Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3261/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh “AS Texnoservis“ MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, əmək funksiyasının yerinə yetirilməsinə yaradılan maneələrin aradan qaldırılması, əmək haqqının ödənilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AS Texnoservis" MMC tərəfindən əmək funksiyalarını yerinə yetirməsinə törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, 2021-ci ilin sentyabr ayından etibarən ödənilməmiş əmək haqqının (bütün əlavələr daxil), eləcə də məcburi buraxdığı iş günlərinə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqının hesablanmaqla ona ödənilməsi, eləcə də cavabdehin qərəzli, qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə isə 4000 manat, həmçinin mediasiya xərci qismində ödədiyi 55 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, xxxxxxx0003XO nömrəli əmrinin ləğv olunaraq işə bərpa olunması, məcburi buraxdığı (işləmədiyi) dövr üçün əmək haqqı (əlavələr daxil) hesablanmaqla cavabdehdən tutularaq ona verilməsi, cavabdeh tərəfindən əmək funksiyalarını yerinə yetirməsinə törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, 2021-ci ilin sentyabr ayından etibarən ödənilməmiş əmək haqqı (bütün əlavələr daxil), eləcə də məcburi buraxdığı iş günlərinə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqının hesablanaraq ona ödənilməsi, eləcə də cavabdehin qərəzli, qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə isə 4000 manat, həmçinin mediasiya xərci qismində ödədiyi 55 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2016-cı il tarixindən etibarən Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq geodeziya mühəndisi, sonra isə 2019-cu ildən geodeziya meneceri vəzifəsində çalışmışdır. Bu illər ərzində üzərinə düşən əmək funksiyalarını layiqincə tam həcmdə yerinə yetirmişdir. Lakin bir neçə ay bundan öncə səbəbsiz əmək haqqı verilməmiş və bir neçə vaxt keçdikdən sonra isə əmək funksiyalarının yerinə yetirilməsi cavabdeh tərəfindən qanunsuz qadağan olunaraq onun əmək hüquqları kobud surətdə pozulmuşdur. Bu illər ərzində üzərinə düşən əmək funksiyalarını vicdanla, məsuliyyətlə və tam həcmdə yerinə yetirmişdir. Barəsində heç bir zaman intizam tənbehi və ya xəbərdarlıq belə tətbiq olunmamışdır. Amma ötən sentyabr ayından etibarən bu günə qədər Cavabdeh MMC-nin direktoru Elmar Əhmədov tərəfindən törədilən qanunsuzluqlar nəticəsində əmək haqqı ödənilməmişdir. Lakin bununla ona qarşı törədilən qanunsuzluqlar və özbaşınalıqlar bitməmişdir. Daha sonra qanuni əsas olmadan cavabdeh tərəfindən ümumiyyətlə işə belə buraxılmamışdır. Yaranmış problemlə əlaqədar aidiyyəti qurumlara şikayətlə müraciət etməyə məcbur olmuşdur. Qanunvericilikdə baş vermiş dəyişikliklərə əsasən yaranmış əmək mübahisələrinin məhkəmədən kənar həlli prosedurunun keçirilməsi zəruriliyini nəzərə alaraq mediasiya prosesinin təşkili məqsədilə mediatorun təyin olunması təklifini cavabdehə göndərsə də, hər hansı cavab almamışdır. Cavabdeh qərəzli mövqedə olmaqla, konstitusiya hüquqlarını kobud surətdə pozaraq, ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Cavabdeh “AS Texnoservis“ MMC əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq, dünyada, eləcə də Respublikamızda hökm sürən pandemiya dövründə ağır maddi vəziyyətə salaraq ona zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 yuxarda qeyd edilən məzmunda izahat verərək, cavabdeh tərəfindən iddiaçının əmək haqqının gecikmələrlə ödənildiyini, buna baxmayaraq bu illər ərzində üzərinə düşən əmək funksiyalarını vicdanla, məsuliyyətlə və tam həcmdə yerinə yetirdiyini, lakin bir neçə ay bundan öncə səbəbsiz əmək haqqı verilmədiyini, müəyyən vaxt keçdikdən sonra isə əmək funksiyalarının yerinə yetirilməsinin cavabdeh tərəfindən qanunsuz qadağan olunaraq onun əmək hüquqlarının kobud surətdə pozulduğunu, cavabdehə müraciət olunduqda isə iddiaçıya problemlərinin olduğunu, narahat olmamasını və əmək haqqının ödəniləcəyini bildirmişdir. Əmək müqaviləsinin ləğv edilməsindən məhkəmə prosesi zamanı məlumatı olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “AS Texnoservis“ MMC-nin vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əmək qabiliyyətinin müvəqqəti olmaması ilə bağlı məzuniyyətdə olmuş, 2021-ci ilin 26 oktyabrdan isə ümumiyyətlə işdən azad olunan tarixədək işdə olmamış, bununla bağlı onun işdə olmaması aylar üzrə aktlaşdırılmış, 2021-ci ilin mart ayı ərzində İddiaçı rəsmi qaydada 3 dəfə işə gəlməməsi barədə məlumat verilməsi üçün evinə məktubla müraciət edilmiş, məktub alınsa da rəsmi və ya şifahi qaydada şirkətə cavab bildirilməmişdir. Lakin buna baxmayaraq, o, işə gəlməkdən imtina etmiş, öz hesabına məzuniyyətdə və ya xəstəliyə görə məzuniyyətdə olmamışdır. Bizim tərəfimizdən iddiaçının işə buraxılmaması mümkün deyildir. Belə ki, iddiaçı bizim ofisdən və şirkətdən kənarda yerləşən Neft Emalı zavodunun ərazisində işləyir və giriş çıxışlarını kart vasitəsilə həyata keçirir. İddiaçı kart vasitəsilə maneəsiz şəkildə sahəyə daxil ola bilər. Biz yalnız işçi işdən çıxdıqdan sonra onun kartını ləğv edə bilərik. İddiaçı topoqraf vəzifəsində işləyir və həmin ərazi xüsusi təhlükəsizlik zonasıdır. Bu əraziyə yalnız ora daxil olmaq üçün xüsusi giriş kartına malik olan şəxslər daxil ola bilər. Bizə işçilərin işdə olmaları ilə bağlı aylıq qrafiklər daxil olur. Həmin qrafiklər isə kartlara əsasən müəyyən edilir. Biz aylıq qrafik vasitəsilə işdə olmaması barədə məlumat əldə edərək, işçiyə işə gəlməsi ilə bağlı müraciət etmişik. Kart hazırda da iddiaçıdadır və bizə hələ də təqdim etməyib. Kartın ləğv edilməsi ilə bağl rəsmi qaydada müraciət edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-yə “geodeziya mühəndisi” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin Heydər Əliyev adına Neft Emalı zavodu Modernizasiya və yenidənqurma layihəsində “geodeziya meneceri” vəzifəsinə keçirilmişdir; Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021- xx.xx.2021-ci il, ümumilikdə xx.xx.2021xx.xx.2021-ci il tarixlərində xəstəliyi ilə əlaqədar işdən azad olunmuşdur; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə müraciətə baxılmış və aparılmış araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək əmək məzuniyyətində olduğu, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən üzrlü səbəbdən işə gəlmədiyi, xx.xx.2021-ci il tarixdən üzrsüz səbəbdən işə gəlmədiyi və bu barədə heç bir məlumat vermədiyi və bununla bağlı müvafiq aktların tərtib olunduğu bildirilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə tərəflərindən baxış keçirilərkən əmək müqaviləsinə xitam verildiyi barədə əmək müqaviləsi bildirişinin mövcud olmadığı məlum olmuşdur. Əmək mübahisəsi yarandığından məhkəməyə müraciət edilməsi tövsiyə olunur; Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda xx.xx.2021ci il tarixdən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmisi və cəmiyyətə məxsus malları təhvil-təslim etməməsi qeyd edilmişdir. İşə gəlməmə səbəbi barədə rəsmi məlumat bildirilməsi xahiş edilmiş, əks təqdirdə işdən azad edilməsi barədə xəbərdar edilmişdir; Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cəmiyyət tərəfindən ayrılan malları və noutbuku təhvil verməmişdir. Ayrılan malların təhvil verilməsi xahiş edilmiş, əks halda xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; Cavabdeh MMC tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 gün məzuniyyətə çıxmış və yenidən ərizə yazaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 34 gün məzuniyyətə çıxmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsini mühasibatlıq şöbəsinə təqdim etmişdir. Cəmiyyət tərəfindən xəstəlik vərəqəsinə görə İddiaçı 1707,57 manat, DSMF tərəfindən isə 5923,47 manat dəyərində əlavə məbləğ ödənilmişdir. xx.xx.2021-ci il tarixdən isə sözügedən şəxs işə gəlməmiş və bununla bağlı heç bir xəbərdarlıq və ya məlumat verməmişdir; Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən heç bir üzrlü səbəb bildirmədən işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə istinadən 70-ci maddənin “ç” bəndinə əsasən bir həftə ərzində əmək müqaviləsinə xitam veriləcək. Həmçinin tərəfindən Cəmiyyətə məxsus “Acer” markalı noutbuk və 2TB-lıq Hard Disk təhvil verilməmişdir; xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktların surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən cəmiyyətdə Geodeziya meneceri vəzifəsində çalışan İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən işə gəlməmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, xxxxxxx0003X0 nömrəli əmrin surətindən görünür ki, Baş ofis bölməsində Geodeziya meneceri vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-də Geodeziya mühəndisi vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə geodeziya meneceri vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən-xx.xx.2021-ci il tarixinədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar işə çıxmamışdır. İddiaçının əmək müqaviləsi xx.xx.2022-ci il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işə gəlməməsi səbəbindən ləğv edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin sentyabr ayından başlayaraq işə çıxmasına törədilən maneələrin aradan qaldırılmasını, barəsində cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsini, əmək haqqının ödənilməsini və s. xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Əmək Məcəlləsi işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və ya xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin ləğv edilməsinin yolverilməz olduğunu əks etdirir. ƏM-in 76-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək müqaviləsinə xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. Həmin maddənin “ç” bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Eyni Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə isə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsidir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Yalnız işçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsi ləğv edilə bilər. İş materialları və tərəflərin izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçı bir ilə yaxın müddət ərzində işə çıxmamışdır. İddiaçı bunu cavabdeh tərəfindən iş yerinə buraxılmasına törədilən maneələrlə əlaqələndirmişdir. Cavabdeh isə müvafiq iş yerinin ofisdən kənarda, neft şirkətinin nəzdində fəaliyyət göstərən idarədə olması, həmin idarəyə giriş-çıxışın kartlarla həyata keçirilməsini, bu müəssisəyə müvafiq əmr olmadan giriş-çıxışın qadağan edilməsinin onların səlahiyyəti xaricində olmasını bildirmişdir. Bu baxımdan nəzərə alınmalıdır ki, iddiaçı qeyd edilən müddət ərzində işdə olmamasını işə buraxılmaması ilə əlaqələndirdiyindən iddia üzrə istinad etdikləri halları sübut etmək yükü də onun üzərinə düşür. Lakin iddiaçı cavabdeh tərəfindən işə buraxılmamasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmiş və istinad etdikləri halları sübut edə bilməmişdir. Həmin halları yalnız izahatlarında bildirməklə kifayətlənmişdir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hətta iddiaçının işəgötürən tərəfindən müəyyən müddət ərzində işə buraxılmaması qəbul edilmiş olsa belə, işçinin 2021-ci ilin oktyabr ayından iddia ərizəsi verilən vaxtadək, yəni 2022-ci ilin iyun ayınadək hərəkətsizlik göstərməsi özlüyündə əmək müqaviləsinin işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbindən ləğv edilməsi üçün şərait yaratmışdır. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş üzrlülük meyarı işdəki məlumatlar və dəlillər nəzərə alınmaqla işçinin real vəziyyətə görə işə gəlmək imkanında olub-olmaması baxımından qiymətləndirilməlidir. Hazırki iş üzrə iddiaçının işə çıxmaması, hər hansı bir maneədən asılı olaraq baş vermiş olsa belə, uzun müddət ərzində davam etdiyindən üzrlülük meyarının aradan qalxmasına və hüquqlardan sui-istifadəsinə səbəb olmuşdur. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bu qədər müddət ərzində məhkəməyə müraciət edilməməsini Əmək Müfəttişliyinə müraciət olunması və cavabını gözləməsi ilə əlaqələndirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, X1 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. O da qeyd edilməlidir ki, hazırki iş üzrə X1 Xidməti tərəfindən iddiaçının işə buraxılmaması ilə bağlı aparılan müvafiq araşdırmalar nəticəsində hər hansı bir pozuntu aşkar olunmamışdır. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1 və 2-ci hissələrinə uyğun olaraq, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Əmək müqaviləsinin ləğv edilməsindən iddiaçının məlumatı olmaması və bununla da onun hüquqlarının pozulması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən xəbərdarlığın göndərilməsinə dair poçt qəbzlərindən görünür ki, xəbərdarlıq iddiaçının ünvanına göndərilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçının cavabdeh təşkilatda uzun müddət işləməsi, bildirdiyinə görə həmin müddət ərzində heç bir ciddi nöqsana yol verməməsi, cəza almaması kimi onu səciyyələndirən halların mövcudluğuna baxmayaraq, iş yeri üzrə əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi,uzun müddət ərzində işə çıxmaması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməklə işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbeh növünü seçməsinə kifayət qədər hüquqi əsas vermişdir. Belə ki, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümumi vəzifələrindəndir. Müvafiq vəzifələr əhəmiyyətli dərəcədə pozulduğu halda işəgötürənin əmək müqaviləsini ləğv etmək hüququ yaranır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarına əlavə edilmiş əmək haqqı ödənişləri cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixində iddiaçıya son haqq-hesab olaraq 1388 manat pul ödənilmişdir. İddiaçının 2021-ci ilin sentyabr ayından ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə gəlincə məhkəmə qeyd edir ki, iş materiallarına əsasən işçi xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il, ümumilikdə xx.xx.2021xx.xx.2021-ci il tarixlərində xəstəliyi ilə əlaqədar işdən azad olunmuşdur. Əmək haqqı ödəniş cədvəlindən isə görünür ki, iddiaçıya 2021-ci ilin oktyabr ayında 1707.60 manat pul ödənilmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin “Qeyd”inə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə görə, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Digər dövrlər üçün ödənilməsi tələb edilən əmək haqqına gəlincə isə qeyd edilməlidir ki, iddiaçının müvəqqəti əmək qabiliyyətinin olmamasına görə işə çıxmamasından sonrakı dövrdə, yəni 26 oktyabr 2021-ci ildən əmək müqaviləsi ləğv edilənədək olan dövrdə işə gəlməməsi işin mübahisəsiz halıdır. Mövcud vəziyyətdə, yəni əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi dövr üçün əmək haqqının ödənilməsi isə əmək haqqı anlayışının mahiyyəti, ümumilikdə əmək qanunvericiliyinin normaları ilə ziddiyyət təşkil edər. Göründüyü kimi, hazırki iş üzrə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin normalarının pozuntusu aşkar edilməmişdir. Məhkəmə, həmçinin, prosessual qənaət prinsipindən çıxış edərək qeyd edir ki, əmək funksiyasının yerinə yetirilməsinə törədilən maneələrin aradan qaldırılması, əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi tələbi təmin edilmədiyindən iddia məcburi iş buraxma üçün əmək haqqının, maddi və mənəvi zərərin, çəkilmiş xərclərin əvəzinin ödənilməsi hissəsində də əlavə araşdırma aparılmadan təmin edilməməlidir. Məhkəmə vurğulayır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, əmək funksiyasının yerinə yetirilməsinə yaradılan maneələrin aradan qaldırılması, əmək haqqının ödənilməsi və s. tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, əmək funksiyasının yerinə yetirilməsinə yaradılan maneələrin aradan qaldırılması, əmək haqqının ödənilməsi və s. tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3261/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3261/2022
29.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver