Məhkəmə qərarları › İş №2(005)-3342/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3342/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3342/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları-25.02.2014-cü il təvəllüdlü X3 və 10.10.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay qazançının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 28 mart 2013-cu il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Həmin nikahdan iki uşaqları- 25.02.2014-cü il təvəllüdlü X3 və 10.10.2018-ci il təvəllüdlü X4 doğulmuşlar. Onu da bildirmək istəyirəm ki, cavabdeh demək olar ki, birgə nikahlarından olan uşaqları ilə maraqlanmır və onların normal, sağlam böyüməsi, habelə maddi tələbatlarının ödənilməsi üçün ona heç bir köməklik göstərmir. Baxmayaraq ki, uşaqların qayğısına qalmaq bir valideyn kimi cavabdehin də borcudur. Bildirmək istəyir ki, uşaqları tək başına böyütmək onun üçün olduqca çətindir. Məhkəmənin nəzərinə çatdırım ki, Cavabdeh Dövlət Neft Şirkətində növbətçi mexanik vəzifəsində işləyir və aylıq 1000 manat maaş alır. Hesab edir ki, X3 və X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh əmək haqqının üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməlidir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbini qəbul etmiş, ondan aliment tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bərdə rayon Mollalı kənd İƏD-i üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 28.03.2013-cü il tarixli 794090 nömrəli Nikah Haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 28.03.2013-cü il tarixdə arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28.03.2013-cü ildə 02 nömrəli akt qeydi ilə qeyd edilmişdir. İş materiallarında olan Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.03.2014cü il tarixli AZ-İİİ № 266062 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 25 fevral 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 19.03.2014-cü il tarixdə 478 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.10.2018-ci il tarixli AZ-İV № 202904 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 10 oktyabr 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 29.10.2018-ci il tarixdə 6200 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 07.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı texnoloji nəqliyyat sahəsində mexanik vəzifəsində çalışır və aylıq vəzifə maaşı 908 manat təşkil edir. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından 25 fevral 2014-cü il təvəllüdlü X3 və 10 oktyabr 2018-ci il təvəllüdlü X4 adlı övladı anadan olmuşdur, tərəflərin münasibəti sonradan pozulmuş, cavabdeh hazırda ailəsi ilə yaşamır, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. İddiaçı övladlarının saxlanması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı övladlarının maddi tələbatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə alimentin tutulması ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-cü maddəsinə əsasən məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tuta bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancından tutulmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 07.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı texnoloji nəqliyyat sahəsində mexanik vəzifəsində çalışır və aylıq vəzifə maaşı 908 manat təşkil edir. Məhkəmə işin hallarını nəzərə alaraq 25 fevral 2014-cü il təvəllüdlü X1 və 10 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 25 manat sabit pul məbləğində cəmi 50 manat olmaqla aliment tutularaq İddiaçı xeyrinə alimentin tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 14.06.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.06.2021-ci il tarixdən başlayaraq, 25 fevral 2014-cü il təvəllüdlü X1 və 10 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 25 manat olmaqla cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (on) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamənin alimentin tutulması hissəsindən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar