Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3311/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə hərracın yekunları barədə protokolun, müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 190, M5 ünvanında 3 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə 30/05 saylı, xx.xx.2021-ci il tarixli protokolun, maraqlı şəxs "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrin, iş üzrə tələbkar "xxxx" ASC-nin adına qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-138/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci tarixli, 43/15 saylı kredit müqaviləsinə əsasən 78654,90 manat əsas, 8529,31 manat faiz, cəmi 87184,21 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat pulun cavabdehlər İddiaçı, X1 və “ASP" MTK-dan müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Eyni zamanda ipoteka predmeti olan ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr.190, M5 ünvanında yerləşən 3 saylı mənzilin ilkin satış qiyməti 102000 manat müəyyən edilmiş və tutmanın ona məxsus mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə ilə satılaraq, ondan əldə olunan pulun “X5” ASC-nin xeyrinə ödənilməsi, həmin mənzilə tutma yönəldikdə və o satıldıqda X2 və İddiaçı mənzildən çıxarılması və mənzilin ən geci bir ay ərzində “Azər-Türk Bank" ASC-yə təhvil verilməsi qət edilmişdir. Bununla bağlı Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli, 2 (004)-138/2020 nömrəli icra vərəqəsi verilmişdir. Qəmamənin icrasından məlumatı olmamış və yalnız bu yaxınlarda ona məlum olmuşdur ki, icra şöbəsinin sifarişi əsasında cavabdeh Hərrac Mərkəzi tərəfindən mənzil ilə bağlı hərrac keçirilmiş, hərracın nəticələri ilə mənzil “Azər-Türk Bank" ASC-yə satılmış, hərracın nəticəsi barədə 30/05 saylı, xx.xx.2021-ci il tarixli protokol və "xxxx" ilə “alqı-satqı müqaviləsi” bağlanmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Azər-Türk Bank" ASC-yə “Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış" verilmişdir. Hərrac barədə ona məlumat verilmədiyindən hesab edir ki, hərracın nəticəsi barədə protokolun, “X5” ASC ilə bağlanmış alqı-satqı müqaviləsi və "xxxx" ASC-nin adına verilmiş çıxarış məhkəmə qaydasında etibarsız sayılmalıdır.Belə ki, ona məlum olmuşdur ki, hərrac keçirilən dövrdə həbsdə olmuş, iki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Bu isə onun hərracın keçirilmə yeri və tarixi barədə məlumatsız olduğuna sübutdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin ilkin sayış qiyməti 102000 manat müəyyən edilmiş və cəmi 87184,2 manat məbləğində tutma həmin ipoteka predmetinə yönəldilmişdir; Hərrac Mərkəzi Cavabdeh hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 01/899 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi 11 mart 2021-ci il tarixə saat 11:00-17:00-dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 102000 manat müəyyən edilmişdir; Hərrac Mərkəzi "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi 31 mart 2021-ci il tarixə saat 11:00-17:00-dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın təkrar satış qiyməti 86700 manat müəyyən edilmişdir; Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində ünvanlanmış 01 və 02 nömrəli bildirişlərdən (kuryer xidmətləri üçün mədaxil qəbzlərindən) görünür ki, İddiaçı adına bildirişlər Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 30 və Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanına göndərilmişdir; “Birja yenilikləri” qəzetinin 16 fevral 2021-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə dair açıq hərracın ilkin satış qiyməti 102000 manat müəyyən edilməklə, xx.xx.2021-ci il tarixində keçiriləcəyi elan edilmişdir; “Birja yenilikləri” qəzetinin 16 mart 2021-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 190 M5 ünvanında yerləşən 3 saylı mənzilə dair açıq hərrac, satış qiyməti 86700 manat müəyyən edilməklə, xx.xx.2021ci il tarixində keçiriləcəyi elan edilmişdir; “Birja yenilikləri” qəzetinin 06 aprel 2021-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında yerləşən mənzilə dair hərrac baş tutmamışdır; Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2021-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 65025 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; Hərrac Mərkəzi "xxxx" MMC-nin hərracın yekunları barədə 30/05 nömrəli, xx.xx.2021-ci il tarixli protokolunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin və Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən, "xxxx" MMC-nin təşkilatçılığı ilə hərraclar keçirilmiş və başa çatdırılmışdır, ipoteka saxlayan ipoteka predmetini 65025 manat qiymətlə əldə etmək hüququnu bildirmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 190, M5, m3 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir; Abşeron Rayon Məhkəməsinin 1(012)-41/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 01 il 01 ay 15 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlandığı 01 ay 08 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, Yasamal Rayon İcra şöbəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə 11 mart 2021-ci il və 31 mart 2021-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iddiaçıya xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokola əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 190 M5 ünvanında yerləşən 3 saylı mənzil 65025 manata alıcı "xxxx" ASC-yə satılmışdır. Hazırda iddiaçı qeyd edilən hərrac barədə onlara lazımi qaydada məlumat verilmədiyinə və həbsdə olmasına istinad edərək hərracın etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Eyni Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İddiaçının hərrac keçirilən dövrdə həbsdə olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı adına bildirişlər Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 30 və Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanlarına göndərilmişdir. Göründüyü kimi, hərracın keçirilməsinə dair bildiriş iki ünvana, ipoteka qoyulmuş mənzilin yerləşdiyi ünvana və digər ünvana göndərilmişdir. İddiaçı izahatında həmin ünvanın qardaşına məxsus olduğunu və onlara bildiriş çatmadığını göstərmişdir. Mövcud qanunvericilik normalarına uyğun olaraq isə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Həmçinin qeyd edilməlidir ki, hərracın keçirilməsi zamanı qüvvədə olan “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin yeni redaksiyasına əsasən - ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Göründüyü kimi, qanunverici ipoteka saxlayanın bildirişin çatdırılması vəzifəsini deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərməsini və göndərildikdən 5 gün sonra çatdırılmış hesab edildiyini nəzərdə tutur. Məhkəmə hesab edir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraca dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli protokolun etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual qənaət prinsipindən çıxış edərək qeyd edir ki, hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli protokol etibarsız hesab edilmədiyindən iddia protokola əsaslanan alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissəsində də əlavə araşdırılma aparılmadan rədd edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsi və "xxxx" ASC cəlb edilməklə hərracın yekunları barədə protokolun, müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsi və "xxxx" ASC cəlb edilməklə hərracın yekunları barədə protokolun, müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3311/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3311/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver