Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3447/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları-25.02.2014-cü il təvəllüdlü X5 və 10.10.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdeh X1 hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh oğlu ilə birlikdə ailə həyatı quraraq toy etmişlər. İddiaçı və cavabdeh Bakı şəhəri Nərimanov rayon VVADQ orqanında nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 24 iyun 2006-cı il təvəllüdlü X6 və 26 sentyabr 2007-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Tərəflər birlikdə yaşasalar da, Cavabdeh bir ata kimi öz aliment öhdəliklərini yerinə yetirmir, uşaqlarının maddi təminatı ilə maraqlanmır, öz aylıq maaşından uşaqların və ailəsinin dolanışığı üçün heç bir vəsait xərcləmir. Bildirir ki, o kifayət qədər yüksək əmək haqqı alır. Belə ki, cavabdeh halhazırda Konstitusiya Məhkəməsində Xüsusi Dövlət Mühafizə Xidmətində çalışır və 2000 manat maaş alır. Buna görə də, uşaqların normal həyat şəraitinin təmin edilməsi, ehtiyaclarının qarşılanması üçün onun aylıq maaşının üçdə bir hissəsində alimentin tutulması zəruridir. Həmçinin, hazırki şəraitdə onların Cavabdeh oğlu ilə eyni evdə yaşamaqları mümkün deyil. Buna görə də o, uşaqlarla birlikdə başqa bir evdə kirayədə yaşamaq istəyir ki, bu da bir sıra əlavə xərclərə səbəb olacaq. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İnsanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, xüsusilə də uşaqların inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov rayonu VVADQ tərəfindən verilmiş 19.07.2005-ci il tarixli AZ-İ № 166755 Nikah Haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu ilə X7 arasında 10.07.2005-ci il tarixdə arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10.07.2005-ci ildə 504 nömrəli akt qeydi ilə qeyd edilmişdir. İş materiallarında olan Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 03.11.2007-ci il tarixli AZ-İİ № 010954 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 sentyabr 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 03.11.2007-ci il tarixdə 1999 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 14.07.2006-cı il tarixli AZ-İ № 801564 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 iyun 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 14.07.2006-cı il tarixdə 1096 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından 24 iyun 2006-cı il təvəllüdlü X9 və 26 sentyabr 2007ci il təvəllüdlü X8 adlı övladı anadan olmuşdur, tərəflərin münasibəti sonradan pozulmuş, cavabdeh hazırda ailəsi ilə yaşamır, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. İddiaçı övladlarının saxlanması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı övladlarının maddi tələbatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə alimentin tutulması ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-cü maddəsinə əsasən məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tuta bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancından tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq 24 iyun 2006-cı il təvəllüdlü X3 və 26 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə alimentin tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 21.06.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 21.06.2021-ci il tarixdən başlayaraq, 24 iyun 2006-cı il təvəllüdlü X3 və 26 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh oğlundan 30 (on) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3447/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3447/2021
06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver