Məhkəmə qərarları › İş №2(005)-31/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-31/2023

03.03.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-31/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1 Hümmət oğlunun Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməklə ona dəymiş 105 000 (yüz beş min) manat maddi ziyanın ödənilməsi və tərəfindən cavabdehə ödənilmiş 77 000 (yetmiş yeddi min) ABŞ dolları və 90 000 (doxsan min) manatın iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC-nin direktoru Yusein Aliosman arasında 06 iyul 2020-ci il tarixdə Podrat müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən podratçı tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 357 kv.m qeyri yaşayış sahəsini “Diş klinikası” təyinatı məqsədi ilə tam təmir edilərək hazır vəziyyətdə ona təhvil verilməli idi. Görüləcək işlər müqavilədə öz əksini tapmışdır. Müqavilə üzrə görüləcək işlərin qiyməti iki hissəyə-incə işlər, mexanik və elektrik işlərinə 181000 manat, mebel işləri üçün 64000 manat, cəmi 245000 manat nəzərdə tutulmuşdur. Bu məqsədlə o müxtəlif vaxtlarda "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə 47000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 30000 manat, xx.xx.2020-ci il tarixdə 20000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat olmaqla, cəmi 77000 ABŞ dolları və 90000 manat ödəniş etmişdir. Lakin "xxxx" MMC müqavilə üzrə razılaşdırılmış təmir işləri üzrə öhdəliyi lazımınca yerinə yetirməmiş və gördüyü təmir işlərini də ucuz materiallarla keyfiyyətsiz görmüşdür. Bu barədə etirazını dəfələrlə "xxxx" MMC-yə bildirməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Müqavilə üzrə razılaşdırılmış işlər üzrə ödənişləri "xxxx" MMC-nin nümayəndəsi olan Nuri Kurt adlı şəxsə etmişdir. Görüləcək keyfiyyətsiz işləri də həmin şəxs etmişdir. "xxxx" MMC ilə müqavilə bağlanarkən cavabdeh bütün işləri 3 ay ərzində təhvil verilməsini öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən o, 2020-ci ilin oktyabr ayının əvvəli “Diş klinikası”-nı tam təmirli və mebellərlə təchiz olunmuş vəziyyətdə təhvil almalı idi. Bu məqsədlə də klinikaya aid tibbi avadanlıq, həm də digər avadanlıqlar sifariş verərək qeyd olunan ünvana gətirmişdir. Tibb işçiləri ilə müəyyən danışıqlar apararaq planlaşdırılmış vaxtda işə başlanmalı idi. Lakin həmin vaxtdan hal-hazıradək klinika cavabdehin öhdəliyini lazımınca icra edilməməsi səbəbindən fəaliyyət göstərə bilmir. Cavabdehin məsuliyyətsizliyi səbəbindən ona yeddi ay ərzində aylıq 15000 (on beş min) manat olmaqla 105000 manat maddi ziyan vurulmuşdur. Bu ziyan fəaliyyətlərini bərpa etmədikcə artmaqdadır. Bu səbəbdən müqavilə ləğv edilməli, ona dəymiş maddi ziyan ödənilməli və cavabdehə ödənilmiş pul geri qaytarılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbindən etiraz təqdim edərək, bildirmişdir ki, birincisi, İddiaçı iddia ərizəsində iddia edir ki, görülən təmir işləri ucuz materiallarla və keyfiyyətsiz görülmüşdür. Qeyd etmək zəruridir ki, görülən işlər müqaviləyə tam uyğundur. İddiaçı müqaviləyə əsaslanaraq iddia ərizəsi vermişdir. Görülən işlərin müqaviləyə zidd olaraq hansı ucuz materiallarla və necə keyfiyyətsiz görülməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Qarşı tərəfin əsassız iddiasından başqa bir şey deyildir. İkincisi, iddia ərizəsində qarşı tərəf qeyd edir ki, havalandırma sistemi işləmir, işıq sistemi və döşəmə keyfiyyətsizdir, divarlar əyridir. Qeyd olunan hallarda əsassız və sübuta yetməyən haldır. Belə ki, Cavabdeh MMC Türkiyəli iş adamları tərəfindən təsis edilən və uzun müddətdir fəaliyyət göstərən bir şirkətdir. Tərəfimizdən quraşdırılmış havalandırma sisteminin işləməməsi mümkün və ağabatan deyil. İşıq sistemi və döşəmənin keyfiyyətsiz olması da əsassızdır və heç bir sübutu yoxdur. Bundan başqa iddia ərizəsində qeyd olunur ki, Cavabdeh MMC ilə müqavilə bağlayarkən cavabdeh 3 ay ərzində təmiri öhdəsinə götürmüşdür. Guya 2020-ci ilin oktaybrın ayında “Diş Klinikası” hazır bir şəkildə təhvil verilməlidi idi. Bu halda həqiqəti əks etdirmir və müqavilədə öz əksini tapmır. Qarşı tərəfin yalan və iftirasından başqa bir şey deyildir. İddiaçı tərəfindən sonuncu ödəniş 20 dekabr 2020-ci il tarixdə olmuşdur. Əgər oktyabr 2020-ci il tarixdə qeyri-yaşayış sahəsi təhvil verilməli idisə, 20 dekabr 2020-ci il tarixdə nəyə görə qarşı tərəfdən ödəniş olunmuşdur ? Bundan başqa Diş Klinikasının fəaliyyət göstərməsi üçün müvafiq olaraq Səhiyyə Nazirliyindən lisenziya alınmalıdır. Bu tip lisenziya da alınmayıb, iş materiallarında da yoxdur. Bu hal da bir daha sübut edir ki, qarşı tərəfinin iddiası həqiqəti əks etdirmir. Həmçinin qarşı tərəf iddia ərizəsində 105 000 manat maddi zərərin ödənilməsini tələb edir. Həmin 105 000 manat zərərin necə vurulması ilə bağlı da işin içində heç bir sübut yoxdur. Həmin vəsaitin necə yaranması, hansı deliktdən yaranması bəlli deyil, əsassız iddiadır. Həqiqət də ondan ibarətdir ki, tərəfimizdən qeyri yaşayış sahəsi tam təmirli və vaxtında təhvil verilmişdir, lakin İddiaçı müvafiq lisenziyanı ala bilmədiyi üçün Diş Klinikası da fəaliyyət göstərməmişdir. Buna görə də Cavabdeh MMC-nə qarşı əsassız iddia vermişdir. Son olaraq qeyd etmək zəruridir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Cavabdeh MMC müqavilə üzrə tam öhdəliyini icra etmişdir. İddiaçı müqaviləyə əsaslanaraq iddia ərizəsi vermişdir. Qarşı tərəfin iddia ərizəsində qeyd etdiyi hallar müqavilədə öz əksini tapmır. Müqavilədə öz əksini tapmayan hallara görə də iddia tələbi təmin oluna bilməz. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Hümmət oğlu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ötən məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Podrat” müqaviləsindən görünür ki, bu müqavilə üzrə “icraçı “sifarişçi”yə məxsus ünvan 1 ünvanda yerləşən 357 kv.m qeyri yaşayış sahəsində tam təmir-tikinti işləri aparmağı öhdəsinə götürmüşdür. Müxtəlif tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə 47000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 30000 manat, xx.xx.2020-ci il tarixdə 20000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat olmaqla, cəmi 77000 ABŞ dolları və 90000 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 357 kv.m qeyri yaşayış sahəsi X2 mülkiyyətindədir; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/674 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1ci və 3-cü suallar üzrə: ünvan 1 ünvanında yerləşən 357 kv.m qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 79.410 manat məbləğində müəyyən olunmuşdur. 2-ci sual üzrə: Qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin dəyəri təqribən 500 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır; Mülki işin hər iki tərəf üçün mübahisəsiz hallarından görünür ki, Cavabdeh MMC-nin direktoru Yusein Aliosman arasında 06 iyul 2020-ci il tarixdə Podrat müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən podratçı tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 357 kv.m qeyri yaşayış sahəsini “Diş klinikası” təyinatı məqsədi ilə tam təmir edilərək hazır vəziyyətdə ona təhvil verilməli idi. Müqavilə üzrə görüləcək işlərin qiyməti iki hissəyə-incə işlər, mexanik və elektrik işlərinə 181000 manat, mebel işləri üçün 64000 manat, cəmi 245000 manat nəzərdə tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməklə ona dəymiş 105 000 (yüz beş min) manat maddi ziyanın ödənilməsi və tərəfindən cavabdehə ödənilmiş 77 000 (yetmiş yeddi min) ABŞ dolları və 90 000 (doxsan min) manatın iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin müqavilənin ləğv olunması tələbinə münasibət bildirərərk aşağıdakıları qeyd edir: Mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Eyni Məcəllənin 424.4-cü maddəsinə görə isə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Məhkəmə mülki işin mülki işin hallarını nəzərdən keçirərkən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün hüquqi əsasın mövcud olduğunu müəyyən etmişdir. Belə ki, mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olunmuşdur. Məhkəmə iddia tələbinin “105000 (bir yüz beş min) manat maddi ziyanın ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 105000 (yüz beş min) manat məbləğindən maddi ziyan dəyməsi faktını sübut edilməlidir. İddiaçı tərəf, təmirin gecikməsi səbəbindən ona ayda 15000 manat ziyan vurulmasını göstərsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı 105000 manat zərərin onun xeyrinə tutulmasını tələb etsə də, ona öhdəliklərin icra edilməməsinə görə hər hansı gəlir, artım, bəhər və s. əldə edilməsindən məhrum olması sübut olunmur. Məhkəmə hesab edir ki, ödənilmiş 77000 (yetmiş yeddi min) ABŞ dolları və 90000 (doxsan min) manatın cavabdehdən alınaraq ona qaytarılmasına dair mübahisəyə münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edilən məbləğin əsaslı olaraq qaytarılıb-qaytarılmamasını müəyyən etmək üçün mülki hüquq münasibətlərindən irəli gələn aşağıdakı qanunvericilik normalarını qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki işin araşdırılması zamanı məhkəmə tərəfindən podratçı tərəfindən müqavilə üzrə icra edilmiş dz ş yarımçıq qalmış təmir işlərinin dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/674 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1-ci və 3-cü suallar üzrə: ünvan 1 ünvanında yerləşən 357 kv.m qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 79.410 (yetmiş doqquz min dörd yüz on) manat məbləğində müəyyən olunmuşdur. 2-ci sual üzrə: Qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin dəyəri təqribən 500 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəf keyfiyyətsiz icra olunmuş xidmətin (işin) pulunu cavabdehdən tələb etmir. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə uyğun qeyd olunan hala münasibət bildirmir. İddiaçı müxtəlif vaxtlarda "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə 47000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 30000 manat, xx.xx.2020-ci il tarixdə 20000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat olmaqla, cəmi 77000 ABŞ dolları və 90000 manat ödəniş etdiyini bildirir, cavabdeh tərəf bu ödənişlərin aparılmamasını mübahisələndirmir. Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam həcmdə icra etməmiş, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə iddiaçıya dəymiş zərərin ekspert rəyi ilə müəyyən edilmiş hissədə təmin edilməsi qənaətinə gəlir. Beləliklə ümumilikdə 77000 (yetmiş yeddi min) ABŞ dolları və 10590 (on min beş yüz doxsan) manat məbləğində pul (90000 manat-79410manat) cavabdendən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Hazırki iş üzrə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməli, 100 (əlli) manat ekspertiza xərcinin ödənilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış “Podrat” xx.xx.2020-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 77000 (yetmiş yeddi min) ABŞ dolları, 10590 (on min beş yüz doxsan) manat tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh MMC tutulub “X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar