Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2941/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizə ilə müraciət olunan tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-8574/14 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş və həmin nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı qeyd edir ki, onlar artıq xeyli müddətdir ki, boşanıblar və bu vaxt ərzində uşaqlar onun himayəsində qalıb. Onların bütün maddi və mənəvi tələbatlarını iddiaçı təkbaşına özü ödəmişdir. İddiaçı bildirir ki, uşaqların ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var və o bütün bu xərclərin ödənilməsini təkbaşına edə bilmir. O qeyd edir ki, uşağın maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3879/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 20 oktyabr 2020-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İ 251168 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında olan nikah xx.xx.2016-cı il tarixdə rəsmi olaraq pozulmuş və bu barədə həmin tarixdə 520 nömrəli qeyd aparılmışdır. - Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 575142 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 813055 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunan gəlir barədə məlumatlardan görünür ki, Cavabdeh çilingər-santexnik vəzifəsində çalışır. Əmək haqqı 350,0 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcud olan “istehlak qiymətləri indeksinin hesablamasına dair” kalkulyatoru vasitəsilə hazırki iş üzrə alimentin məbləğinin son dəfə artırıldığı dövr (2020-ci ilin noyabr ayı) ilə 2023-cü ilin iyul ayının istehlak qiymətləri indeksini müqayisə etdikdə aydın olur ki, bu zaman kəsiyi ərzində respublika üzrə qiymətlərin səviyyəsi 30 faiz artmışdır. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə, İddiaçı iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşaq üçün 170 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə tutulmalı olan aliment məbləği ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, uşağın qayğısına qalmaq və onların inkişafında iştirak etmək hər iki valideynin vəzifəsi olduğundan, cavabdehin hər uşaq üçün 220 manat aylıq aliment ödəməyə real imkanının olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xx.xx.2010cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2941/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2941/2023
31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver