Məhkəmə qərarları › İş №2(005)-3385/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3385/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3385/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət etdiyi tarixdən etibarən hər ay hər uşağa görə 400 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində alimentin, eləcə də xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək 100 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 18 fevral 2010-ci il tarixdə, Səadət Sarayında (Bakı nikah evi) nikaha daxil olub ailə qurmuşlar. Nikah 103 N-li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq iddiaçı uşağın maddi tələbatlarını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin də bir valideyn olaraq bu məsuliyyəti onunla bərabər bölüşməli olduğunu bildirir. Lakin cavabdeh uşaqların tələbatlarına ümumiyyətlə köməklik göstərmir. Bu səbəbdən alimentin müəyyən olunması üçün zərurət yaranmışdır. Qeyd edir ki, iddiaçı tərəfindən alimentin artırılması ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/11/2024-00679 saylı arayış verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, işi ilə əlaqədar olaraq aylıq gəlirlərinin sabit məbləğdə olmamasına görə iddia tələbində qeyd olunan məbləği ödəməyə maddi imkanı olmadığını bildirdi. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2010-cu il tarixli AZ-İ 545503 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2010-cu il tarixdə nikahı bağlanmış, nikah həmin tarixdə akt qeydləri kitabında 103 № ilə qeyd edilmişdir. Ərə Dədəcanov, arvada Dədəcanova soyadı verilmişdir. 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZEMİS-dən əldə olunan gəlir məlumatlarından aydın olunur ki, Cavabdeh fərdi sahibkardır (VÖEN: **********) və daşınmaz əmlakın qiymətləndirilməsi, icarəsi, satılması və alınmasında vasitəçilik fəaliyyəti ilə məşğuldur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı Cavabdeh uşaqların saxlanılmasında iştirak etmədiyini bildirir və bu səbəbdən cavabdehdən hər ay hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək 100 manat məbləğində aliment tutulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdeh isə fərdi sahibkardır. İddiaçı uşaqların saxlanılması üçün aliment miqdarını hər ay hər uşağa görə 400 manat olmaqla, 800 manat və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək 100 manat məbləğində aliment tutulmasını tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehin gəlirinin yüksək olması, hər uşaq üçün 400 manat ödəmək qabiliyyətinə malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bu baxımdan, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün İddiaçı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində, yaşayış minimumu nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə işin hallarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması ədalətli və əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır. Eyni zamanda, məhkəmə xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatmamasını nəzərə alıb hesab edir ki, uşaq 3 yaşına çatanadək cavabdeh iddiaçıya maddi köməklik göstərməli, iddia tələbi bu hissədə də qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək, İddiaçı xeyrinə hər ay tutulmalı olan aliment 50 manat məbləğində müəyyən edilməlidir. Həmin məbləğ də cavabdehin məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2024-cü il tarixdən etibarən tutulmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh valideyn olaraq uşağın saxlanılması üçün məsuliyyət daşıdığından iddia tələbi qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində təşkil edir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə onu da qeyd edir ki, ödənilməli alimentin bir illik məbləği 6240 manat olduğundan, ödənilməli dövlət rüsumun məbləği 82,4 manat təşkil edir. İddiaçı bu məbləği ödəməkdən azad edildiyindən rüsumun məbləği cavabdehdən dövlət büdcəsi üçün tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. xx.xx.2021-ci il təvəllüdlü X8 3 yaşına çatanadək, yəni xx.xx.2024-cü ilədək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. İddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumun məbləği olan 82,4 (səksən iki manat, qırx qəpik) manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar