Məhkəmə qərarları › İş №2(005)-3346/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3346/2020

18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3346/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının pulunun alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının pulunun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu ildə Cavabdeh ilə rəsmi hüquqi nikaha girərək ailə qurmuş, onunla birlikdə Bakı şəhəri, Nizami rayonu, Məşədihilal Kazımov küçəsindəki 38«C» saylı evdə birgə yaşayıb, birgə təsərrüfat aparmış, xx.xx.2020-ci il tarixdə nikahları Nərimanov rayon məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə pozulmuş, lakin qətnamə hazır olmadığından həmin qətnamənin surətini iddia ərizəmə əlavə edə bilmir. O, Bakı şəhəri, Nizami rayonu, Məşədihilal Kazımov küçəsindəki 38«C» saylı evə gəlin köçərkən həmin evə nəğd və kreditlə aldığı aşağıdakı cehiz əşyalarını aparmışdır. Nağd aldığı cehiz əşyaları aşağıdakılardan ibarətdir: 4 dəst pərdələr - 1500 manat, lüstür – 950 manat, yataq mebeli (mebel dəst: bir yataq dəsti-divan, kreslo;6 stul və stol,tvistend,1 ədəd bar,1 ədəd kamot) – 7000 manat,3 ədəd pastel dəsti – 540 manat,2 ədəd adyal – 300 manat, 2 ədəd çərəz qabı – 100 manat, 2 ədəd ədiviyyat qabı – 70 manat, ütü altı – 50 manat, 2 ədəd konfet qabı – 120 manat, servis qab dəsti – 350 manat, 2 böyük qazan – 420 manat, 6 ədəd qablar – 15 manat, çörək qabı – 5 manat, 6 ədəd 6 böyük dəsmal – 480 manat, 6 ədəd balaca dəsmal – 420 manat, çay dəsmalları 12 ədəd – 120 manat, 8 ədəd xalça – 1200 manat, çaydan – 89 manat, dəm çayniki – 25 manat, çaydan dəsti – 132 manat, qızıl qaşıq dəsti – 500 manat. Kreditlə aldığı cehiz əşyaları isə aşağıdakılardan ibarətdir: Firsta yataq dəsti – 824 manat, esokayt döşək – 132 manat, M Marsel 123 manat, ST Marsel – 292 manat, soba – 294 manat, Mikro.vol – 328 manat, mikser – 174 manat, ətçəkən – 222 manat, tozsoran – 259 manat, ütü – 227 manat, sokçəkən – 217 manat, çaydan – 164 manat, kofe dəmləyən – 140 manat, blender – 169 manat, soyuducu – 3215 manat, qabyuyan – 848 manat. Qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsində qeyd etdiyi və hazırda Bakı şəhəri, Nizami rayonu, Məşədihilal Kazımov küçəsindəki 38 «C» saylı evdə olan 23.833 (iyirmi üç min səkkiz yüz otuz üç) manat məbləğində cehiz əşyalarının pulunun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsini xahiş etdi. Eyni zamanda xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək, etirazında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı məhkəmədə ona qarşı “Nikahın ləğvi və əmlak tələbinə dair” iddia qaldırmış, lakin iddia ərizəsində cehiz əşyalarının siyahısını göstərmədiyinə görə iddia tələbini azaldaraq, yalnız nikahın pozulmasını məhkəmədən xahiş etmişdir. Cehiz əşyaları ilə əlaqədar məhkəmədə ayrıca iddia qaldıracağını bildirərək, öz xətti ilə yazdığı cehiz əşyalarının siyahısını ona təqdim etmişdir. Lakin sonradan iddiaçı iddia ərizəsində həm cehiz əşyalarının sayını, həm də qiymətlərini artırmışdır. Qeyd etmək istəyir ki, məhkəməyə qədər İddiaçı bir neçə dəfə cehiz əşyalarının müəyyən hissəsini aparmış və hal-hazırda ona məxsus aşağıda göstərilən cehiz əşyaları cavabdehə məxsus evdədir və bu cehiz əşyalarından heç kim istifadə etməmiş, onlar sındırılmamış, yararsız hala salınmamışdır. Onu da vurğulamaq istəmişdir ki, mağazadan alınan zaman, yəni ona evə gətirilməzdən əvvəl qeyd edilən cehiz əşyalarının müəyyən defektləri olmuş və bununla əlaqədar olaraq iddiaçının valideynləri - X1 və X2 Bakı Şəhəri Xətai Rayon Məhkəmədə “Lorenza” mebel salonuna qarşı “Maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmışlar. Məhkəmənin 2(011 )-2154/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan 2 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 364147 nömrəli, xx.xx.2019-cu il tarixli nikah şəhadətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2450 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 018-EMB-0223-19 №-li kredit müqaviləsinin məzmunundan görünür ki, “xxxx” BOKT QSC ilə X2 arasında illik 0 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1371,00 manat məbləğində pulun kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, aylıq ödəniş məbləği 114,00 manat, son ay üçün isə 117 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, X2 nisyə alqı-satqı müqaviləsi üzrə aylıq ödəniş məbləği 358 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, dəyəri 799 manat olan paltaryuyan maşın işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, dəyəri 648 manat olan qabyuyan maşın işlək vəziyyətdə təhvil verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbinin əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. İş materiallarından göründüyü kimi, tərəflər arasında nikah pozulmuşdur. İddiaçıya məxsus cehiz əmlak nikah pozulduqdan sonra cavabdehə məxsus evdə qalmışdır. Hazırda iddiaçı cavabdehdən cehiz əşyalarının dəyərinin tutulmasını tələb edir. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə yerli baxış keçirilmiş və cehiz əşyalarının istifadəyə yararlı vəziyyətdə oladuğu müəyyən edilmişdir. Belə halda məhkəmə hesab edir ki, qeyd edilən əşyaların dəyərinin cavabdehdən tutulması barədə iddia tələbləri əsaslandırılmadığından rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçıya ona məxsus cehiz əşyalarının qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının pulunun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçıya ona məxsus cehiz əşyalarının qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilir. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar