Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-332/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi MMC-nin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs4 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi MMC-nin (Bakı şəhəri 21 saylı Notariat Ofisi, Sabunçu rayon İcra Şöbəsi, Binəqədi rayon İcra şöbəsi və Maraqlı şəxs4 ASC maraqlı şəxs qismində cəlb edilməklə) “icra qeydlərinin ləğv edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC (Bakı şəhəri 21 saylı Notariat Ofisi, Sabunçu rayon İcra Şöbəsi, Binəqədi rayon İcra şöbəsi və Maraqlı şəxs4 ASC maraqlı şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 saylı Notariat Ofisinin 8İ-6071 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-6072 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-6073 saylı, xx.xx.2022-ci il tarixli icra qeydlərinin ləgv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs4 ASC-nin Şəmkir filialı ilə Ərizəçi MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə 01/147-AD saylı ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2018-ci il tarixli, 01 saylı əlavəyə əsasən Ərizəçi MMC-yə 60 ay müddətinə illik 6 % olmaqla ******* manat kredit verilmişdir. Əlavə olaraq Maraqlı şəxs4 ASC-nin Şəmkir filialı ilə X4 arasında xx.xx.2018-ci il tarixli, 01/147-AD saylı zaminlik müqaviləsi bağlanmışdır. Ərizəçi MMC-nin kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri 32 saylı Notariat kontorunda Maraqlı şəxs4 ASC-nin Şəmkir filialı ilə X5 arasında xx.xx.2018-ci il tarixli, 02/147-AD saylı ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanında olan bağ evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ərizəçi MMCnin kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri 32 saylı Notariat kontorunda Maraqlı şəxs4 ASC-nin Şəmkir filialı ilə X5 arasında xx.xx.2018-ci il tarixli, 03/147-AD saylı ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.1173 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ərizəçi MMC-nin kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri 32 saylı Notariat kontorunda Maraqlı şəxs4 ASC-nin Şəmkir filialı ilə X5 arasında xx.xx.2018-ci il tarixli, 01/147-AD saylı ipoteka müqaviləsi bağlanmış və ünvan 2, 21 saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tələbkar Maraqlı şəxs4 ASC xx.xx.2022-ci il tarixli, 13500/6113 saylı ərizə ilə ünvan 5 müraciət edərək ipoteka ilə yüklü edilmiş əmlaklara icra qeydi ilə tutmanın yönəldilməsinə dair xx.xx.2022-ci il tarixli, 8İ-6071, 8İ-6072 və 8İ-6073 saylı icra qeydləri verilmiş, icra qeydləri barədə məlumatı müvafiq olaraq Sabunçu rayon icra şöbəsindən və Binəqədi rayon icra şöbəsindən əldə edilmişdir. Vəkil sorğusu əsasında notariat kontorundan icra qeydinin verilməsinə dair notariat işləri götürülmüş və müvafiq qanun pozuntularının aparılması aşkarlanmışdır. Notariusun icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Həmin qanun pozuntularına aiddir: 1) İcra qeydinin borclunun olduğu yer üzrə notariusa verilməməsi; 2) İcra qeydinin verilməsinə dair müraciətin elektron qaydada təqdim edilməməsi; 3) Borcun mübahisəsiz olduğunun araşdırılmaması; 4) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icra qeydinin aparılacağı barədə bildirişin bank tərəfindən təqdim edilməməsi; 5) Borcun ödənilməmiş hissəsi üzrə icra qeydinin aparılmaması. Notariat orqanı qanunun tələblərini pozaraq borclunun olduğu yer üzrə deyil, ipoteka qoyanın olduğu üzrə icra qeydini aparmışdır. Hazırkı mübahisə üzrə borclu Ərizəçi MMC olduğundan “Notariat” haqqında Azərbaycan Respublikası qanunun 76-cı maddəsinin tələblərinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Qanunvericiliyin və təlimatın tələblərinə əsasən icra qeydinin verilməsi ilə əlaqədar tələbkarın müraciəti fiziki şəxslər istisna olmaqla bütün hüquqi şəxslər və dövlət orqanları yalnız elektron qaydada həyata keçirməlidir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. İcra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun ödənilməsi barədə MMC-yə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat” haqqında Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Bundan başqa tələbkar borcu təsdiq edəcək maliyyə arayışını icra qeydinin verilməsinə dair ərizəyə əlavə etməmişdir. Tələbkar borcluya müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada bildiriş göndərməli olduğu halda sadə ümumi əsaslarla bildiriş göndərməklə kifayətlənmişdir. Qanun birbaşa tələbkarın üzərinə qanunvericiliklə müəyyən edilmiş bildirişin göndərilməsi öhdəliyini qoymuşdur. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 161-ci maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notarial ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar icra qeydinin verilməsi barədə notariat ofisinə təqdim etdiyi ərizəyə əlavə etdiyi sənədlərdə kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlini əlavə etməmiş və icra qeydinin verildiyi günə borclunun banka olan gecikdirilmiş borc barədə maliyyə arayışı olmadığından Təlimatın 162-ci bəndində göstərilən icra qeydinin qalıq borca nisbətdə verilməsi ilə bağlı tələbi pozulmuşdur. Notaral orqani mövcud borc öhdəliyi barədə əlavə sənədlər və arayışlar təqdim etməli olduğu halda bunu etməyərək qanunvericiliyin tələblərinə cavab vermədən əsasız icra qeydi verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs4 ASC-nin nümayəndəsi X6 ərizəyə etiraz edərək bildirmişdir ki, icra qeydi aparılarkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir və ərizədə göstərilən dəlillər əsassızdır. Bu səbəbdən ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 01/147-AD nömrəli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilənin surətindən görünür ki, Maraqlı şəxs4 ASC ilə Ərizəçi MMC arasında kredit limitinin ayrılması və kreditlərin verilməsi, rəsmiləşdirilməsi və istifadə olunması ilə bağlı müqavilə bağlanmışdır; 01/147-AD saylı, xx.xx.2018-ci il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2018-ci il tarixli, 01 saylı əlavənin surətindən görünür ki, müqavilə üzrə tərəflər illik 6 faiz olmaqla, 60 ay müddətinə, ******* manat məbləğində kredit ayrılması barədə razılığa gəlmişlər; xx.xx.2018-ci il tarixli, 01/147-AD nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixli, 01/147-AD nömrəli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2018-ci il tarixli, 01 saylı əlavəsi üzrə bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyəti üzərinə götürmüşdür. Zaminliklə təmin edilən öhdəlik illik 6 faiz olmaqla, 60 ay müddətinə, ******* manat məbləğində kredit ayrılmasına dair müqavilədən ibarətdir; xx.xx.2018-ci il tarixli, 01/147-AD saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “ipoteka qoyan” X5 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2, 21 saylı fərdi yaşayış evini 01/147-AD saylı, xx.xx.2018-ci il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə əlavəyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə “ipoteka saxlayan” Maraqlı şəxs4 ASC-nin xeyrinə yüklü etmişdir; xx.xx.2018-ci il tarixli, 03/147-AD saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “ipoteka qoyan” X5 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.1173 ha torpaq sahəsini 01/147-AD saylı, xx.xx.2018-ci il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2018-ci il tarixli, 01 saylı əlavəyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə “ipoteka saxlayan” Maraqlı şəxs4 ASC-nin xeyrinə yüklü etmişdir; xx.xx.2018-ci il tarixli, 02/147-AD saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “ipoteka qoyan” X5 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında 0.19 ha torpaq sahədə yerləşən bağ evini 01/147-AD saylı, xx.xx.2018-ci il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə əlavəyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə “ipoteka saxlayan” Maraqlı şəxs4 ASC-nin xeyrinə yüklü etmişdir; Maraqlı şəxs4 ASC tərəfindən “ipoteka qoyan” X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 135000/5200 nömrəli bildirişin surətindən görünür ki, 01/147-AD saylı, xx.xx.2018-ci il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə əlavə üzrə yaranmış borcun ödənilməsi xahiş edilmiş, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borc 21 gün müddətində ödənilmədiyi halda bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmetləri olan ünvan 2 ünvanında, istifadədə olan 0.02465 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 623.2 kv.m. olan 21 nömrəli fərdi yaşayış evinə, ünvan 1 ünvanında olan bağ evinə və Bakı şəhəri, Sabunçu rayonu. Bilgəh qəsəbəsində yerləşən 0.1173 ha torpaq sahəsinə tutmanın yönəldilməsi proseduruna başlanacağı barədə xəbərdar edilmişdir. AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs4 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 0.1173 ha torpaq sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs4 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X3 məxsus ünvan 1 ünvanında olan bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs4 ASC ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X3 məxsus ünvan 2, 21 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; Maraqlı şəxs4 ASC tərəfindən ünvan 5 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 135000/6113 nömrəli “xx.xx.2018-ci il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə 01/147 AD saylı ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2018-ci il tarixli 01 saylı əlavə üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında” ərizənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli, 01/147-AD saylı sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və ipoteka qoyan X3 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.1173 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Ərizəçi MMC-nin və X1 Maraqlı şəxs4 ASC-yə olan 1153496,46 manat əsas, 56323,47 manat faiz borcu və 2761,27 manat cərimə borcu, cəmi 1212581,2 manat məbləğində borcun ipoteka predmetinin dəyərindən Maraqlı şəxs4 ASC-nin xeyrinə tutulması barədə icra qeydi aparılması xahiş edilmişdir; xx.xx.2022-ci il tarixli, 8İ-6071 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, X3 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.1173 ha torpaq sahəsinə tutma yönəldilməsi (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1153496,46 manat əsas borc, 56323,47 manat faiz borcu, 2761,27 manat cərimə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1212581,20 manat təşkil edir) barədə icra qeydi verilmişdir; xx.xx.2022-ci il tarixli, 8İ-6072 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, X3 məxsus ipoteka predmeti olan ünvan 2, 21 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1153496,46 manat əsas borc, 56323,47 manat faiz borcu, 2761,27 manat cərimə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1212581,20 manat təşkil edir) barədə icra qeydi verilmişdir; xx.xx.2022-ci il tarixli, 8İ-6073 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, X3 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən bağ evinə tutma yönəldilməsi (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1153496,46 manat əsas borc, 56323,47 manat faiz borcu, 2761,27 manat cərimə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1212581,20 manat təşkil edir) barədə icra qeydi verilmişdir; Maraqlı şəxs4 ASC-nin xx.xx.2022-ci il tarixli, 135000/6112 nömrəli maliyyə arayışının surətindən görünür ki, 01/147-AD saylı, xx.xx.2018-ci il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə əlavə üzrə xx.xx.2022-ci il tarixə borclular Ərizəçi MMC və X1 1153496,46 manat əsas, 56323,47 manat faiz borcu və 2761,27 manat cərimə borcu vardır; AZE 13597904 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 ünvan 6 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi MMC ilə Maraqlı şəxs4 ASC arasında illik 6 faiz olmaqla, 60 ay müddətinə, ******* manat kreditin verilməsinə dair xx.xx.2018-ci il tarixində korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2018-ci il tarixli, 01 saylı əlavə bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə X4 zamin qismində bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində X5 ilə bank arasında 01/147-AD saylı, 02/147-AD saylı və 03/147-AD saylı ipoteka müqavilələri bağlanmış və X5 mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 21 saylı fərdi yaşayış evini, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.1173 ha torpaq sahəsini, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ev 1723D ünvanında 0.19 ha torpaq sahəsində yerləşən bağ evini Maraqlı şəxs4 ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə Ərizəçi MMC-nin 1153496,46 manat əsas, 56323,47 manat faiz borcu və 2761,27 manat cərimə borcu yaranmışdır. Tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən 8İ-6071 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-6072 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-6073 saylı, xx.xx.2022-ci il tarixli icra qeydləri verilmişdir. Hazırda ərizəçi icra qeydləri verilərkən qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək həmin icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması qaydasını müəyyən edən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası “İpoteka haqqında” Qanunun 36cı maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 36.1 və 36.2-ci maddələrinə uyğun olaraq, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci hissəsinə görə görə ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Eyni zamanda “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci hissəsinə uyğun olaraq, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Ərizəçinin əsas dəlillərindən biri icra qeydinin borclunun olduğu yer üzrə notariusa verilməməsi ilə bağlıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, öhdəlik lazımınca icra edilmədikdə “borclu” ifadəsi həm əsas borclunu, həm də ipoteka qoyanı ehtiva edir. İpoteka qoyanın mənafelərinin qorunması baxımından icra qeydinin onun olduğu yer üzrə aparılması qanunvericinin tələblərinin pozuntusu kimi qiymətləndirilə bilməz. Bakı şəhəri vahid inzibati ərazi kimi nəzərdə tutulduğundan rayonların ərazi vahidləri üzrə bölgüsü aparılmamışdır. Yəni Bakı şəhəri 21 saylı Notariat Ofisinin yurisdiksiyası Bakı şəhərinin inzibati ərazisini əhatə edir və borclu-ipoteka qoyanın Bakı şəhərində qeydiyyatda olduğu nəzərə alınarsa, bu halda ərizəçi barəsində icra qeydi verilərkən hər hansı qanun pozuntusuna yol verilməməsi müəyyən edilir. Ərizəçinin digər dəlili icra qeydi verilərkən borcun mübahisəsiz olduğunun araşdırılmaması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icra qeydinin aparılacağı barədə bildirişin bank tərəfindən təqdim edilməməsi ilə bağlıdır. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı” ilə müəyyən edilir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Nazirlər Kabinetinin adıçəkilən Qərarında nəzərdə tutulmuş sənədlərlə təsdiq olunur və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Bu cür yoxlama üsullarından biri, icra qeydi verilməzdən əvvəl borcluya bildirişin göndərilməsidir. Həmin bildiriş məhz təqdim olunmuş borc sənədi üzrə mübahisənin olub-olmamasının müəyyən olunmasına xidmət edir. Baxılan iş üzrə borclu tərəfindən borcun icra qeydi əsasında tutulması mübahisələndirilməmişdir. Belə ki, borclulara borcun məbləği və ödənilməsi barədə bildirişlər göndərilsə də onun mübahisəli olmasına dair hər hansı bir etiraz, şikayət daxil olmamışdır. Halbuki “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə uyğun olaraq, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmçinin ərizəçi icra qeydi aparılarkən maliyyə arayışının təqdim edilmədiyini bildirsə də bu halı sübuta yetirə bilməmiş, eləcə də icra qeydlərində göstərilən borcun məbləğinin düzgün olmamasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Bildirişin məzmununa gəlincə isə qeyd edilməlidir ki, “İpoteka haqqında Qanunun 36.2-ci maddəsində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdə əks edilməli olan məlumatlar nəzərdə tutulmuşdur. Hazırki iş üzrə ipoteka bildirişlərindən isə görünür ki, ipoteka predmeti, icra edilməli olan öhdəlik, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və sair barədə məlumat bildirişlərdə əks olunmuşdur. Bu baxımdan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin forması xüsusi qanunla (“İpoteka haqqında” Qanunla) tənzimləndiyindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada bildirişin göndərilməməsi icra qeydinin ləğv edilməsi üçün əsas kimi çıxış edə bilməz. Eləcə də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Bu maddədən də göründüyü kimi, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin forması və məzmunu xüsusi qanunvericiliklə tənzimlənir. Borcun ödənilməmiş hissə üzrə icra qeydinin aparılmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci hissəsinə əsasən, müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Müqavilələrin bağlandığı zaman qüvvədə olan “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması aiddir. Hazırki iş üzrə borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən kreditorun öhdəliyin icra edilməmiş hissəsinin, yəni qalıq borcun vaxtından əvvəl icrasını tələb etmək və tələbini ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. İcra qeydinin verilməsinə dair müraciətin elektron qaydada təqdim edilməməsi ilə bağlı qeyd olunmalıdır ki, Təlimatın 161-ci hisəsinə əsasən, dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Hazırki iş üzrə maraqlı şəxs olan bankın nümayəndəsi həmin dövrdə elektron müraciətin işləmədiyini və bu səbəbdən elektron qaydada müraciət etmənin mümkün olmadığını bildirmişdir. Nəzərə alınmalıdır ki, elektron qaydada müraciət edilib-edilməməsi məsələnin texniki tərəfi olmaqla icra qeydinin aparılmasına mane olan hallar olmadığı təqdirdə, həmin icra qeydinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, icra qeydləri aparılarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, borcluya borcun ödənilməsi, əks təqdirdə icra qeydinin aparılacağı barədə bildirişlər göndərilmiş və həmin bildirişlər onlar tərəfindən qəbul edilmişdir. Borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş ipoteka predmetinə tutma yönəldilməsinə dair icra qeydinin verilməsinə mane olan hallar aşkar edilməmişdir. Beləliklə, ərizəçinin dəlilləri əsassız olduğundan icra qeydlərinin ləğv edilməsi barədə ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi MMC-nin (Bakı şəhəri 21 saylı Notariat Ofisi, Sabunçu rayon İcra Şöbəsi, Binəqədi rayon İcra şöbəsi və Maraqlı şəxs4 ASC maraqlı şəxs qismində cəlb edilməklə) “icra qeydlərinin ləğv edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi MMC-nin (Bakı şəhəri 21 saylı Notariat Ofisi, Sabunçu rayon İcra Şöbəsi, Binəqədi rayon İcra şöbəsi və Maraqlı şəxs4 ASC maraqlı şəxs qismində cəlb edilməklə) “icra qeydlərinin ləğv edilməsi” barədə ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-332/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-332/2023
23.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver