Məhkəmə qərarları › İş №2(005)-3126/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3126/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3126/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1350 (bir min üç yüz əlli) manat və 33.50 (otuz üç manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 1383.50 (bir min üç yüz səksən üç manat əlli qəpik) manat məbləğinin tutulub ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iş üzrə Cavabdeh 30 iyul 2024-cü il tarixdə borcunu tam ödədiyinə görə hazırki iddiadan imtina etdiyini bildirmiş, mülki iş üzrə icraata MPM-in 52.1 və 261.0.4-cü maddələrinin tələbi üzrə işə xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin elektron qaydada verilmiş ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. - 59.3-cü maddəsinə əsasən mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdehə qarşı hazırki iddia tələbindən imtina etdiyindən, onun iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, hazırkı mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə (********** saylı qəbz üzrə) ödənilmiş 33,10 (otuz üç manat on qəpik) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilən halları və iddiaçının sərbəst iradə ifadəsini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 191.2-ci, 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə (********** saylı qəbz üzrə) ödənilmiş 33,10 (otuz üç manat on qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar