Məhkəmə qərarları › İş №2(005)-3195/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3195/2024

12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3195/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda cavabdeh ailə ilə maraqlanmır, övladlarının tələbatlarını ödəmir. Əmək haqqısının az olduğunu bəhanə edərək, uşaqların tələbatını ödəməkdən, uşaqların lazımi tələbatlarla təmin olunmasına köməklik göstərməsindən imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, tərəflər arasında nikah pozulmasa da, cavabdeh uşaqların saxlanması üçün yardım göstərmir. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı, 139675 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2016-cı il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3782 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir; AA5216259 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə doğulmuşdur; AA5912881 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə doğulmuşdur; AA5912892 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə doğulmuşdur; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər arasında nikah pozulmamışdır. İddiaçı cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini əsas gətirərək, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Məhkəmə cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, uşaqların saxlanılması üçün aliment cavabdehin qazancından müəyyən hissə kimi, yəni üç uşağa görə hər ay qazancının və digər gəlirlərinin yarısı məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, həmçinin iddiaçının birgə nikahdan olan uşaqların saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında müəyyən edilməsi xahişini nəzərə alaraq, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment təyin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar