Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3119/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: əmlak, pul, kirayə haqqı, mənəvi ziyan) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlak, mənəvi ziyan və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ərizədə göstərdiyi əmlakını və ya onların dəyəri olan 10491.665 (on min beş yüz iyirmi bir) manat pulun, işə baxılmaq üçün məhkəmənin hesabına ödədiyi 126 manat pulun alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh ilə 2003-cü ilin iyun ayının 27-də, Toy Məclisi təşkil edərək, adətimizə uyğun tələblərlə ailə qurmuşuq. Toy məclisindən sonra, cavabdehlə birlikdə mənə məxsus olan ünvan 1 ünvanına gedərək, faktiki olaraq ailə qurub,ər-arvad münasibətinə daxil olmuşuq və ümumi təsərrüfat aparmaqla başlamışıq. Bildirim ki, cavabdeh mənim mənzilimə köçən vaxt öünə məxsus heç bir əmlak gətirməmişdir. 2004-cü ilin İyul ayının 30-da, Lökbatan qəsəbəsində olan mənzilimi 11.800 ABŞ dollarına sataraq,4 gün sonra, 9.100/doqquz min bir yüz/ ABŞ dollarına, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, K.Şahsuvarov küçəs 3 ünvanında yerləşən 40 saylı mənzili almışam vəbdeh Cavabdeh ilə birlikdə, həmin mənzilə köçərək yaşamağa başlmışıq və hər ikimiz mənzilə daiami qeydiyyat alınmışıq.Cavabdeh mənə məxsus mənzilə köçəndə öz ilə heç bir əmlak gətirməmişdir. 2015-ci ilin avqust ayının əvvəlində mənə məlum oldu ki, cavabdeh məndən xəbərsi, gizli olaraq mənim aldığım mənzili banka yönəldərək pul götürmək istəyir.Mən cavabdehə axşam bu barədə danışarıq sözündən sonra, axşam evə gələndə gördüm ki, cavabdeh qızıllarını və mənə məxsus nişan üzüyünü də götürüb, evdən qaçıb. Cavabdeh 2016-cı ildə mənə məhkəməyə verdi. Mənkəmə işi geri qaytardı. 2019-cu ildə məhkəməyə mən ərizə ilə müraciət edədim. Məhkəmə mübhisələri davam elədi. Rayon məhkəməsi, apellysiya məhkəməsi, Ali məhkəmədə məhkəmə mübahisələri davam etdi. Btün bu müddət ərzzində cavabdeh mənzildə yşamırdı, mənzildə mən tək yaşayırdım və mənzildə olan bütün əmlak, əşyalar mənə məxsus idi. Lakin şəxsi problemlərimlə əlaqədar olaraq bir müddət mənzilimdə olmadım. Bir gün axşam evə gələndə, mənzilin giriş qapısının açarını dəyişdirildiyini gördüm. Mənzilə daxil ola bilmədim. Soruşub öyrəndim ki, cavabdeh icra nümayəndələri ilə gələrək mənzilin giriş qapısının sındıraraq, cavabdehi mənzilə köçürüb, giriş qapısının açarını dəyişdiriblər. Özümə məxsus bütün əmlakım, əşyalarım, pal- partarlarım, şəxsi sənədlərim hamısı mənzildə qalıb. Bununla bağlı müvafiq orqanlara şikayətlər etsəm də,cavabdehdən mənzildə qalan özümə məxsus əmlakımı ala bilmədim. Cavabdehdən qohumları və tanışlar vasitəsi ilə əmlakımı istəsəm də, cavabdeh əmlakımı vermir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşam. Cavabdeh qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl, cavavabdehə ilkin olaraq Mediaiya təklifi göndərmişəm. Sonra baxılması üçün sənədləri Bakı 8 X2 təqdim etmişəm. Mediasiya təşkilatı sənədləri qəbul edəndən sonra, X6nın keçirilməsini vaxtını təyin edərək tərəflərə məlumat vermişdir. X6 xx.xx.2025-ci il tarixə, saat 09:00-dan - 09:30-dək təyin olunmu. Həmin tarixdə cavabdehin gəlməməsi səbəbindən növbəti Mediasiya sessiyası xx.xx.2025-ci il tarixə, saat 09:00-dan-09:30-dək təyin olunmuş və tərəflərə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixdə saat 09:00-da cavabdeh təkrarən Mediasiya Sessiyasına gəlməmişdir və bu səbəbdən X6nı davam etdirmək mümkün olmamışdır. Bu barədə Bakı 8 X7 xx.xx.2025-ci il tarixli arayış vermişdir. Mediasiya xərcləri mənim tərəfimdən ödənilmişdir.” İddiaçı xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, mənzili alarkən verdiyi 9100 (doqquz min yüz) ABŞ dolları manatın bu günə olan ekvivalenti ilə 15470 (on beş min dörd yüz yetmiş manat) hesablanaraq ödənilməsi, mənzilin təmiri üçün xərclədiyi ekspertizanın rəyinə əsasən 6100 (altı min yüz) manatın ödənilməsi, 2021-ci ilin oktyabr ayından bu ilin oktyabr ayınadək 48 ayın 300 manat məbləğində kirayə pulunun ümumilikdə 14400 (on dörd min dörd yüz) manat hesablanaraq ödənilməsi, mənzildə qalaraq yoxa çıxarılmış əşya və əmlakın dəyəri 15000 (on beş min) manata yaxın hesablanaraq ödənilməsi, dəymiş mənəvi ziyan 50000 (əlli min) manat hesablanaraq ödənilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3119/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əmlak, pul, təmir xərci, mənəvi ziyan və s.” tələbinə dair mülki iş üzrə icraata “mənzili alarkən verdiyi 9100 (doqquz min yüz) ABŞ dolları manatın bu günə olan ekvivalenti ilə 15470 (on beş min dörd yüz yetmiş manat) hesablanaraq ödənilməsi, mənzilin təmiri üçün xərclədiyi ekspertizanın rəyinə əsasən 6100 (altı min yüz) manatın ödənilməsi” hissələrində xitam verilməsi, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə (GPP: **********5 saylı qəbz üzrə) ödənilmiş 155,11 (yüz əlli beş manat on bir qəpik) manat və xx.xx.2025-ci il tarixdə (GPP: **********3 saylı qəbz üzrə) ödənilmiş 132,60 (yüz otuz iki manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı geri qaytarılması qərara alınmışdır. Qərardaddan şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı 2020-ci ildə mübahisəli mənzildən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılmışdır. Onun həmin mənzildə heç bir əmlakı olmamış və bütün əmlaklar Cavabdeh məxsusdur. 2021-ci ildən kirayə pulunu tələb etməsi əsassızdır. Əşyaların cavabdehdə qalması isə həqiqəti əks etdirmir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsindən görünür ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, həmçinin İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 3/40 saylı mənzildən çıxarılması qət edilmiş, ilk və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməmişdir. - Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(010)-390/2021 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 01,12.2020-ci il tarixli, 2(103)-6266/2020 nömrəli icra sənədi üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “qeydiyyat vəsiqələrinin ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6266/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 92/2020 saylı qətnaməsi qismən - Cavabdeh 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pulun alınaraq ilk iddia üzrə İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia tələbi təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3197/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6266/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6266/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli icra vərəqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 3/40 saylı mənzildən çıxarılmalıdır. Qətnamə 07 iyun 2021-ci il tarixdə qüvvəyə minmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6266/2020 saylı icra sənədi üzrə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 3/40 saylı mənzildən çıxarılmalıdır. Qeyd olunan icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. -Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6266/2020 saylı icra sənədi üzrə borclu ona verilmiş icra müddəti ərzində icra sənədinin icrasını könüllü təmin etmədiyi üçün xx.xx.2021-ci il tarixdə icra sənədinin məcburi icrası təyin edilmiş və həmin gün icra sənədinin icrası təmin edilərək mübahisəli mənzil iş üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi X5 təhvil verilmişdir. Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6266/2020 saylı icra sənədinə xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1465/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki. Suraxanı Rayon Məhkəməsinin 2(010)-6580/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı birgə təsərrüfat dövründə əldə edilmiş əmlaka dair pay hüququnun tanınması tələbinə dair həmin iddia ərizəsi MPM-in 153.3-cü maddəsinə əsasən icraata qəbul olunmasından imtina edilərək, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmışdır. Qərardadla Suraxanı Rayon Məhkəməsinin 2(010)-6580/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyərək, iddia ərizələrini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cü maddəsinin üçüncü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 9100 ABŞ dollarının Azərbaycan manatına uyğun məzənnəsi ilə və 21500 manat pul məbləğinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, X4 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə İddiaçı ünvan 3 ünvanından çıxarılması və əldən çıxmış faydaya görə (15x12= 180) 36000 manat məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, həmçinin İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 3/40 saylı mənzildən çıxarılması qət edilmiş, ilk və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməmişdir. Bununla belə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 6266/2020 saylı qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsi qismən - Cavabdeh 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pulun alınaraq ilk iddia üzrə İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia tələbi təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3197/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6266/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi işdə iştirak edən şəxslər eyni olduğundan hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Məhkəmə qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Bunun da mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Hazırda iddiaçının tələbi 3 hissədən ibarətdir: 1) 2021-ci ilin oktyabr ayından bu ilin oktyabr ayınadək 48 ayın 300 manat məbləğində kirayə pulu kimi 14400 (on dörd min dörd yüz) manat; 2) mənzildə qalaraq yoxa çıxarılmış əşya və əmlakın dəyəri kimi 15000 (on beş min) manat; 3) dəymiş mənəvi ziyan kimi 50000 (əlli min) manat. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzilinə dair məhkəmə mübahisəsi olmuş, nəticə olaraq İddiaçı mənzilə dair pul tələbi məhkəmələr tərəfindən təmin edilməmiş, Cavabdeh tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 3/40 saylı mənzildən çıxarılması qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə icra edilmiş, mübahisəli mənzil iş üzrə tələbkarın nümayəndəsinə təhvil verilmişdir. İddiaçı, Cavabdeh 2021-ci ilin oktyabr ayından kirayə pulu kimi 14400 manat məbləğ tələb etsə də, iddia tələbini qeyd olunan hissədə əsaslandırmamış, tələbinin əsaslı olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmiş və məhkəmə araşdırması zamanı tələbin əsaslı olmasına, cavabdeh tərəfindən iddiaçıya kirayə pulu ödənilməli olmasına dair hallar aşkar edilməmişdir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Məhkəmə bildirir ki, əşyaların dəyərinin cavabdehdən alınması tələbinin (vindikasiya iddiasının) maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün 3 şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, iddia ərizəsində göstərilən əşyaları və ya onun dəyərini digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs, yəni İddiaçı həmin əşyaların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını (və ya onun tərəfindən məhv edildiyini) sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsi, belə iddiaların təmin olunması üçün əsas ola bilər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yəni, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının hazırkı mülki mübahisəyə tətbiq edilməsi üçün iddiaçının dəyərinin 15000 manat olduğunu iddia etdiyi əşya və əmlaklarının hər birinin ona məxsus olmasını və həmin əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. Bununla belə, iddiaçı ona məxsus əşya və əmlaklarının cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzilində qaldığını, həmin əşyaların cavabdeh tərəfindən yoxa çıxarıldığını iddia etsə də, buna dair məhkəməyə əsaslı şübhədən kənar, mötəbər sübut təqdim etməmiş, iddiaçının göstərdiyi hallar cavabdeh tərəfindən etiraf olunmamış, əksinə inkar edilmiş və digər sübutlarla təsdiqini tapmamışdır. İddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki iş üzrə sübutetmə yükünün iddiaçının üzərində olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı tələb etdiyi digər əşyaların mövcudluğunu, həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olduğunu mötəbər sübutlarla sübuta yetirmədiyinə görə iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin üçüncü – 50000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. İddiaçı cavabdehdən 50000 manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etsə də, hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla iddiaçının mübahisə ilə bağlı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə cavabdehin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “2021-ci ilin oktyabr ayından bu ilin oktyabr ayınadək 48 ayın 300 manat məbləğində kirayə pulunun ümumilikdə 14400 (on dörd min dörd yüz) manat hesablanaraq ödənilməsi, mənzildə qalaraq yoxa çıxarılmış əşya və əmlakın dəyəri 15000 (on beş min) manata yaxın hesablanaraq ödənilməsi, dəymiş mənəvi ziyan 50000 (əlli min) manat hesablanaraq ödənilməsi” barədə iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216- 220, 233 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “2021-ci ilin oktyabr ayından bu ilin oktyabr ayınadək 48 ayın 300 manat məbləğində kirayə pulunun ümumilikdə 14400 (on dörd min dörd yüz) manat hesablanaraq ödənilməsi, mənzildə qalaraq yoxa çıxarılmış əşya və əmlakın dəyəri 15000 (on beş min) manata yaxın hesablanaraq ödənilməsi, dəymiş mənəvi ziyan 50000 (əlli min) manat hesablanaraq ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3119/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3119/2025
17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver