Məhkəmə qərarları › İş №2(005)-2893/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2893/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2893/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin iyun ayından başlayaraq, 08 may 2023-cü il təvəllüdlü X1 üçün bütün gəlirlərinin (qazancından) ¼ hissəsini və həmin məbləğ 2024-cü il üzrə uşağın saxlanması üçün müəyyən edilmiş sabit pul məbləğindən az olarsa, alimentin 235 manat sabit pul məbləğində tutulması və 08 may 2023-cü il təvəllüdlü X4 3 yaşına çatana kimi baxılması üçün 80 manat və mediasiyaya ödədiyi 60 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikah Bakı şəhərində qeydə alınmışdır. Birgə nikahdan 08 may 2023-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə nikahları pozulmuşdur. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən əvvəlki dövr üçün aliment üç illik müddət həddində verilə bilər. Mediasiya xərci olan 60 manat məbləğində pul onun tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, nikah pozulduqdan sonra cavabdehlə münasibətlərinin olduğunu, faktiki münasibətlərindən uşaqları olduğunu, doğum haqqında şəhadətnamədə uşağın ata adının cavabdehin razılığı ilə yazıldığını bildirmiş, 235 manat məbləğində alimentin, uşaq 3 yaşına çatanadək 80 manat məbləğində alimentin və mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh hazırda başqa ailəsinin olduğunu, əmək haqqının 400 manat təşkil etdiyini, uşağın nikah pozulduqdan sonra doğulduğunu, doğum haqqında şəhadətnamədə onun adının necə yazıldığından məlumatı olmadığını, uşağı ona verərsə baxmağa hazır olduğunu, əks halda 100 manat aliment ödəyə biləcəyini bildirərək iddiaya qismən etiraz etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ər-arvadın birgə ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə pozulmuşdur; - doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində keçirilən mediasiya prosesində iştirak etməmişdir. Mediasiya xərci 60 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2021-ci ildə nikaha daxil olmuş, 2022-ci ilin mart ayında nikahları ərizələri əsasında pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2023-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Doğum haqqında şəhadətnamədə uşağın atası kimi Cavabdeh göstərilmişdir. Cavabdeh uşağın onun olduğunu qəbul etsə də 100 manat aliment ödəməyə imkanı çatdığını qeyd edərək iddiaya qismən etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddələrinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2, 75.1 və 75.4-cü maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə uyğun olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifələrindəndir. Nəzərə alınmalıdır ki, hər bir uşağın layiqli həyat tərzində yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi, valideynin qazancının az olması onu uşağı saxlamaq, onun minimum dolanacaq xərclərini təmin etmək vəzifəsindən azad etmir. Məhkəmə uşağın nikah pozulduqdan sonra doğulduğunu və cavabdehin şəhadətnamədə onun adının qeyd olunmasına yazılı razılıq vermədiyini bildirməsini nəzərə alaraq qeyd edir ki, Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Hazırki iş üzrə doğum haqında şəhadətnamədə uşağın ata qrafasında cavabdehin ad və soyadı göstərilmişdir. İddiaçı cavabdehin ərizəsi ilə onun adının qeyd edildiyini bildirir. Həmçinin cavabdeh məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, uşağın atası olduğunu mübahisələndirmir və bununla bağlı hər hansı mübahisə yoxdur, hətta uşağı ona verərsə saxlamağa razıdır, mövcud vəziyyətdə 100 manat aliment ödəyə bilər. Cavabdeh uşağın atası olduğunu mübahisələndirmədiyindən məhkəmə əlavə sübutların araşdırılmasını zəruri hesab etməmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iddiaçının uşağın saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilməsi xahişini, mövcud vəziyyətdə alimentin hissə şəklində tutulmasının uşağın mənafeyinin pozulmasına səbəb olacağını, 2024-cü il üzrə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış həddini nəzərə alaraq, alimentin 235 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Cavabdehin alimentin 2023-cü ilin iyun ayından başlayaraq tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məcəllənin 100.3-cü maddəsinə görə isə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdən onun 2024-cü ilin fevral ayından etibarən aliment tutulması üçün tədbirlər görüldüyü müəyyən olunur. Belə ki, mülki iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılmış, lakin mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır və aliment mediasiya prosesinin başlandığı vaxtdan, yəni mediasiyanın tətbiqi barədə təklifin cavabdehə göndərildiyi xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. Bu hal isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışla təsdiq edilir. Əvvəlki tarixlərdə isə iddiaçı tərəfindən alimentin ödənilməsi ilə bağlı hər hansı tədbirlər görüldüyü iş materialları ilə müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aliment xx.xx.2024-cü il tarixindən başlayaraq tutulmalıdır. İddia tələbinin cavabdehdən xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 80 manat məbləğində pul tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq olaraq ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, uşağın doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən maddi cəhətdən kömək göstərməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı, cavabdehin uşağın 3 yaşınadək pul vəsaitinin ödənilməsi üçün zəruri vəsaitə malik olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdehin əmək haqqı 400 manat təşkil edir. Cavabdehin ödəyəcəyi alimentin məbləği də nəzərə alınarsa, o, uşağın üç yaşınadək saxlanması məqsədilə aliment ödəmək üçün zəruri vəsaitə malik şəxs hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia uşağın doğulduğu gündən üç il ərzində 80 manat məbləğində alimentin tutulması hissəsində təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından görünür ki, mediasiya xərci olaraq, 60 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir, cavabdeh isə mediasiya prosesində iştirak etməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərcinə görə ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar