Məhkəmə qərarları › İş №2(005)-3379/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3379/2021

06.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3379/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Əhədova X15, onun nümayəndəsi və vəkili X7, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evin alınmasına və təmirinə çəkilmiş xərcin yarısının cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evin alınmasına və təmirinə çəkilmiş xərcin yarısının cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanda yerləşən evin alınması ilə bağlı çəkilmiş xərcin 13.500 (on üç min) manatın , evin təmiri ilə bağlı çəkilmiş 500 (beş yüz ) manatın, ümumilikdə 14.000 manat pulun yarısının 7.000 (yeddi min ) manatının və 30 manat dövlət rüsmunun cavabdehdən alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 60 kvm-dən ibarət qanunsuz tikilmiş evi, 120 kvm-dən ibarət torpaq sahəsini X5 həyat yoldaşım Cavabdeh ilə birlikdə 11.03.2020-ci il tarixdə 13.500 (on üçmin beş) manata almışdırlar.Bundan əlavə həmin ev təmirsiz olduğu üçün 500 (beş yüz)manat evin təmirinə sərf etmişdirlər. Evi təmir etdirdikləri dövrdə həyat yoldaşı ilə ailə münasibətləri pisləşmiş və o onunla yaşadığı evdən çıxaraq valideynlərinin yanına gəlmişdir. O, həmin aldığı evdə təmir getdiyi üçün orada yaşamamışdır. Hal-hazırda həyat yoldaşı Cavabdeh ilə ailə münasibətləri korlandığı üçün nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Nərimanaov Məhkəməsinə müraciət etmişdir. (iş 2(005)-2959/2021 hakim Gültəkin Əsədova) Məhkəmə iclasında iddiaçı Əhədova X19, onun nümayəndəsi və vəkili X16 ayrıayrılıqda iddia ərizə ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X6 ayrı-ayrılıqda eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Eyni zamanda Cavabdeh 03 avqust 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi qeyri-obyektivdir, belə ki, iddiaçı da bilir ki, yuxarıda göstərilən ünvanda yerləşən evi o yox, anası özünə yaşamaq üçün almışdır. O və qeyri şəxslər şahid kimi akta qol çəkmiş, çünki ev özbaşına tikilidir, heç bir sənədi yoxdur. Evin anası tərəfindən özü yaşamaq üçün alınmasını şahidlər də sübut edə bilər. O və iddiaçı həmin evdə 1 gün belə yaşamamışdır. Onlar tamamilə ayrı ünvanda yaşamışdırlar. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin evin təmiri ilə bağlı 500 manat sərf edilmiş, ev təmir edilmişdir. Bildirmək istəyir ki, bu günə qədər ev təmir edilməmişdir. Təmirlə bağlı 500 manat xərclənməmişdir. Bir daha qeyd edir ki, evi anası özü üçün almışdır. Sadəcə ev özbaşına tikili olduğu üçün pul verilərkən o da digər şəxslər kimi şahid kimi tərtib edilən akta imza etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o, evi Rəfiqə xanıma satmışdır. Rəfiqə xanımın oğlu, gəlini, onun baldızının oğlu, şahidin qonşusu və Rəfiqə xanımın qudası alqı-satqıya şahidlik etmişdir. Alqı-satqıda onun həyat yoldaşı da iştirak edib. Evi 13500 manata satmışdır. Qeyd edir ki, alqı-satqı ilə bağlı uşaqların hər hansı etirazı və ya razılığı olmayıb. Sadəcə olaraq onların pasport məlumatlarından istifadə edilib.Evi yoldaşı satıb, özü də ordaydı. Pulu ona Rəfiqə vermişdi. Rəfiqəni bir dəfə alqı-satqıda görüb, pul bir dəfəyə ödənilib Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, cavabdeh onun qonşusunun kürəkənidir. O, qonşusu İlham ilə həyətdə söhbət edərkən Məlahət xanım ilə birlikdə bir xanım onlara yaxınlaşmışdır. Məlahət xanım ona bildirmişdir ki, evini satır. O, Məlahət xanımdan evi kimə satdığını soruşduqda o, qudasına satdığını bildirmiş və ondan şahidlik etməyini xahiş etmişdir. O da şahidlik etməyə razılıq verərək aktı imzalamışdır. Qeyd edir ki, Məlahət xanım ona evi Ceyhunun anasına satdığını bildirmişdir. Məhkəmə iclasında şahid X17 ifadəsində bildirmişdir ki, cavabdeh onun sinif yoldaşının xalası oğludur. İddiaçı ilə heç bir qohumluq münasibəti yoxdur, onu Ceyhunun həyat yoldaşı kimi tanıyır. O, həyətdə Camalxan ilə söhbət edərkən, dayısı arvadı bir qadın ilə ona yaxınlaşaraq evi satdığını bildirib onlardan şahidlik etməyini xahiş etdi. Onlar da tərtib edilən aktı imzalamışlar. Qeyd edir ki, Məlahət xanımdan evi kimə satdığını soruşduqda o, evi onun sinif yoldaşının xalasına satdığını bildirmişdir. Mənzilin qiyməti barədə hər hansı məlumatı yoxdur. O, sadəcə mənzilin Elnurun xalasına satılmasına şahidlik etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını, şahidlərin ifadəsini dinləyərək, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 11 mart 2020-ci il tarixli aktın əslindən görünür ki, Ə.Haqverdiyev küçəsi döngə 2, ev 4 ünvanında yerləşən 60 kv.m ev və 120 kv.m torpaq sahəsini X1 Gülşən Abdulnasir qızı və Cavabdehli oğluna satmışdır. İş materiallarında olan 27 avqust 2020-ci il tarixli "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” Müqavilənin surətindən görünür ki, bu Müqavilə "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda , tərkib və keyfiyyətinə görə DÜİST2874-82-№-li Dövlət standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Xidmət ünvanı Əbdulrəhimbəy Haqverdiyev küçəsi ev 1, mənzil 11C, ailə tərkibi 4 nəfər, Abonent kodu **********115. İş materiallarında olan Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 229 nömrəli, 09.07.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi köhnə tikilidir. Evin heç bir hüquqi sənədi olmadığından kimə məxsus olması məlum deyildir. Hal-hazırda sözügedən fərdi yaşayış evində yaşayış yoxdur. Ramana Bələdiyyəsinin tədiyyə bildirişinə əsasən vergi ödəyicisi X13r. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli 2(005)-2959/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25.02.2017-ci il tarixdə 5 saylı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 475 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması 03.10.2017-ci il təvəllüdlü X18 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 03.10.2017-ci il təvəllüdlü X8yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, məhkəmədə iddiaçının izahatından, onun iş üzrə təqdim etdiyi sübutlar əsasında mülki işin materiallarından müəyyən olundu ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli 2(005)-2959/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 25.02.2017-ci il tarixdə 5 saylı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 475 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 03.10.2017ci il təvəllüdlü X18 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 03.10.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda məhkəmədə iddiaçı birgə nikahda olduqları müddətdə, tərəflərin adına bağlanmış akta əsasən birgə nikah dövründə əldə edilmiş özbaşına tikili olan ünvan 4 ünvanda yerləşən evin alınması ilə bağlı çəkilmiş xərcin yəni, 13.500 (on üç min) manatın, habelə evin təmiri ilə bağlı çəkilmiş 500 (beş yüz ) manatın, ümumilikdə 14.000 manat pul vəsaitinin yarısının, yəni 7.000 (yeddi min ) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi məsələsini mübahisələndirir. Mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatlarından müəyyən edilir ki, ünvan 5 ünvanda yerləşən ev 13500 manat məbləğində pul tərəflərin birgə nikah dövründə əldə edilmiş gəlirlər (qazanc) hesabına ödənilmişdir. Belə ki, iş materiallarında olan 25.02.2017-ci il tarixdə 5 saylı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 475 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar, 11 mart 2020-ci il tarixdə isə ünvan 6 ünvanda yerləşən evin alınmasına dair akt imzalanmışdır. Qeyd edilənlər əsasında məhkəmə iddia tələbini yerləşən evin alınması ilə bağlı çəkilmiş xərcin 13.500 (on üç min) manatın yarısının yəni 6750 manatın cavabdehdən tutulmasına dair iddia tələbini əsaslı hesab edir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə həmçinin də aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh öz etirazının dəlili kimi istinad etdiyi hallara əsasən, tərəflərin həmin evdə 1 gün belə yaşamadığını, özbaşına tikilinin anası tərəfindən əldə edildiyini bildirir. Məhkəmə qeyd edir ki, həmin dəlillər əsassızdır. Əgər özbaşına tikilidə hər hansı yaşayış olmayıbsa, onda hansı məqsədlə "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə İddiaçı arasında 27 avqust 2020-ci il tarixdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmışdır. Bir digər məsələ isə həmin müqavilədən görünür ki, ailə tərkibinin 4 nəfərdən ibarət olması əksini tapmışdır. Deməli, cavabdehin bu hissədə istinad etdiyi dəlillər öz təsdiqini tapmır. İkinci bir məsələ isə həmin tikilinin anasının vəsaitləri hesabına əldə edilməsidir. Məhkəmə qeyd edir ki, əgər mübahisəli tikili məhz cavabdehin anasının vəsaitləri hesabına əldə olunmuşdursa, nə üçün 11 mart 2020-ci il tarixli Aktda alıcı qismində tərəflər qeyd olunmuşdur. Cavabdeh etirazında bildirir ki, evin alınması ilə bağlı pul vəsaitini anası əvvəlcədən ev sahibinə təqdim edərək, Türkiyəyə işləmək üçün getmişdir. Daha sonra oradan zəng edərək, belə bir müqavilənin bağlanmasını tələb etmişdir ki, ödədiyi vəsaiti sonradan sübuta yetirə bilsin. Burada da belə bir sual çıxır ki, cavabdehin anası vəsaiti əvvəlcədən ödəmişdirsə, bəs niyə həmin vaxt onunla özbaşına tikilini satan şəxs arasında belə bir akt bağlanmamışdır, aktın onun iştirakı ilə bağlanmasına nə mane olmuşdur. Göründüyü kimi, cavabdehin etirazının dəlilləri öz təsdiqini tapmır, yəni yuxarıda qoyulan suallara məntiqli cavabları mövcud deyil, bununla belə həmin halları təkzib edəcək izahatları yalnız formal mülahizələrdən ibarətdir. Məhkəmə iddiaçının evin təmiri ilə bağlı çəkilmiş 500 (beş yüz ) manat tələbi ilə bağlı qeyd edir ki, həmin tələb ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmiş, sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə həmin hissədə iddia tələbini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı cavabdehin iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda cavabdeh mübahisəli tikilinin anasının vəsaiti hesabına əldə olunduğuna istinad edirsə bu zaman mötəbər dəlilləri təqdim etməlidir. Lakin 11 mart 2020-ci il tarixli aktı onlar tərəfindən imzalandığını təsdiq etmişlər. Məhkəmə şahid X2 ifadəsinə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, şahid iddiaçının vəkilinin suallarına cavablayarkən, “evi yoldaşım satıb, özüm də ordaydım. Pulu mənə Rəfiqə vermişdi. Rəfiqəni bir dəfə alqı-satqıda görmüşəm, pul bir dəfəyə ödənilib.” kimi ifadə vermişdir. Belə olan halda şahidin qeyri--səmimi ifadə verdiyi müəyyən olunur. Belə ki, cavabdeh və iddiaçı tərəf etiraf edirdilər ki, həmin vaxt cavabdehin anası Türkiyədə olub. Bu baxımdan məhkəmə şahid X2 ifadəsinə tənqidi yanaşır. Məhkəmə ilk öncə iddia tələbində qeyd olunan mübahisləndirilən pul vəsaitinə tərəflərin paylarının bərabər olduğunu, tərəflərin hazırda münasibətlərinin pozulduğunu, artıq birgə nikahda olmadıqlarını, tikilinin hazırda cavabdehin sahibliyində və istifadəsində qaldığını, bu səbəbdən də həmin mübahisəli tikilinin alınmasına çəkilmiş xərcin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməli olmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən evin alınması ilə bağlı çəkilmiş xərcin 13.500 (on üç min) manat məbləğində pulun ½ hissəsi – 6750 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar