Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3267/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X4 Cavabdeh "Bank of Baku” ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "Bank of Baku” ASC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "Bank of Baku” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasından tutulan artıq pulların ona qaytarılması, ödədiyi 30 manat dövlət rüsumu və 5000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, müalicəsi ilə bağlı bankdan kredit götürmüş, müalicə və əməliyyat olunmasına yüksək vəsait sərf olunduğuna görə banka ödəniş edə bilməmişdir. Buna görə bank öz hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş, Bankın iddiası əsasında ona qarşı 2403,73 manat əsas, 1165,34 manat faiz borcu olmaqla, cəmi 3569, 07 manat borcla bağlı 17 noyabr 2016-cı il tarixli, 2(075)-12447/2016 saylı məhkəmə əmri verilmişdir. İddiaçı onda olan ödəniş qəbzlərini banka təqdim edərək, borcundan 791, 84 manat əsas və 260,57 manat faiz olmaqla, cəmi 1052,41 manat təşkil etdiyini bildirmiş, lakin bank buna məhəl qoymamışdır. İddiaçı dəfələrlə banka müraciət etməsinə baxmayaraq, bank məhkəmə əmrinə etiraz etməmişdir. Beləliklə, icra şöbəsinin 10 fevral 2017-ci il tarixli məktubuna əsasən 3569,07 manat onun pensiyasından tutulmaya yönəldilmişdir. Daha sonra iddiaçının etiraz ərizəsi əsasında 03 aprel 2017-ci il tarixli, 2(075)-2099/2017 saylı məhkəmə qətnaməsi ilə onun borcu bankın iddia etdiyi kimi 3569,07 manat deyil, 1052,41 manat təşkil edir. İkinci dəfə bankın iddiası əsasında ona qarşı 882,86 manat əsas və 924,90 manat faiz, 48,71 manat dəbbə pulu olmaqla, cəmi 1856,47 dollar borcla bağlı 24 aprel 2018-ci il tarixli, 2(075)-2145/2018 saylı məhkəmə əmri verilmişdir. 12.10.2018-ci il tarixli, 2(075)-2145/2018 saylı məhkəmə qətnaməsi ilə borc bankın iddia etdiyi kimi 1856,47 dollar deyil, 882,86 dollar əsas, 330,92 dollar faiz və 67,05 dollar cərimə olmaqla, cəmi 1280,83 dollar təşkil edir. Belə ki, Şəki rayon İcra Şöbəsinin 03.08.2017-ci il tarxli, 19951/7 saylı məktubuna, 2(075)-2099/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra sənədinə əsasən onun pensiyasından 1052,41 manat borc və 20 manat dövlət rüsumu olmaqla, 1072,41 manat pul tutulmalıdır. Şəki DSMF-nin 27.09.2019-cu il tarixli arayışında onun pensiyasından 2(075)-2099/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra sənədinə əsasən 564,13 manat pul tutularaq banka ödənilmişdir. Şəki 15 saylı Regional Ərazi Filialının 06.05.2021-ci il tarixli arayışında 11.02.2020-ci il tarixli 2209/7 saylı icra məktubuna, 2(075)- 2099/2017 saylı, 03.04.2017-ci il tarixli icra sənədinə əsasən pensiyadan 489,72 manat tutularaq, bankın hesabına köçürülmüşdür. Bundan əlavə, 10 oktyabr 2020-ci il 31 yanvar 2021-ci il tarixə qədər 231,18 manat pul tutulmuşdur. Beləliklə, cəm olaraq, ondan 1285,03 manat pul tutulmuşdur. Bundan 7 fazi, yəni 75,76 manat icra şöbəsinə köçürüldükdə 1209,27 manat təşkil edir. Bundan İcra Şöbəsinin arayışında qeyd edilən 1072,41 manat borc çıxılanda 136,86 manat artıq pul tutulduğu aşkar olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X9 iddianı qəbul etməmiş və bildirmişdir ki, iş üzrə hesabdan çıxarış məhkəməyə təqdm olunmuş və bunun əsasında mühasibətlıq ekspertizası təyin edilmişdir. BAL0076913/13 saylı müqavilə üzrə tərtib edilmiş bank hesabından çıxarış məlumatlarına əsasən 03.04.2017-ci il tarixli, 2(075)-2099/2017 saylı icra sənədi üzrə ümumilikdə 1072,41 manat ödənilməli olduğu halda, İddiaçı tərəfindən 01.10.2017-ci il tarixdən 19.08.2021-ci il tarixədək ümumilikdə 916,99 manat məbləğində ödəniş edilmişdir. Deməli, iddiaçının banka 156 manat borcu qalmışdır. Ekspertizaya təqdim edilmiş bank hesabından çıxarış məlumatlarına əsasən (çıxarışın əhatə dövrü 11.08.2018-ci il tarixdən - 11.08.2021-ci il tarixədək) iddiaçıdan sonuncu tutulan məbləğ 23.09.2020-ci il tarixdə 69,96 manat məbləğində olmuşdur. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki rayonu VVAQ şöbəsi tərəfindən 05.09.1975-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 300205 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 ilə X6 arasında 05.09.1975-ci il tarixdə bağlanmış nikah 209 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Rəsulova soyadı verilmişdir; Şəki Rayon Məhkəməsinin 2(075)-2099/2017 nömrəli, 03 aprel 2017-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı ilə arasında 21 iyun 2013-cü il tarixdə bağlanmış plastik kartı üzrə kredit xətti müqaviləsinin ləğv edilərək cavabdeh İddiaçı xeyrinə 2403,73manat əsas borc və 1165,34 manat faiz borcu olmaqla, cəmi 3569,07 manat borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması tələbinə dair iddia ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış 21 iyun 2013-cü il tarixli plastik kartı üzrə kredit xətti müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə 791,84 manat əsas borc və 260,57 manat faiz borcu olmaqla, cəmi 1052,41 manat borcu və bank tərəfindən ərizə ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 20 manat tutulması qət edilmişdir; Şəki Rayon Məhkəməsinin 2(075)-2145/2018 nömrəli, 12 oktyabr 2018-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh X1 xeyrinə 882.86 ABŞ dolları əsas, 330.92 ABŞ dolları faiz və 167.05 ABŞ dolları cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 882.86 ABŞ dolları əsas, 330,92 ABŞ dolları faiz və 67 05 ABŞ dolları cənmə borcu və bank tərəfindən ərizə ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 20 manat tutulması qət edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin 27.09.2019-cu il tarixli İddiaçı ərizəsinə cavab məktubunda “Şəki rayonu İcra və Probasiya şöbəsinin 03.08.2017-ci il tarixli 19.951/7 saylı məktubuna 2(075)- 2099/2017 nömrəli 03.04.2017-ci il tarixli icra sənədinə sənədinə əsasən əmək pensiyanızdan 01.10.2017-ci il tarixindən - 28.02.2019-cu il tarixədək 564.13 manat tutularaq tələbkar Bank of bakuya ödənilmişdir. Prezdentin fərmanına əsasən 01.03.2019-cu il tarixindən tutulma dayandırılmışdir” göstərilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialının 06.05.2021-ci il tarixli İddiaçı ərizəsinə cavab məktubunda “11.02.2020-ci il tarixli 2209/7 saylı icra məktubuna, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2099/2017 saylı 03.04.2017-ci il tarixli ica sənədinə əsasən borclu İddiaçı əmək pensiyasından 01.03.2020-ci ildən 30.09.2020-ci ilədək aylıq 69.96 manat (7 ay*69.96 manat=489.72 manat) tələbkar Bank of Bakunun hesabına köçürülmüşdür” göstərilmişdir; Cavabdeh ASC-nin 11.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış BAL0076913/13 saylı müqaviləyə əsasən 01.10.2017-ci il tarixindən 11.08.2021-ci il tarixədək 916,99 manat məbləğində ödəniş etmiş, İddiaçı BAL0076913/13 saylı müqavilə üzrə 11.08.2021-ci il tarixinə Cavabdeh ASC-yə 155,42 manat borcu vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2021-ci il tarixli, 9/6404 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən BAL0076913/13 saylı müqavilə üzrə tərtib edilmiş bank hesabından çıxarış məlumatlarına əsasən 03.04.2017-ci il tarixli, 2(075)- 2099/2017 saylı icra sənədi üzrə ümulikdə 1072,41 manat ödənilməli olduğu halda, İddiaçı tərəfindən 01.10.2017-ci il tarixdən 19.08.2021-ci il tarixədək ümumilikdə 916,99 manat məbləğində ödəniş edilmişdir. Ekspertizaya təqdim edilmiş bank hesabından çıxarış məlumatlarına əsasən (çıxarışın əhatə dövrü 11.08.2028-ci il tarixdən - 11.08.2021-ci il tarixədək) iddiaçıdan sonuncu tutulan məbləğ 23.09.2020-ci il tarixdə 69,96 manat məbləğində olmuşdur. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; İş materiallarına əlavə edilmiş 07.06.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2099/2017 nömrəli, 03 aprel 2017-ci il tarixli Qətnaməsinə əsasən cavabdeh İddiaçı arasında bağlanmış 21 iyun 2013-cü il tarixli plastik kartı üzrə kredit xətti müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə 791,84 manat əsas borc və 260,57 manat faiz borcu olmaqla, cəmi 1052,41 manat borcu və bank tərəfindən ərizə ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 20 manat tutulması qət edilmişdir. İddiaçı ondan 136,86 manat artıq pul tutulduğunu iddia etmişdir. İş üzrə keçirilmiş ekspert rəyi ilə iddiaçının irəli sürdüyü iddianın əsassız olduğu müəyyən edilmiş, 03.04.2017-ci il tarixli, 2(075)-2099/2017 saylı icra sənədi üzrə ümulikdə 1072,41 manat ödənilməli olduğu halda, İddiaçı tərəfindən 01.10.2017-ci il tarixdən 19.08.2021-ci il tarixədək ümumilikdə 916,99 manat məbləğində ödəniş edilməsi aşkar olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Şəki Rayon Məhkəməsinin 2(075)-2099/2017 nömrəli, 03 aprel 2017-ci il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-2145/2018 nömrəli, 12 oktyabr 2018-ci il tarixli Qətnamələri hazırki iş üzrə preyudisial xarakter daşıyır. İddia tələbində göstərildiyi kimi icra sənədləri üzrə artıq tutlmasının olması və ya ödəniş aparılması müəyyən edilməmişdir. Buna görə də, iddia tələbi rədd olunmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçının sənədlərin ona təhvil verilməsi ilə bağlı hesab edir ki, iddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə136,86 manat artıq pul tutulduğunu sübut etməli idi. İddiaçıdan icra sənədi üzrə 136,86 manat artıq pul tutulması ekspert rəyi ilə təkzib olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin “5000 manat mənəvi ziyanın ona ödənilməsi” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "Bank of Baku” ASC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "Bank of Baku” ASC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3267/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3267/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver