Məhkəmə qərarları › İş №2(005)-2939/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2939/2020

17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2939/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əlili Gülnar Yadulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəmədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 170 manat sabit pul məbləğində, uşağın 3 yaşına çatanadək saxlanması üçün 100 manat məbləğində aliment barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X3 ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 adlı bir övladı anadan olmuşdur. Hazırda cavabdehlə münasibətləri gərginləşmiş, nikahları isə pozulmuşdur. Cavabdeh uşağın saxlanmasında iştirak etmir. Hesab edir ki, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat məbləğində və 3 yaşına çatana qədər analıq haqqı olaraq hər ay 100 manat məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə poçt vasitəsi ilə ərizə təqdim edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Habelə Cavabdeh xx.xx.2020-ci il tarixində məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 1 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə X1 şəhəri, Kəpəz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 842 № ilə qeyd edilmişdir. Ona AZ-İV 416579 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə akt qeydləri kitabında xx.xx.2020-ci ildə 09 № ilə qeyd edilmişdir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin rəsmi nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladı var, tərəflərin nikahı Gəncə “Asan xidmət” mərkəzində pozulmuş, onlar hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaq isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı övladının maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 170 manat olmasını, iş üzrə cavabdehin daimi iş yerinin olması barədə sübutların təqdim edilməməsini nəzərə alaraq, iddia tələbi həmin hissədə təmin edilməli, tərəflərin birgə nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X2yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən ərarvad bir-birlərinə kömək etmədikdə, köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçının xx.xx.2020-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək cavabdehdən 100 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbayacan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin cavabdehdən bir uşağa görə hər ay ümumilikdə 170 manat məbləğində alimentin tutulacağını, habelə cavabdehin hazırda gəlirləri (qazancı) olması barədə məlumatın olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əlavə hər ay 100 manat məbləğində alimentin tutulması cavabdehin maddi durumunun nəzərə alınması baxımından ədalətli deyildir və bu tələb qismən, 50 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixindən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlaması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək, yəni xx xxxxxx 2023cü ilədək 50 (əlli) manat miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar