Məhkəmə qərarları › İş №2(005)-2795/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2795/2021

05.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2795/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4256,40 manat ödənilməmiş əmək haqqının, gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7920,86 manat ödəncin, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin və mənəvi zərərə görə 5000 manatın, ümumilikdə 19538,26 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 01.06.2017-ci il əmək müqaviləsi ilə "Cavabdeh" MMC-nin İstismar bölməsində Dispetçer vəzifəsində çalışmışdır. 11.12.2020-ci il tarixdə Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcələsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin ona yalnız əmək kitabçası verilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ona verilməmişdir. Bildirmək istəyir ki, cavabdehlə olan əmək müqaviləsinə əsasən əmək haqqı 1075 manat təşkil etmişdir. Həmin məbləğdən məcburi dövlət sosial sığorta haqları və digər ödənişlər çıxıldıqdan sonra əmək haqqı kartına hər ay 965,37 (doqq yüz altmış beş manat otuz yeddi qəpik) manat məbləğində əmək haqqı köçürülmüşdür. Lakin 2020cilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayının işlədiyi günləri üçün əmək haqqı, həmçinin cavabdeh tərəfindən istifadə edilməmiş 75 gün əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmişdir. Onun hesablamalarına əsasən işlədiyi 2020-ci iln avqust (965,37 manat), sentyabr (965,37 manat), oktyabr (965,37 manat), noyabr (965,37 manat) ayları dekabr ayının işlədiyi günləri üçün (965,37\ 22*9=394,92 manat) ümümilikdə 4256,40 manat əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq 2361 manat mənə ödnilməldir. Əmək müqaviləsinə xitam verilməsindən 5 aya yaxın vaxt keçməsinə baxmayaraq Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət edilməmişdir. İşə götürən tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 06.01.2021 və 10.02.2021-ci il tarixli müraciətlər etmişdir. X1 ünvanlanmış 05.03.2021-ci il tarixli məktubunda müraciətlə əlaqədar olaraq cəmiyyətin rəhbəri tərəfindən təqdim edilmiş sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən öz xahişi ilə 11.12.2020-ci il tarixdə xitam verildiyindən məlum olduğu, eyni zamanda həmin sənədlərdən son haq-hesabının ödənilməsində Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozulduğunun müəyyən olunduğu, bu səbəbdən tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 05.03.2021-ci il tarixli MN ******* nömrəli inizbati xəta haqqında protokol tərtib edildiyi, cəmiyyətin rəhbərinə son haqq hesabın ödənilməsi ilə bağlı məktub göndərildiyi bildrilmişdir. Lakin cavabdeh tərəfindən müfəttişliyin məktubundan sonra da son haq-hesab ödənilməmişdir. 08.04.2021-ci il tarixdə tərəfindən yazılı surətdə Cavabdehnə müraciət edərək, ona ödənilməli əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi və ödənişlərin həyata keçiriləcəyi günə qədər gecikdirilmiş hər gün üçün ödənişlərin məbləğinin 1 faiz olmaqla ödəncin hesablanaraq 30.04.2021-ci il tarixinə kimi ona ödənilməsinin təmin edilməsini xahiş etmiş, əks təqdirdə müvafiq ərizə ilə məhkəməyə müraciət edəcəyəni bildirmişdir. Onun hesablarına görə cavabdeh tərəfindən gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə ona 7920,86 manat ödənc verilməlidir. Belə ki, əməkhaqqı aralarında olan razılaşmaya əsasən hər ayın 9-dan gec olmayaraq ödənilməli idi. Cavabdehə ünvanladığı 08.04.2021-ci il tarixli məktubuna cəmiyyət tərəfindən heç bir cavab verilməmişdir. 2020-ci ilin sentyabr ayından bu günə kimi ümümilikdə 8 aydır ki, əmək haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Bununla da ona mənəvi zərər vurulmuşdur. Çünki cavabdeh hərəkətlərinə görə 8 ay müddətdə əmək haqqından məhrum olmuşdur. Bu müddət ərzində bir çox maddi sıxıntılar keçirmişdir. Buna görə də mənəvi sarsıntılar və iztirablar yaşamışdır. Ona dəyən mənəvi zərərə görə cavabdeh tərəfindən ona 5000 manat ödənilməlidir. Pozulmuş əmək hüquqlarının bərpası üçün hazırki idda ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 01.06.2017-ci il tarixdən01.07.2018-ci il tarixədək müddətli əmək müqaviləsi ilə əsas iş yeri üzrə Cavabdehndə dispetçer vəzifəsində işləmişdir. Aylıq əmık haqqı 1075 manatdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 11.12.2020-ci il tarixdə 106 №-li əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilməsi barədə məlumat elektron informasiya sisteminə yerləşdirilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 01.06.2017-ci il tarixdən 21.09.2017-ci il tarixədək Cavabdehndə xidmət rəisi vəzifəsində, 21.09.2017-ci il tarixdən İstismar bölməsinə dispetçer vəzifəsinə keçirilmişdir. 11.12.2020-ci il tarixdə 106 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 09.03.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xdmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142'' Çağrı mərkəzinə etdiyiniz müraciətə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar cəmiyyətin rəhbəri tərəfindən təqdim olunmuş sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişiniz ilə 11.12.2020-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda həmin sənədlərdən son haqq-hesabınızın ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 05.03 2021ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəzərinə çatdırır ki, cəmiyyətin rəhbərinə son haqq-hesabının ödənilməsi ilə bağlı məktub göndərilmişdir. Qeyd edilənlərlə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə görə Əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 87.5-ci maddəsinə görə işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir; 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir; 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 154-cü maddəsinə görə əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172.1-ci maddəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın)-müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir; 197-ci maddəsinin 2-ci bəndinə əsasən işçi bütövlükdə və ya qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin “d” bəndinə əsasən bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır; 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar; 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01.06.2017-ci il tarixli əmək müqaviləsi ilə İddiaçı 01.06.2017-ci il tarixdən 21.09.2017-ci il tarixədək Cavabdehndə xidmət rəisi vəzifəsinə işə qəbul olunmuş, 21.09.2017-ci il tarixdən İstismar bölməsinə dispetçer vəzifəsinə keçirilmişdir. Qəbul olunmuş, müvafiq müqavilə üzrə əmək haqqı 1075 (bir min yetmiş beş) manat müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə 11.12.2020-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfinən aparılmış araşdırmadan da məlum olmuşdur ki, İddiaçı Cavabdeh tərəfindən son haqq-hesabın ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 05.03 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Cavabdeh həmin cəmiyyətin işçisi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona işlədiyi 2020-ci iln avqust (965,37 manat), sentyabr (965,37 manat), oktyabr (965,37 manat), noyabr (965,37 manat) ayları dekabr ayının işlədiyi günləri üçün (965,37\22*9=394,92 manat) ümümilikdə 4256,40 manat əmək haqqının, son haqq-hesabının ödənilməməsi məhkəmə araşdırması zamanı öz həqiqi təsdiqini tapmış, bununla bağlı Cavabdeh X5 tərəfindən 05.03.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh tərəfindən 4256,40 manat ödənilməmiş əmək haqqı, gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7920,86 manat ödənc, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi ödənilməlidir. Məhkəmə İddiaçı 5.000 (beş min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, 4256,40 manat ödənilməmiş əmək haqqı, gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7920,86 manat ödənc, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4256,40 manat ödənilməmiş əmək haqqı, gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7920,86 manat ödənc, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi, cəmi 14.538,26 manat Cavabdehndən tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən etibarən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar