Məhkəmə qərarları › İş №2(005)-3216/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3216/2024

23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3216/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Hərbi Hospitalına, Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Hərbi Hospitalına, Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq tibbi müayinələri düzgün aparmaması nəticəsində hərbi xidmətə yararsız olduğu halda, oğlu X1 yararlı hesab edilməsi, bununla bağlı həm özünün, həmçinin iddiaçının səhhətində yaranan problemlərin yaşatdığı maddi və mənəvi sarsıntıları nəzərə alaraq cavabdehlərin ona vurmuş olduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə cəmi 45000 (qırx min) manat məbləğində kompensasiyanın (cavabdehlərin hər birindən 15000 - on beş min manat olmaqla) tutularaq ödənilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddia tələbi “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədədir, cavabdehlər qismində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Hərbi Hospitalı, Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Lakin inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Göründüyü kimi mübahisə üzrə cavabdeh qismində cəlb edilmiş subyektlərdən biri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 37-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti inzibati orqandır. Digər cavabdehə münasibətdə isə məhkəmə həmin Təsnifatın V bəndinə istinadən qeyd edir ki, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər – inzibati orqan sayılır. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna və sözügedən təsnifata görə müvafiq şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edən həm fiziki həm hüquqi şəxs inzibati orqan anlamına gələ bilər. Yaranmış hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirmək üçün məhkəmə qeyd edir ki, İddiaçı məhkəməyə müraciət edərək tibb müəssisəsinin ona vurduğu zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tibb müəssisəsinin əməkdaşlarının müvafiq müayinələri düzgün aparmadıqlarını, bununla əlaqədar özünün və oğlunun mənəvi iztirablar keçirdiyinə istinad etmiş, vurulmuş zərərin ödənilməsini xahiş etmişdir. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Göründüyü kimi İddiaçı vurulması istinad edilən zərər tibb müəssisəsinin əməkdaşlarının inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirdiyi faktiki xarakterli fəaliyyəti nəticəsində vurulmuşdur. Tələb inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılmalıdır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun: -2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının: - 3.2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. - 7.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 15.4-cü maddəsinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. - 16.1-ci maddəsinə əsasən, inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi inzibati orqan(lar)ın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana (maddi və mənəvi) görə kompensasiyanın ödənilməsi barədə olduğundan və tələbin yönəldiyi cavabdehlər inzibati orqan olduğundan, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ona görə də iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələblə əvvəlcə müvafiq inzibati orqana, bunun nəticəsindən asılı olaraq müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Hərbi Hospitalına, Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. III. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Hərbi Hospitalına, Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı hazırki tələb üzrə müvafiq inzibati orqana, bunun nəticəsindən asılı olaraq isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar