Məhkəmə qərarları › İş №2(005)-3301/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3301/2020

18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3301/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi zərərə görə kompensasiyanın tutulması” tələbinə dair ərizəsi üzrə mülki işədair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2.000.000 manat mənəvi zərər görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, X10 tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozması nəticədə ehtiyatsızlıqdan bir nəfər zərər çəkmiş şəxsin ölümünə və digərinin isə sağlamlığına az ağır zərər vurmaya səbəb olmuşdur. Belə ki, o, xx xxxxxxxx 2014-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri Azadlıq prospekti ilə S.S.Axundov küçəsinin kəsişməsində inşa olunan qeyri-yaşayış binasında inşa işləri aparılan yaman icraçı direktor vəzifəsində işlədiyi dövrdə tikintinin planlaşdırılması və ona rəhbərlik edilməsi vəzifəsini yerinə yetirərkən görülən işlərin təhlükəsiz görülməsinə cavabdehlik ona həvalə edildiyi halda, tikinti-quraşdırma işlərinin aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozaraq qeyd edilən binada qəlibçi işləri aparılarkən yüksəklikdə yerləşən iş yerlərini müvafiq tələbələrə cavab verən, açıq kənarları müvafiq (işarə verici, mühafızəedici) çəpərlərlə çəpərlənməsini, ayaqaltı larin kənarlarının müvafiq çəpər və yan elmentləri ilə təmin olunmasını, həmin ayaqaltıların düzgün quraşdırılmasını və istismara buraxılmasını təşkil etməyərək ‘Tikintidə təhlükəsizlik texnikası" İİİ-4-80 saylı “Tikinti norma və qaydalarının 1.11 bəndinin tikinti meydançasında olan şəxslərin dəbilqə geyinməsi. 1.20 bəndinin tikinti-quraşdırma işlərinin sərbəst görülməsinə peşə üzrə hazırlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə təlimatlandırma və bilik səviyyəsinin yoxlanılması. 2.2, 2.5. 2.6 bəndlərinin tikintidə daimi və potenisal təhlükəli zonaların müəyyənləşdirilməsi, həmin zonalara adamların daxil olmasının qarşısını alan, yaxud məhdudlaşdırılan müvafiq mühafizə və yaxud işarəverici çəpərlə çəpərlənməsi. 2.26 bəndin 1.3 metrdən artıq hündürlükdə yerləşən iş yerlərinin çəpərlənməsi, çəpərlənmə mümkün olmadığı halda bu hündürlükdə görülən işlərin qoruyucu kəmərdən itifadə olunması ilə yerinə yetirilməsi. 4.2 bəndinin ayaqaltıların hamar işçi ayaqaltılarla təmin olunması və 4.6 bəndinin hündürlüyü 4 metrəyə qədər olan ayaqaltıların iş icraçısı və yaxud usta tərəfindən yoxlanıldıqdan sonra istismara qəbul olunması və tikintinin iş jurnalına qeydə alınması, hündürlüyü 4 metrdən artıq olan ayaqaltıların. tikinti-quraşdırılma təşkilatının rəhbərliyi tərəfimdən təyin olunmuş komisiya tərəfindən qəbul edildikdən sonra istismara buraxılması, bu barədə müvafiq aktın tərtib olunması tələbələrini pozmuş, nəticədə həmin binanın 6-cı mərtəbəsində qəlib işləri aparan qəlibçilər X7 və X11 xx.xx.2015-ci il tarixdə 24 radələrində binanın 6-cı mərtəbəsindən yıxılaraq X7 almış olduğu xəsarətlərindən hadisə yerində ölmüş X11 isə dərəcəsinə görə sağlamlığına az ağır zərər vurmaya aid xəsarət almış, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ölümünə, digər zərərçəkmiş şəxs X5 isə ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurmaya səbəb olan tikinti işlərinin aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozma cinayətini törətmişdir. Bakı Ağır cinayətlər məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(101)-930/2015 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs Nağıyev Nizami Respublikası CM-in 222.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli. 1(103)-388/2016 saylı qərarına əsasən apellvasiya protesti təmin olunmamış və Bakı Ağır Cinayətlər Məhkəməsinin X6 haqqındakı xx xxxxxx 2015-ci il tarixli hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 222.3cü maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə hökm çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə Cavabdeh MTK-da icraçı direktor işləyən X4, yəni hüquqi şəxsin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində yeganə oğlumun ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı vaşanan streslər. əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdiyimiz stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq iddiaçya, dəymiş mənəvi zərər cavabdeh “Cavabdeh" MTK-dan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MTK-nın səlahiyyətli nümayəndəsi və üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üzürlü səbəb olmadan iştirak etməmiş, xx.xx.2020-ci il tarixdə üçüncü şəxs X10 teleqram ilə müraciət edərək, karantin şəraitində olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini MPM-in 185-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəlilabad qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışa əsasən X8 xx.xx.1994-cü ildə Cəlilabad rayonu, Soltankənd kəndində doğulmuşdur. Bu barədə xx.xx.1994-cü il tarixli, 59 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Cəlilabad qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışa əsasən X8 xx.xx.2015-ci ildə Bakı şəhəri Binəqədi rayonunda vəfat etmişdir. Bu barədə xx.xx.2015-ci il tarixli, 131 №-li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 1(101)-930/2015 saylı hökmünə əsasən X10 AR CM-nin 222.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən hökm ilə müəyyən edilmişdir ki, X10 tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan bir nəfər (X8) zərər çəkmiş şəxsin ölümünə və digərinin isə sağlamlağına az ağır zərə vurmaya səbəb olmuşdur. İddianın əsasını, cavabdehin işçisinin hüquqa zidd əməli nəticəsində X2 vəfat etməsi nəticəsində atası İddiaçı stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən ona mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 1(101)-930/2015 saylı hökmünə əsasən Cavabdeh MTK-da icraçı direktor vəzifəsində çalışan X4 əməli öz təsdiqini tapmış və onun təqsirli bilinməsinə dair qərar çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərarında aşağıdakı nəticəyə gəlinmişdir: -Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə baxılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi vahid məhkəmə təcrübəsinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Beləliklə məhkəmə araşdırması zamanı sübuta yetir ki, X7 Cavabdeh MTK-ya məxsus binanın tikintisi zamanı almış olduğu xəsarətə görə ölmüşdür. Məhkəmə araşdırması zaman işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Nihat Əliyevin xx.xx.1994-cü il təvəllüdlüdür, atası, yəni İddiaçı isə 57 yaşı var, onun yetkinlik yaşına çatan bir qızı var. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçıya oğlunun ölümü ilə əlaqədar sarsıntılar keçirməsi, onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar istisna edilmir. Məhkəmə bu kimi halları, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 1(101)-930/2015 saylı hökmünün təsviri hissəsində qeyd olunan zərəçəkmiş şəxsin hüquqi varisi İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsini (oğlu Nahit Əliyevin ölümü ilə əlaqədar Nizami Nağıyevdən heç bir şikayəti yoxdur, gələcək də olmayacaq, ona maddi köməklik göstərilmişdir) nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 5000 manat məbləğində mənəvi zərər kimi kompensasiya tutulmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu hər hansı tələb olmadığından iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 5000 (beş min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar