Məhkəmə qərarları › İş №2(005)-308/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-308/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-308/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “barışıq sazişi üzrə borcun tutulması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “barışıq sazişinin bəzi müddəalarının ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 2.1-ci, 2.2-ci və 2 3-cü bəndləri üzrə öhdəliklərin tam və vaxtında icra edilməsinin Cavabdeh üzərinə qoyulması, bu məqsədlə tərəflərin birgə nikahdan olan övladlarının saxlanmaları üçün razılaşdırılmış aliment üzrə yaranmış və ödənilməmiş 2.900 manat borcun, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 müayinə və müalicələrinə çəkilmiş 1500 manat xərcin yarısının, yəni 750 manat borcun, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün illik 500 manat olmaqla, hər il ödənilməli olan, lakin cavabdehin ödəmədiyi cəmi 2500 manat borc olmaqla ümumilikdə 6150 manat borcun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-12860/2016 saylı, 28 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Bakı Nikah Evində Bağlanmış 1818 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X4 üçün hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 2534/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, qətnamənin aliment tələbinə dair hissədə dəyişdirilmiş, xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2009cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşaqların hər biri üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin bu hissədə dərhal icra ediməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-4631/17 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra tərəflər, birgə nikah dövründə əldə olunmuş əmlak, birgə övladlarının saxlanılması üçün aliment və digər xərclərlə bağlı aralarında barışıq sazişi bağlamaq qərarına gəlmişlər. Bu məqsədlə onlar 24.11 2017-ci il tarixdə Barışıq sazişi bağlamış və həmin Saziş Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmişdir. İş üzrə tərəflər arasında barışıq sazişi könüllü olaraq bağlanmış, Sazişdə tərəflərin iradə ifadəsi əks olunmuş və barışıq sazişində götürülən öhdəliklər, barışıq sazişinin şərtləri və bəndləri birbirindən aslı olaraq müəyyən edilməklə bağlanmışdır. Saziş İddiaçı (birinçi tərəf) və Cavabdeh (ikinci tərəf) arasında aşağıdakı şərtlərlə bağlanmışdır: “1.1. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə uyğun olaraq bu Müqaviləni bağlamaqla öz aralarında hüquqlar və iddialar barəsində mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər. Birinci tərəfin İkinci tərəfə qarşı alimentin ödənilməsi tələbi barədə iddiasına dair mübahisə üzrə:2.1. İkinci tərəf Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş X11 və X10 (bundan sonra uşaqlar” adlandırılacaq) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tahxli 2(103)-2534/2017 N-li qətnaməsinə əsasən saxlanılması üçün Birinci tərəfə ödəməli olduğu alimentə görə xx.xx.2017-ci il tarixə olan 3.000 (üç min) manat borcunu bu Müqavilənin qüvvəyə mindiyi tahxdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentə haray 200 (iki yüz) manat əlavə ödəməklə 15 (on beş) ay müddətində tam ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2534/2017 №-li gətnaməsinə əsasən İkinci tərəf hər ay 800 (səkkiz yüz) manat alimenti Birinci tərəfə ödəməyi öhdəsinə götürür. 2.2. İkinci tərəf uşaqların saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını ödəyəcək. Bununla bağlı, müvafiq tibbi xidmətlər va dərman preparatları üçün ehtiyac yarandıqda, Birinci tərəf İkinci tərəfə öncədən məlumat verəcək və tərəflər uşaqların tibbi ehtiyaclarını birlikdə razılaşdıracaqdır. 2.3. İkinci tərəf uşaqların gələcəkdə analan ilə birlikdə ölkə daxilində və xaricində istirahəti üçün illik 500 (beş yüz) manat məbləğində vəsaiti bu müqavilə imzalandıqdan sonra hər ildə bir dəfə olmaqla Birinci tərəfə ödəməlidir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi Əliyev X9 1.1-ci, 1.2-ci və 1.3-cü bəndində qeyd olunan öhdəlikləri (yəni uşaqlara ödəniləcək alimentin məbləği, tibbi xərcləri və istirahət üçün nəzərdə tutulan xərcləri bu şərtlə öz üzərinə götürmüşdir ki, İddiaçı Cavabdeh qarşı qaldırdığı və məhkəmənin icraatıda olan, birgə nikah dövründə, birgə gəlirləri hesabına əldə etdikləri əmlakdan (mənzil), qızıl-zinət və sair əşyalardan Cavabdeh xeyrinə imtina etmişdir. İddiaçının Cavabdeh qarşı qaldırdığı iddialardan imtina etməsi və birgə əmlaklardan, cehiz əşyalarından və pul vəsaitindən Cavabdeh xeyrinə imtina etməsi Sazişin 5.1 -ci bəndində öz əksini tapmışdır. İddiaçı Barışıq sazişi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri artıq icra etmişdir. Yəni, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1864/2017 №-li mülki iş üzrə Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi. 4/6 N-li evin 218 №-li mənzilinin 2/3 hissəsinə payının müəyyən edilməsi, cehiz ve qızıl-zinət əşyalarının Cavabdeh alınaraq onun sahibliyinə verilməsi, həmin əşyalar olmadığı təqdirdə onların dəyəri olan 17.280 manat pulun ona ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi. 4/6 №-li evin 218 №-li mənzilinə görə "xxxx" ASC-yə ödənilmiş 28.954 manat pulun 1/2 hissəsi olan 14.477 manat pulun və mənzilin təmirinə çəkilmiş 20.000 manat xərcin yarısının, yəni 10.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia tələblərindən imtina etmiş, həmçinin Bakı səhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi. 4/6 №-li evin 218 №-li mənzilindən pasport qeydiyyatından çıxmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Saziş hal-hazırda da qüvvədədir. İddiaçı Saziş üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etməsinə baxmayaraq cavabdeh Barışıq Sazişindəki öhdəliklərini əvvəllər icra etsə də son vaxtlar lazımınca yerinə yetirməmişdir. Belə ki, həmin Sazişin 2-ci bəndinə əsasən Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(103)-2534/2017 N-li qətnaməsi ilə uşaqların saxlanılması üçün İddiaçıya ödəməli olduğu alimentə görə xx.xx.2017-ci il tarixə olan 3.000 manat borcunu Sazişin qüvvəyə mindiyi tarixdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 manat alimentə har ay 200 manat əlavə ödəməklə 15 ay müddətində tam ödəməli, məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay müəyyən edilmiş 800 manat məbləğində alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını ödəməyi, habelə uşaqların gələcəkdə anaları ilə birlikdə ölkə daxilində və xaricində istirahətləri üçün hər il 500 manat birdəfəlik pul vəsaitini ödəməli idi. Lakin Cavabdeh həmin öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun uşaqların saxlanılması üçün razılaşdırılmış tibb xərcləri üzrə 750 manat, istirahət xərcləri üzrə isə 2.000 manat borcu yaranmışdır. Belə ki, Cavabdeh Saziş üzrə ödəməli olduğu 2022-ci ilin aprel, may, iyun, iyul, avqust ayları üzrə, ümumilikdə qalıq 2900 manat aliment borcunu iddiaçıya ödəməmişdir. Ona görə də hesab edir ki, Saziş üzrə həmin 2.900 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa, tərəflərin birgə övladları 2021-ci ildə “COVİD-19" xəstəliyinə yoluxmuşlar. Hamı üçün bəlli olan faktdır ki, qeyd edilən xəstəliyin müalicəsi üçün tələb olunan dərman preparatlarının qiymətləri baha və az tapılandır. Lakin iddiaçı uşaqlarının həyat və sağlamlığını hər şeydən üstün tutaraq, borca girmiş və uşaqlarının sağalmasına nail olmuşdur. Bütün bunlara o, cəmi 1500 manat xərc çəkmişdir. Lakin Cavabdeh uşaqların müalicəsində iştirak etməmiş, 1500 manat vəsaitin 1/2 hissəsini, yəni 750 manat vəsaiti də ona ödəməmişdir. Ona görə də Saziş üzrə öhdəliyin icrası kimi 750 manat tibb xərcləri də cavabdehdən tutulub iddiaçıya ödənməlidir. X5 övladlarının istirahəti üçün hər il üçün ödəməli olan 500 manat vəsaiti ödəməmişdir ki, bu da 2018- 2022-ci illər üzrə ümumilikdə 2500 manat təşkil edir. Saziş üzrə ödənilməli olan 2500 manat uşaqların istirahəti üçün pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənməlidir. Göründüyü kimi, Cavabdeh, onunla iddiaçı arasında bağlanmış müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə onun iddiaçıya cəmi 6150 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh nəinki İddiaçı ilə aralarında bağlanmış müqavilə öhdəliklərini lazımınca icra etməmiş, hətta “aliment məbləğinin azadılması" barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, İddiaçı isə öz növbəsində “aliment məbləğinin artırılması və xərclərin tutulması" tələbi ilə qarşılıqlı iddia irəli sürmüşdür. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3161/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh İddiaçı qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, İddiaçı iddiası qismən təmin edilmiş, tərəflər arasında 50 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-cı il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısı, yəni 750 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, tərəflər arasında 50 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən tərəflər apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8414/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı apellyasiya şikayəti rədd edilmiş, Nəhmanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tahxli 2(005)- 3161/2021 saylı qətnaməsi, tutulan alimentin məbləği hissəsində qismən ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X4 üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin azaldılması" tələbinə dair ilkin, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və xərc tutulması" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)- 3161/2021 saylı qətnaməsi qismən ləğv edilməiş, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və xərc tutulması" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata “iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısının, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi" hissəsində xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsini mövqeyi belə olmuşdur ki. barışıq sazişi məhkəmədən kənar qaydada baqlandığından, onun icrası qaydası, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimata və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq. "İcra haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, Cavabdeh Saziş üzrə götürülmüş öhdəliklərin icrası tələb olunmalı, Saziş üzrə ümumilikdə yaranmış 6150 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh barışıq sazişinin bəzi müddəalarının ləğvinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul olunduğu dövrdə maddi vəziyyəti yaxşı olduğundan və övladlarına olan bağlılığından alimentdən əlavə ödənişlər ödəməyi könüllü olaraq öz öhdəsinə götürmüş, lakin artıq onun maddi vəziyyəti və həyat xərcləri Sazişin imzalandığı dövrə münasibətdə kəskin surətdə dəyişdiyi üçün Sazişin sözügedən müddəalarının tələblərini yerinə yetirə bilmir və buna görə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı Sazişin 2.2 və 2.3-cü maddəalarınm ləğvi zərurəti yarandığından hesab edir ki, onunla İddiaçı arasında xx.xx.2017-ci il tarixində bağlanmış Barışıq sazişinin 2.2 və 2.3-cü bəndlərinin ləğv edilməsi və Qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində də qeyd edildiyi kimi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2009-cu il təvəllüdlü X11 və X10 analarının yanında qalmaları müəyyən olunmuşdur. Həmçinin uşaqların saxlanması üçün hər ay Cavabdeh hər bir uşaq üçün 400 AZN olmaqla ümumilikdə 800 AZN aliment tutulması qət olunmuşdur. Daha sonra tərəflər birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi, eləcə də, birgə övladlarının saxlanması ilə bağlı aliment və digər xərclərin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə xx.xx.2017-ci il tarixində 50 saylı Notariat kontorunda barışıq sazişi imzalamışlar. Həmin dövrdə Qarşılıqlı iddiaçı maddi vəziyyəti yaxşı olduğundan və övladlarına olan bağlılığından alimentdən əlavə ödənişlər ödəməyi könüllü olaraq öz öhdəsinə götürmüşdür. Belə ki, Sazişin 2.2-ci maddəsinə əsasən Qarşılıqlı iddiaçı uşaqların sağlamlığının təmin edilməsi ilə bağlı birgə razılaşdırılmış tibbi xərclərin yarısını ödəməyi, 2.3-cü maddəsinə əsasən isə uşaqların anaları ilə birgə istirahətini təmin etmək üçün hər il 500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Daha sonra Qarşılıqlı tələb üzrə iddiaçı maddi vəziyyətində yaranan sıxıntılarla əlaqədar alimentin azaldılması tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsi iddianı rədd etsə də, Bakı Apellyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödəniləcək alimentin məbləği 800 manatdan 400 manata endirilmişdir. Lakin artıq Qarşılıqlı iddia tələbi üzrə iddiaçının maddi vəziyyəti və həyat xərcləri Sazişin imzalandığı dövrə münasibətdə kəskin surətdə dəyişdiyi üçün Sazişin sözügedən müddəalarının tələblərini yerinə yetirə bilmir və buna görə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı Sazişin 2.2 və 2.3-cü maddəalarının ləğvi zərurəti yaranmışdır. Belə ki, ilk olaraq onu qeyd etmək lazımdır ki, Cavabdeh 22 dekabr 2018-ci il tarixində yenidən nikaha daxil olmuşdur və həmin nikahdan xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərində iki övladı dünyaya gəlmişdir. Bir insanın tək yaşaması ilə iki azyaşlı uşağın da olduğu 4 ailəyə baxması arasındakı fərqi izah etməyə, hesab edirik ki, ehtiyac yoxdur. Yəni Saziş bağlanan tarixdə Qarşılıqlı İddiaçı yalnız öz xərclərini ödəməli idisə hal-hazırda özünə, həyat yoldaşına və yeni nikahdan doğulan iki azyaşlı uşağına baxmalı, eləcə də İddiaçı ilə birgə nikahdan doğulmuş övladlarına aliment ödəməlidir. Lakin keçən zaman ərzində dəyişən təkcə Cavabdeh xərcləri deyil, həm də gəlirləri olmuşdur. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixində işdən çıxmışdır və hazırki vaxta qədər də işsizdir və heç bir gəlirə də malik deyildir. Həmçinin, Cavabdeh əvvəllər öz evində yaşayırdısa da 04 sentyabr 2021-ci il tarixində ona məxsus olan evi yaranmış borclarını ödəmək məqsədilə X2. Hal-hazırda ailəsi ilə birlikdə qardaşına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi 36 ünvanındakı evdə yaşayır. Odur ki, belə vəziyyətdə yaranan münasibətlər yalnız Mülki Məcəllə ilə tənzimlənməlidir. Eləcə də, Sazişin 10-cu maddəsinə əsaəsn, Tərəflər arasında bu Sazişlə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia üzrə tələbinin iddia müddətin ötürülməsi səbəbindən tərəflər arasında bağlanmış barışıq sazişinin müvafiq bəndlərinin ləğv edilməsi tələbinin əsassız olmasından qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinə etiraz edərək, ilkin iddia tələbinin təmin edilməməsini qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi qismən təminedilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə uyğun olaraq barışıq sazişi bağlanmışdır. bu Müqaviləni bağlamaqla öz aralarında hüquqlar və iddialar barəsində mübahisələri qarşılıqlı güzəştlər yolu ilə müqavilənin bəndlərində göstərilən qaydada həll etməyi öhdələrinə götürmüşlər. Həmin sazişin 2.1-ci bəndinə əsasən ikinci tərəf Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş X11 və X10 (bundan sonra uşaqlar” adlandırılacaq) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2534/2017 N-li qətnaməsinə əsasən saxlanılması üçün Birinci tərəfə ödəməli olduğu alimentə görə xx.xx.2017-ci il tarixə olan 3.000 (üç min) manat borcunu bu Müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentə hər ay 200 (iki yüz) manat əlavə ödəməklə 15 (on beş) ay müddətində tam ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2534/2017 №-li gətnaməsinə əsasən İkinci tərəf hər ay 800 (səkkiz yüz) manat alimenti Birinci tərəfə ödəməyi öhdəsinə götürür. Həmin sazişin 2.2-ci bəndinə əsasən ikinci tərəf uşaqların saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını ödəyəcək. Bununla bağlı, müvafiq tibbi xidmətlər va dərman preparatları üçün ehtiyac yarandıqda, Birinci tərəf İkinci tərəfə öncədən məlumat verəcək və tərəflər uşaqların tibbi ehtiyaclarını birlikdə razılaşdıracaqdır. Həmin sazişin 2.3-cü bəndinə əsasən ikinci tərəf uşaqların gələcəkdə anaları ilə birlikdə ölkə daxilində və xaricində istirahəti üçün illik 500 (beş yüz) manat məbləğində vəsaiti bu müqavilə imzalandıqdan sonra hər ildə bir dəfə olmaqla Birinci tərəfə ödəməlidir. - İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)-3161/2021 saylı qətnaməsindən görünür ki, Tərəflər arasında 50 saylı notariat kortorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 (bir min beş yüz) manat məbləğində pulun yarısı, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, tərəflər arasında 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1.500 (bir min beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. - İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8414/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tahxli 2(005)- 3161/2021 saylı qətnaməsi, tutulan alimentin məbləği hissəsində qismən ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X4 üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər birgə nikah dövründə əldə olunmuş əmlak, birgə övladlarının saxlanılması üçün aliment və digər xərclərlə bağlı aralarında 24.11 2017-ci il tarixdə Barışıq sazişi bağlamış və həmin Saziş Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmişdir. Lakin sonradan ilkin iddia üzrə cavabdeh maddi vəziyyətinin yaxşı olmaması səbəbindən barışıq sazişinin şərtlərinə əməl etməmiş və onun ilkin iddia üzrə iddiaçıya borcu yaranmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış barışıq sazişinin müvafiq bəndləri qanuni qüvvəsini almış məhkəmə aktları ilə dəyişdirilmişdir. İlkin iddia tələbi üzrə cavabdeh həmçinin hazırda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin predmetini təşkil edən xx.xx.2017-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.2 və 2.3-cü bəndlərinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda iddiaçı həmin borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iş üzrə ilkin və qarşılıqlı iddia tələblərinin araşdırılması zamanı ilk növbədə ilkin iddia tələbi üzrə hüquqi qiymətləndirmənin həyata keçirilməsini məqsədəmüvafiq hesab edir. Göründüyü kimi ilkin iddia tələbi 4 hissədən (tələbin 1-ci hissəsi “Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 2.1-ci, 2.2-ci və 2 3-cü bəndləri üzrə öhdəliklərin tam və vaxtında icra edilməsinin Cavabdeh üzərinə qoyulması” 2-ci hissəsi “bu məqsədlə tərəflərin birgə nikahdan olan övladlarının saxlanmaları üçün razılaşdırılmış aliment üzrə yaranmış və ödənilməmiş 2.900 manat borcun” 3-cü hissəsi “xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 müayinə və müalicələrinə çəkilmiş 1500 manat xərcin yarısının, yəni 750 manat borcun,” 4-cü hissəsi “xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün illik 500 manat olmaqla, hər il ödənilməli olan, lakin cavabdehin ödəmədiyi cəmi 2500 manat borcun” ödənilməsi) ibarətdir. Məhkəmə ilk olaraq ilkin iddia tələbinin 2-ci və 4-cü hissəsləri üzrə hüquqi qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tələbin həmin hissələri üzrə tərəflər arasında daha əvvəl məhkəmə mübahisələrinin olması və həmin mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktlarının hazırki ilkin iddia tələbinin hissələri üzrə preyudisial əlaqəsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Məhkəmə araşdırması zamanı xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X1 və istirahət xərclərinə dair tərəflər arasında bağlanmış barışıq sazişinin müvafiq bəndləri üzrə daha əvvəl məhkəmə mübahisəsinin olması müəyyən edilmişdir. Belə olan halda ilkin iddia tələbinin 2-ci hissəsi üzrə ödənilməsi tələb olunan 2900 manat yığılmış aliment borcuna dair iddiaçının əsaslandığı hallarla razılaşmayan məhkəmə tələbin qeyd olunan hissəsi üzrə artıq qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8414/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halların mübahisələndirməsi və ya yenidən tələb edilməsi halını qanunvericiliyə zidd hesab edir. Belə ki, həmin qətnamə ilə xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009cu il təvəllüdlü X3 üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Qeyd olunan məhkəmə aktı üzrə müəyyən edilmiş alimentin yığılaraq ödənilməmiş hissələrinə dair məsələlər həmin qətnamənin icrasını icra edən müvafiq orqanların vəzifələri daxilindədir. Odur ki, ilkin iddia tələbinin 2-ci hissəsi əsassız olaraq qaldırılmış tələbdir. Eyni zamandan məhkəmə ilkin iddia tələbinin 4-cü (xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün illik 500 manat olmaqla, hər il ödənilməli olan, lakin cavabdehin ödəmədiyi cəmi 2500 manat borcun ödənilməsi) hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən tələbin qeyd olunan hissəsinə dair apardığı hesablamaya dair əsaslandırma əsaslıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı tələbin xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün illik 500 manat olmaqla, hər il ödənilməli olan müddətinin axımını tərəflər arasında bağlanmış barışıq sazişinin bağlandığı tarixdən götürərək ödənilməmiş öhdəliyi 5-il nəzərə almaqla 2500 manat miqdarında müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə cavabdeh tərəfindən barışıq sazişinin qeyd olunan bəndi üzrə götürdüyü öhdəliyə dair iddiaçıya ödəniş etməsinə barədə hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbində qeyd olunan öhdəlikləri əhatə edən barışıq sazişinin müvafiq bəndlərinin ləğvinə dair tələbinin əsaslandırmasında da bu halı təsdiq etmişdir. Belə olan halda hazırda ilkin iddia tələbinin 4-cü hissəsi üzrə məhkəmə tələbi əsaslı hesab edir. Bundan başqa məhkəmə ilkin iddia tələbinin 3-cü (xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 müayinə və müalicələrinə çəkilmiş 1500 manat xərcin yarısının, yəni 750 manat borcun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan uşaqların müayinə və müalicələrinə çəkilmiş xərclər cəmi 585.54 manat müəyyən edilmişdir. Qeyd olunan xərclərə ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən aid edilmiş ödənişlər barədə sənədlər qanunvericliklə müəyyən edilmiş qaydada mötəbərlik xüsusiyyətləri daşımayan sənədlər olması səbəbindən ilkin iddia tələbinin 3-cü hissəsinə münasibətdə nəzərə alınmamışdır. Belə ki, həmin sənədlərdə göstərilən xidmətlərin kimə göstərilməsi, habelə ödəniş sənədləri üzrə ödənişlərin edilib-edilməməsi müəyyən etmək mümkünsüzdür. Eyni zamanda ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən bu halları təkzib edəcək hər-hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan maddi hüquq normalarının imperativ şərtlərindən müəyyən olunur ki, irəli sürülmüş tələb üzrə müəyyən edilmiş 1500 manat müayinə və müalicə xərclərinin təsdiq edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Belə olan halda ilkin iddia tələbinin 3-cü hissəsi yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş və sübut olaraq qəbul edilmiş sənədlər aid hissədə, yəni 585.54 manat miqdarında müəyyən edilməlidir. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş 585.54 manat pulun yarısı yəni 292.77 manat hissəsi ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə cavabdehin xeyrinə tutulmalıdır. Məhkəmə ilkin iddia tələbinin 1-ci (Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 2.1-ci, 2.2-ci və 2 3-cü bəndləri üzrə öhdəliklərin tam və vaxtında icra edilməsinin Cavabdeh üzərinə qoyulması) hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qeyri-müəyyəndir. Belə ki, mübahisənin müəyyən edilmiş hallarından göründüyü kimi hər iki tərəf arasında barışıq sazişi könüllü olaraq bağlanmış, Sazişdə tərəflərin iradə ifadəsi əks olunmuş və barışıq sazişində götürülən öhdəliklər, barışıq sazişinin şərtləri və bəndləri bir-birindən aslı olaraq müəyyən edilməklə bağlanmışdır. Belə olan halda qeyd olunan saziş üzrə davam edən öhdəliklərin mütəmadi icrası tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilmiş formada əməl olunması qüvvədə olan qanunvericiliyin təsiri altındadır. Tərəflər bağlanmış saziş üzrə götürdükləri öhdəlikləri icra etmədiyi halda hüquqları pozulmuş tərəf bağlanmış saziş üzrə müəyyən edilmiş halda, bu hallar tərəflər arasında bağlanmış Sazişin müddəalarında nəzərdə tutulmadığı halda qanunla müəyyən edilmiş qaydada pozulmuş hüquqlarının bərpasına nail ola bilərlər. Odur ki, məhkəmə ilkin iddia tələbinin 1-ci hissəsi tələbin qeyri-müəyyən olması səbəbindən əsassız hesab edir. Məhkəmə mülki iş üzrə icraata qəbul edilmiş ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Həmin Məcəllənin 881.2.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Həmin Məcəllənin 881.3-cü maddəsinə əsasən Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Yuxarıda göstərilən maddi hüquq normalarının iperativ tələblərindən göründüyü kimi tərəflər arasında barışıq sazişi könüllü, yəni onların birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılmaları barədə qarşılıqlı öhdəliklər götürmələrinə dair iradə ifadəsi əks olunmuş və barışıq sazişində götürülən öhdəliklər, barışıq sazişinin şərtləri və bəndləri bir-birindən aslı olaraq müəyyən edilməklə bağlanmışdır. İlkin iddia üzrə iddiaçı məhkəməyə qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizədə qeyd olunan hallara hüquqi qiymət verərək, bildirir ki, hazırda qarşılıqlı iddia tələbinə iddia müddəti tətbiq edilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərinə əsasən hazırda mübahisə predmeti olan barışıq sazişində tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatanadək təminatları və digər məsələləri razılaşdırılmışdır. Odur ki, qeyd olunan sazişə dair iddia müddətinin tətbiqi həmin saziş üzrə tərəflər arasında müəyyən edilmiş öhdəliklərin tam icra edilməsi halında mümkündür. Hazırda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin həmin saziş üzrə hələdə davam edən öhdəlikləri mövcuddur. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan barışıq sazişinin müvafiq bəndlərinin ləğv edilməsi tələbini onunla əsaslandırmışdır ki, barışıq sazişi bağlandığı zaman olan maddi vəziyyəti dəyişmişdir. Eyni zamanda onun yeni öhdəlikləri yaranmışdır. Odur ki, o hazırda barışıq sazişinin müvafiq bəndləri üzrə öhdəliklərini yerinə yetirmək imkanında deyildir. Belə olan halda həmin saziş üzrə qeyd olunan bəndlərin mövcud olması onun vəziyyətini dahada çətinləşdirir. Məhkəmə qeyd olunan əsaslandırma ilə razılaşmayaraq bildirir ki, tərəflər arasında bağlanmış barışıq sazişi onların birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılmalarına dair ümumilikdə müəyyən edilmiş öhdəlik və vəzifələrinə təsir edir. Qeyd olunan saziş üzrə razılaşdırılmış öhdəliklərin ləvğ edilməsi qaydası müəyyən edilməmişdir. Belə olan halda hazırda tərəflər arasında bağlanmış əqd üzrə münasibətləri tənzimləyən maddi normaların tətbiq edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: Həmin Məcəllənin 422.2.1-ci maddəsinə əsasən müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; Həmin Məcəllənin 422.2.2-ci maddəsinə əsasən şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; Həmin Məcəllənin 422.2.3-ci maddəsinə əsasən müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; Həmin Məcəllənin 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi qanunverici tərəflər arasında bağlanmış müqavilənin ləğvi və ya dəyişdirilməsi halını nəzərə alaraq, bu hal üçün imperativ tələblər müəyyən etmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı barışıq sazişinin müvafiq bəndlərinin ləğv edilməsi tələbində göstərdiyi əsas və hallar qeyd olunan imperativ tələblərə uyğun deyildir. Belə ki, qeyd olunan tələblərdə göstərilmiş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Lakin qanunvericilik qeyd etdiyi şəraitin dəyişməsi halını əhəmiyyətini müqavilə subyektləri tərəfindən müqavilə bağlandığı zaman nəzərə alınması mümkün olmayan, yəni müqavilə bağlandıqdan sonra yaranması ehtimal olunmayan bir halın baş verməsi ilə şərtləndirmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən maddi durumunun aşağı düşməsi və onun yeni öhdəliklərinin yaranması halı qeyd olunan şəraitin dəyişməsi olaraq barışıq sazişi bağlandığı zaman məlum ehtimal olunması mümkün bir haldır. Qeyd olunan yanaşma eynilikdə qarşılıqlı iddia üzrə iddiaçının yeni ailə qurması və yeni nikahından himayəsində yetkinlik yaşına çatmayan uşaqların olması halınada şamil olunur. Odur ki, məhkəmə hazırda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tələbin təmin olunması üçün göstərdiyi halları və əsaslandırmanı qəbul etməyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək, ilkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 müayinə və müalicələrinə çəkilmiş xərclər üzrə 292.77 (iki yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, habelə ilkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün 2018-ci və 2022-ci illər üzrə ödənilməmiş illik 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manat pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. İlkin iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı X7 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “tərəflər arasında xx.xx.2017-ci il tarixində bağlanmış Barışıq sazişinin 2.2 və 2.3-cü bəndlərinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 müayinə və müalicələrinə çəkilmiş xərclər üzrə 292.77 (iki yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X10 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün 2021-ci və 2022-ci illər üzrə ödənilməmiş illik 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manat pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia tələbi üzrə ərizə qalan hissələrdə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X7 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “tərəflər arasında xx.xx.2017-ci il tarixində bağlanmış Barışıq sazişinin 2.2 və 2.3-cü bəndlərinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar