Məhkəmə qərarları › İş №2(005)-2867/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2867/2021

30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2867/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş 11.06.2011-ci il təvəllüdlü X1 və 01.03.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 200 manat sabit pul məbləğində alimentin iddia ərizəsi məhkəməyə verildiyi tarixdən başlayaraq tutularaq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)-75/2020 saylı mülki iş üzrə 28.01.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh Ağayeva (Dadaşova) Cəmalə Tofiq qızına qarşı nikahın pozulması və azyaşlı uşaqların onun himayəsində qalması tələbinə dair iddiası nikahın pozulması hissəsində təmin edilmiş, lakin qalan hissədə təmin edilməmiş, azyaşlı uşaqların cavabdehin himayəsinə verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayət vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 23.07.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, azyaşlı uşaqların İddiaçı himayəsində qalmasına dair qətnamə qət edilmişdir. Cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin 23.07.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 10.02.2021-ci il qərarı ilə cavabdehin kasasiya şikayəti rədd edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 23.07.2020-ci il tarixli qətnaməsi qüvvədə qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbində tutulmasını xahiş etdiyi aliment məbləğinə ehtiyacı olmadığını bildirdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən iclasda iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(106)-1309/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(050)- 75/2020 saylı qətnaməsi 11 06.2011-ci il təvəllüdlü X4 və 01.03.2013-cü il təvəllüdlü X2 anaları Ağayeva (Dadaşova) Cəmalə Tofiq qızının yanında və himayəsində saxlanılması, İddiaçı 11.06.2011-ci il təvəllüdlü X1 və 01.03.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Ağayeva (Dadaşova) Cəmalə Tofiq qızının xeyrinə tutulması hissəsində ləğv edilmiş, İddiaçı ilə cavabdeh Ağayeva (Dadaşova) Cəmalə Tofiq qızının birgə nikahlarından doğulmuş 11.06.2011-ci il təvəllüdlü X4 və 01.03.2013-cü it təvəllüdlü X5 ataları X3 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 06.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01.03.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu səbəbdən də, məhkəmə iddia tələbinə Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq qiymət verməyi məqsədəmüvafiq hesab edir. Qanunvericiliyin qeyd olunan müddəasının mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimenti ödəməkdən azad edilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməli və ya tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, alimentin məbləğinin azaldılması iddiaçının övladının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(106)-1309/2020 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqlar atalarının himayəsinə verildikdən sonra onların ailə vəziyyətində maddi təminatı ilə bağlı hər hansı əsaslı pisləşmə baş verməmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, hazırki iddia formal olaraq verildiyindən onun təmin edilməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar