərə alınmaqla əsaslı hesab edilə bilər. Məhkəmənin qənaətinə görə cavabdehdən tutulmalı məbləğin 200 manat miqdarında müəyyən edilməsi sağlamlıq imkanları məhdud (İ qrup əlil) 27 noyabr 2019-cu il təvəllüdlü X2 üçün yetərli olacaqdır. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, birdəfəlik əlavə xərc çəkilmiş və gələcəkdə çəkilməsi zəruri olan xərclərlə bağlı halları nəzərdə tutduğundan, qarşılıqlı iddiaçı tərəfindən gələcəkdə çəkilmiş və çəkilməsi nəzərdə tutulan xərcin əsası və məbləği barədə sübutlar təqdim edilmədiyindən əlavə xərclə bağlı hissədə qarşılıqlı iddia əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(005)-525/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilməli, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 27 fevral 2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ümumi olaraq qazncının (başqa gəlirlərin) 4/1 hissəsi və sağlamlıq imkanları məhdud (İ qrup əlil) 27 noyabr 2019-cu il təvəllüdlü X2 üçün 200 manat miqdarında aliment qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(005)- 525/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 27 fevral 2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ümumi olaraq qazancının (başqa gəlirlərin) 4/1 hissəsi və sağlamlıq imkanları məhdud (İ qrup əlil) 27 noyabr 2019-cu il təvəllüdlü X2 üçün hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. İlkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2791/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2791/2021
02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver