Məhkəmə qərarları › İş №2(005)-333/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-333/2023

06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-333/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ondan üzr istəməsi və ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində təzminatın onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022 tarixindən "xxxx" MMC avtolizinq şirkətində problemi kreditlər üzrə mütəxəssis vəzifəsində işləyir. İşinin mahiyyəti şirkət tərəfindən lizinqə verilmiş avtomobillərin ödənişinin vaxtlı-vaxtında icra edilməsinə nəzarət, həmçinin lizinq alanların müqavilə üzrə öhdəliklərini pozmaları hallarında həmin şəxslərlə əlaqə saxlamaq, ödənişin icrasını tələb etmək və bu cür situasiyalarda yaranan problemin həlli yollarını təmin etməkdən ibarətdir. Belə ki, lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri pozanlardan biri də iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olmuşdur. Cavabdeh1 çalışdığı avtolizinq şirkətindən xx.xx.2022-ci il tarixli, 129B/21 saylı daxili lizinq müqaviləsi ilə “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə götürmüşdür. Belə ki, avtomobil onun istifadəsində olduğu müddətdə qanunsuz olaraq bir neçə dəfə şirkətin risk qrupuna aid olmayan tələblər irəli sürmüşdür. Şirkət bundan imtina etdikdə isə xx.xx.2022-ci il tarixində cavabdehin qanunsuz tələblərini yerinə yetirməyi üçün onun istifadəsində olan mobil telefona “Whatsapp” proqramı üzərindən insan ləyaqətini, şəxsiyyətini alçaldan qeyri-etik ifadələr, ağır təhqirlər ifadə edən öz səs yazılarını göndərmişdir. Eyni zamanda bildirmişdir ki, şirkətə qanunsuz olaraq verdiyi müəyyən vaxt ərzində avtomobilin təmiri şirkət tərəfindən aparılmazsa nəqliyyat vasitəsini yandıracaqdır. Bu hadisədən sonra onlar, mədəni və etik normalar çərçivəsində onlarla danışıblar, həmçinin məsələnin həlli yollarını araşdırmaq üçün ofisə dəvət ediblər. Lakin bu dəvət təklifindən imtina edərək, danışıqdan yayındılar. Onlar isə öz hüquqlarının müdafiəsi, habelə cavabdehlərin törədə biləcəyi cinayətin qarşısını almaq üçün 102 zəng xidmətinə müraciət ediblər. Şikayətləri Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı polis mayoru Məmmədov Rəşad tərəfindən araşdırılıb. Araşdırma zamanı o və şirkətin digər əməkdaşı X2 öz izahatlarını veriblər və işlə bağlı əllərində olan səs yazılarını iş üzrə sübut kimi təhqiqat orqanına təqdim ediblər. Təhqiqat orqanın iş üzrə araşdırmasının yekunu olaraq, xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul olunub. Həmin qərarda onların şikayətləri və işlə bağlı bütün hallar öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2022-ci il tarixində onun istifadəsində olan telefona “Whatsapp” proqramı üzərindən göndərilmiş səs yazılarının məzmunu iddia ərizəsinə əlavə edilmiş diskdə geniş şəkildə təsbit edilmişdir. İşin hallarından görünür ki, o, ciddi mənəvi sarsıntı keçirmişdir. Vəzifəsini vicdanla yerinə yetirməsinə, iş üzrə heç bir təqsirinin olmamasına baxmayaraq, o, insan ləyaqətini, şəxsiyyətini alçaldan qeyri-etik ifadələrə, ağır təhqirlərə məruz qalaraq ciddi sarsıntı keçirmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının müvafiq iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, təqdim edilmiş səs yazılarında təhqirlər səslənsə də iddiaçının ünvanına yönəlməmişdir. Bu sonuncu ekspert rəyindən də aydın şəkildə görünür. Heç bir səs yazısında “Şahin” adlı şəxsin adı çəkilməmişdir. Sadəcə iddiaçının adından iddia verməklə şirkət cavabdehləri cəzalandırmaq istəyir. Şirkətlə cavabdehlər arasında başqa məhkəmə mübahisələri da vardır. Şərəf və ləyaqəti alçaldılmayan şəxsin müvafiq iddianı qaldırmaq hüququ yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında tədqiq edilmiş: -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, HK-1/1059 saylı material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1883 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, DVD diskdə qeyd olunan səs yazılarında təhqir xüsusiyyətli, şərəf və ləyaqəti alçaldan, eləcə də hədə-qorxu (şantaj) bildirən ifadələr mövcuddur. Həmin ifadələr konkret şəxsə ("xxxx" şirkətinin rəhbəri və ya Şahin adı ilə qeyd olunan şəxsə) ünvanlanmışdır. Nitqdə bildirilən məlumatların böhtan və ya həqiqət olmasının müəyyən edilməsi hüquqi araşdırmaya aid məsələlərdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-4/1276 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertiza tədqiqatına təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Cavabdeh1 məxsusdur. Cavabdeh2 eksperimental səs və nitq nümunəsi tədqiqata təqdim olunmadığından “K2” kimi işarə olunmuş diktorun səsi və nitqinin Cavabdeh2 və ya digər şəxsə məxsus olub-olmamasının müəyyən olunması üzrə tədqiqatlar aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı "xxxx" MMC avtolizinq şirkətində problemli kreditlər üzrə mütəxəssis vəzifəsində çalışır. Cavabdehlər avtolizinq şirkətindən lizinq müqaviləsi ilə avtomobil almış, öhdəliklərin icrası ilə bağlı müqavilə tərəfləri arasında mübahisə yaranmışdır. Cavabdehlər şirkətə məxsus mobil nömrələrə təhqiredici səs yazıları göndərmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspert rəyi ilə səs yazılarının bir hissəsinin Cavabdeh1 məxsus olduğu müəyyən edilmişdir. Digər cavabdehin isə məhkəmə fonoskopik ekspertizasının keçirilməsində iştirakının təmin edilməsi mümkün olmamışdır (vəkilinin bildirdiyinə görə narkoloji dispanserdə müalicə alır). Hazırda iddiaçı onun istifadəsində olan telefona cavabdehlər tərəfindən göndərilmiş səs yazıları ilə ləyaqətini, şəxsiyyətini alçaldan, qeyri-etik ifadələrə, ağır təhqirlərə məruz qaldığını, bunun nəticəsində ciddi sarsıntı keçirdiyini bildirərək, cavabdehlərin ondan üzr istəməsini və mənəvi zərərə görə 10000 manat pulun ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 və 23.2-ci maddələrinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfi, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli Qərarının 3-cü bəndinə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həmin Qərarla məhkəmələrə həmçinin tövsiyə edilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxılarkən məlumatların vətəndaşların və ya təşkilatların şərəf və ləyaqətini ləkələməsi, onların doğru olub-olmaması və bu məlumatların yayılıbyayılmamasına dair işin faktiki halları məcmu şəkildə araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir. Araşdırılmalı olan hallardan birinin mövcudluğunun məhkəmədə tədqiq edilən iş materiallarına əsasən öz təsdiqini tapmaması iddanın rədd edilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. İkinci növbədə isə müvafiq məlumatlar konkret bir şəxsə ünvanlanmış olmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. Göründüyü kimi, bu tip işlərə baxılarkən məlumatın şəxsin şərəf və ləyaqətini ləkələməsi, məlumatın doğru olmaması və məlumatın yayılması məsələləri mütləq şəkildə aydınlaşdırılmalıdır. Yəni, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddianın əsaslılığı üçün 3 şərt eyni anda mövcud olmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, şərəf və ləyaqəti ləkələyən məlumatların məhz iddiaçının ünvanına səslənməsini sübut etmək vəzifəsi onun (iddiaçının) üzərinə düşür. Hazırki mülki iş üzrə məhkəmə tərəfindən iki müxtəlif ekspertizalar keçirilmişdir. xx.xx.2023-cü il tarixli ekspert rəyində (məhkəmə-linqvistik) aşağıdakılar qeyd edilmişdir: 2(005)-4014/2022 saylı mülki işə tədqiqat materialı olaraq səs yazıları əks olunmuş CD disk daxil edilmişdir. Səs yazısı 3 faylda yerləşdirilmişdir. 1-ci faylda səslənən nitq belədir: “Jalə xanım, çox xahiş edirəm üstünüzə götürməyin, O "xxxx" şirkətinin, o "xxxx" holdinqin, nə bilim kimin, başında oturan Şahinə denən ki, sənin arvadını apararam altında, cırıq (nalayiq söyüşlər).Mənnən az oyun oynuyun denən. Mən siznən şahmat oynamağa başlasam,...”. 2-ci faylda səslənən nitq:“-Ya o maşını, o salafanı saxlayır sabah qapıda, ya da onun and olsun Allaha, nəslində (nalayiq söyüşlər)”. 3-cü faylda səslənən nitq: “Faiq(?) mən qulağ deyiləm e, qaqa, eşidirsən? Bu bir, ikincisi də ki, bütün Respublika o adamın varın-yoxun, nəslin söyür. "xxxx"nin nə qədər müştərisi olub, hamı da söyür, hara qədər desən söyür. O şirkətdə yeganə oğlanıq ki, bəlkə, uje 9 aydı biz ora kredit ödəyirik də. Yəni deyim biləsən də. O ki, qaldı, mən tırkaya gedib maşın yandırmaq, onun götü çatıb mənə zəng vura bilmirsə, mən uşaq deyiləm onun tırkasına gedib maşın yandıram. Soxaram onun ağzına da, onun şirkətinə də, maşınına da”. Ekspert araşdırmasından müəyyən olunur ki, nitq sahibinin avtomobil krediti ödədiyi müəyyən edilir. Belə ki, şəxs artıq 9 aydır kredit ödədiyini qeyd edir. Avtolizinq təşkilatı olaraq da, "xxxx" şirkətinin adı işlədilir. Avtoİizinq müştərisi kimi təqdim olunan şəxs öncə “Jalə xanım” dediyi qadına müraciət edir, sözlərinin ona aid edilmədiyini vurğulayır. Lakin bununla belə həmin danışıqda nalayiq leksika və söyüşlərdən, eləcə də etikaya zidd fikirlərdən istifadə edir və hədələrini də bu şəkildə ifadə edir. "xxxx" şirkətinin “başında duran” şəxs olaraq Şahin adını qeyd edir və həmin şəxslə bağlı çox sərt nalayiq deyimlər işlədir. Həmin sözlər təhqiredici xüsusiyyətli olmaqla yönəldiyi şəxsin nüfuzuna, şəxsiyyətinə, cəmiyyətdə, ailədə və iş həyatındakı mövqeyinə ciddi neqativ təsir göstərə bilən, ətrafdakıların yanında utanc və mənəvi əzab hissləri keçirməsinə səbəb olan söz və ifadələrdir. Digər, məhkəmə fonoskopik ekspertizasının rəyində isə qeyd edilmişdir ki, aparılmış ilkin tədqiqatın və auditiv-linqvistik analizlərin nəticələri göstərir ki, auditiv-linqvistik eyniləşdirici əlamətlərinə görə mübahisəli fonoqramların yazılı mətnlərindəki “K1” diktorunun səsi ilə - Cavabdeh1 səsi oxşarlıq təşkil edir. Kepstral və spektral tərkiblər müəyyən edilmiş və müqayisə aparılmışdır. Mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən K1 diktorunun və müqayisəedici tədqiqat üçün eksperimental səs və nitq nümunəsi təqdim edilmiş Cavabdeh1 danışıq nümunəsi üzrə fonetik-instrumental tədqiqat aparılmış, eyni fonetik əhatəli eyni saitlər üçün (a, o, i) formantlar (F1, F2, F3, bəzən F4) ölçülmüş, F2/F1, F3/F1 nisbətləri hesablanaraq müqayisə edilmişdir. Həmin rəydən aydın olur ki, K2 səs yazısında “Jalə xanım, çox xahiş edirəm üstünüzə götürmüyün o massi şirkətinin, o massi holdingin, nə bilim kimin başında oturan şahına denən ki...” ifadələri səslənmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün o vaxt əsas ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Hər iki ekspert rəyinin, eyni zamanda təqdim edilmiş səs yazılarının müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilk ekspert (məhkəməlinqvistik) rəyində təhqiredici ifadələrin “Şahin” adlı şəxsə ünvanlandığı göstərilsə də, digər ekspert rəyində “Massi holdingin başında oturan şahına” ifadəsinin işləndiyi qeyd edilmişdir. Səs yazıları məhkəmə tərəfindən tədqiq edilərkən də sonuncu ekspert rəyində əks olunan ifadələrin səsləndiyi aşkar olunmuşdur. Yəni mənkəmə linqvistik ekkspertizasının rəyində əks olunan məlumatlar (təhqiredici ifadələrin “Şahin” adlı şəxsə yönəlməsi) digər ekspert rəyi və səs yazıları ilə təkzib olunur. Həmin səs yazılarında səs yazısının sahiblərinin Şaiq və Jalə adlı şəxslərlə danışdığı, təhqirlərin isə “Massi holdingin başında oturan şahına” ünvanlandığı aydın olur. Həmçinin məhkəmə fonoskopik ekspertizası zamanı ekspertin istifadə etdiyi tədqiqat metodlarının həmin səs və hərflərin daha aydın şəkildə müəyyən edilməsinə imkan verdiyi nəzərə alınarsa, sonuncu ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, təqdim edilmiş səs yazılarında Faiq, Jalə adlı şəxslərin və "xxxx" şirkətinin, onun rəhbərinin adı çəkilmiş, səsləndirilən heç bir səs yazılarında iddiaçıya ünvanlanmış hər hansı bir təhqirin olduğu müəyyən edilməmişdir. İddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən Plenum qərarına görə, şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilər. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin dairəsi qeyri-məhdud ola bilməz. Hazırki iş üzrə iddiaçının "xxxx" MMC-də işləməsi ona müvafiq iddia qaldırmaq hüququ vermir. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, həmin müəssisədə rəhbər vəzifədə deyil, mütəxəssis vəzifəsində çalışır. Barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxsin bilavasitə özünün, səlahiyyətli nümayəndəsinin buna imkanı olmasına baxmayaraq müvafiq iddianı qaldırmadığı, yaxud qaldırmaq istəmədiyi halda isə digər şəxslər həmin imkandan faydalana bilməzlər. Bu baxımdan iddiaçını səslənmiş ifadələrə görə üzr istənilməsini və mənəvi zərərin ödənilməsini tələb etmək hüququna sahib subyekt kimi qiymətləndirmək olmaz. Beləliklə, mülki hüquqlardan fərqli olaraq şərəf və ləyaqətin müdafiəsi hüququ, pulla qiymətləndirilə bilməyən (iqtisadi xarakterdə olmayan), fərdin mənəvi mənafeyinin qorunmasına xidmət edən qeyri-əmlak hüququdur. Bu hüquq, fərdin öz şəxsiyyətinə dair mənafeləri ilə əlaqədar olduğu üçün məhz şəxsə bağlıdır. Şəxsə bağlı hüquqlardan isə başqaları deyil, yalnız onun özü istifadə edə bilər. Bu baxımdan aidiyyəti şəxs özünün şərəf və ləyaqətinə toxunan əməllərlə bağlı iddia qaldırmadğı halda, həmin əməllərə görə başqasının tələb irəli sürməsi şəxsi hüquqların mahiyyəti ilə uzlaşmır. Məhkəmə işin faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı iş materiallarına əlavə edilmiş səs yazılarında əks olunan ifadələrin yönəldiyi subyekt olmadığından və həmin ifadələrin iddiaçının şəxsiyyət haqqına müdaxilə təşkil etməsi müəyyən edilmədiyindən, iddiaçı qeyd edilən halları sübuta yetirə bilmədiyindən iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə linqvistik ekspertizası tədqiqatının dəyəri olan 100 manat və məhkəmə fonoskopik ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə linqvistik ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat və məhkəmə fonoskopik ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar