Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3314/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Kreditor MMC Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 4596 manat məbləğində əsas borc, hər iki müqavilə üzrə hesablanmış 1000 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5696 manat məbləğində pul vəsaitinin alınaraq kreditor "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.1.6-cı maddəsinə görə isə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC tərəfindən Borclu qarşı pulun ödənilməsi ilə bağlı tələb irəli sürülərkən həmin mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiqləyən sübutları iş materiallarına əlavə etməmiş və bununla da məhkəməyə Mülki Prosessual Məcəllənin 151 və 152-ci maddələrinin tələblərinə riayət etməməklə ərizə vermişdir. O da qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış belə kateqoriyadan olan müqavilədə pretenziya (məhkəməyə qədər nizama salınma) qaydasının nəzərdə tutulmaması tərəfləri bu qaydaya riayiət edilməsi vəzifəsindən azad etmir. Belə ki, mülki qanunvericiliyin bir sıra normalarının məzmunundan aydın olur ki, qanunvericilik bu kateqoriya müqavilələrdə pretenziya qaydasına əməl edilməsini müqavilədən asılı etməyərək tərəflər üçün məcburi etmişdir. Hazırki iş üzrə müqavilələrdən görünür ki, Borclu Kreditor MMC-dən məişət avadanlıqları əldə etmiş, həmin əşyaların dəyərini pul məbləğində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi adlandırılsa da, müqavilənin məzmununa və şərtlərinə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 443.5-ci maddəsinə görə borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, borclu öz öhdəliyini icra etmədikdə kreditor həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Həmçinin ərizəçinin cərimə tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında bağlanmış müqavilələrdə borcalanın borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadığı halda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəməsi qeyd edilmişdir. Eləcə də ərizədə borclunun kreditora gecikdirilmiş hər gün üçün hesablanmış 246 manat və 20880 manat faiz borcu yarandığı, lakin faiz borcunun borcludan cəmi 1000 manat məbləğində tələb edildiyi qeyd edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq qeyd edir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu mübahisələndirilə bildiyi və məhkəmə tərəfindən azaldıla bildiyi üçün hazırki kreditorun tələbi borclunun mübahisə edilməyən vəzifəsinə aid edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2-ci maddəsinə görə isə verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır Mülki Prosessual Məcəllənin 279.3 və 279.4-cü maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məcəllənin 114.1.2-ci maddəsinə görə isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilməli, kreditora həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 276 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunsun. İddia icraatı qaydasında ərizə verildiyi təqdirdə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablansın, ərizə verilmədiyi halda isə ödənilmiş 100 (yüz) manat məbləğində dövət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3314/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3314/2022
25.07.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver