Məhkəmə qərarları › İş №2(005)-2798/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2798/2023

24.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2798/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən aylıq olaraq göstərilən 1100 manatın 3 mislini, yəni 3300 manatı alaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdən Şuşa şəhərində “Dövlət səviyyəli qonaq evinin” tikintisində elektrik üstası kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə əsassız olaraq işinə xitam verilmişdir. Aylıq 1100 manat, artıq saat işləyəndə isə 1550 manat əmək haqqı almışdır. Bunun 500 manatı karta ödənilmiş, qalanını qeyri-rəsmi olaraq kağıza imza atmaqla almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, işlədiyi dövr üçün aylıq 1100 manat olmaqla əmək haqqısını almışdır. İşdən çıxarıldıqdan sonra 3 ay işsiz qaldığı üçün bunun günahını cavabdehdə görür və həmin 3 ay dövr üçün aylıq 1100 manat olmaqla, cəmi 3300 manat cavabdehdən pul tələb edir. Qeyd edilənləri nəzərə alaraq, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan X1 xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, işəgötürən tərəfindən yazılı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin tələblərinə əməl edilmədən, imzası olmadan birtərəfli qaydada tərtib olunduğundan həmin müqavilənin hüquqi qüvvəsi yaranmamışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh MMC-də əmək müqaviləsi olmadan elektrik ustası işləmiş və ayda 1100 manat əmək haqqı almışdır. İşin mübahisələndirilən halı isə iddiaçının işdən azad olunandan sonra boşdayanmağa görə cavabdeh şirkətdən ödəniş tələb etməsidir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə hesab edir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Belə ki, İddiaçı işlədiyi dövr üçün əmək haqqı alsa da, hazırda işdən azad edildikdən sonra və işləmədiyi dövr üçün əmək haqqı tələb edir. Tərəflər arasında işdən azad edildikdən sonra hər hansı ödəniş barədə razılıq olmadığından, həmçinin əmək və mülki qanunvericilikdə hazırki tələbin təmin edilməsi üçün hər hansı qanuni əsas mövcud olmadığından, hazırki iddia tələbinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar