Məhkəmə qərarları › İş №2(005)-2884/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2884/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2884/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh hazırda işləmir, aylıq gəliri dəyişkəndir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq alimentin Ailə Məcəlləsinin 100-cü maddəsinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, bugünə qədər iddiaçıya maddi yardımlar etmiş, barışıq sazişində göstərilən məbləğdən də çox ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsi və mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah qətnamə əsasında xx.xx.2023-cü il tarixində pozulmuş, nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - xx.xx.2022-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment ilə bağlı razılığa gəlmişlər; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-937/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Ağdaş Rayon İHB-nin Qarağan-Şıxlar kən İƏD üzrə nümayəndəliyi tərəfindən qeydə alınmış və 01 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları qət edilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 937/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər xx.xx.2022-ci il tarixdə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment ödənilməsi barədə mediasiya prosesində barışıq sazişi imzalamışlar. Hazırda iddiaçı barışıq sazişində göstərilən məbləğdə alimentin cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1- və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Konstitusiyanın 71-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilməsə də nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğu daxilində bəzi məhdudiyyətlərə məruz qala bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.4-cü maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən isə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə uyğun olaraq barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, mediasiya prosesində tərəflər barışıq sazişi bağlamaq hüququna malikdirlər və əgər barışıq sazişi bağlanarsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Öz növbəsində mülki prosessual qanunvericilikdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi icra edilmədiyi halda, onun təsdiq edilməsinin xüsusi qaydası nəzərdə tutulmuşdur. Yəni barışıq sazişinin könüllü icrasından imtina olunduqda o, iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında ərizəçinin ərizəsi əsasında maraqlı şəxs cəlb edilməklə təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən isə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, Məcəllənin 261.0.1-ci maddəsində əks olunmuş “işə məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hazırki işdə isə, iddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əməl etməyərək, mediasiya prosesində bağladıqları barışıq sazişində müəyyən edilmiş eyni halları yenidən iddia icraatı qaydasında mübahisələndirmişdir. Halbuki qanunvericilik tərəfindən mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinin xüsusi qaydası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə mediasiya prosesində barışıq sazişi bağlandığından və qanunvericiliklə həmin barışıq sazişinin təsdiq edilməsinin xüsusi qaydası müəyyən edildiyindən, hazırkı tələbə iddia ərizəsi əsasında, iddia icraatı qaydasında baxılmalı olmadığından, mülki işin icraatına xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, xüsusi icraat qaydasında müvafiq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, xüsusi icraat qaydasında müvafiq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar