Məhkəmə qərarları › İş №2(005)-3474/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3474/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3474/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Binəqədi rayon İcra Şöbəsi və Cavabdeh3 qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Binəqədi rayon İcra Şöbəsi və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjası "xxxx" Hərrac Mərkəzi MMC tərəfindən keçirilmiş hərracın və onun nəticəsin’ dair protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə oğlu İddiaçı2 "xxxx" ASC ilə МK/73020/71 saylı kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinə əsasən İddiaçı2 illik 23% faiz dərəcəsi ilə 53 ay müddətinə qaytarmaq şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi ilə eyni zamanda Ruslanla "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə ona məxsus, ünvan 1 ünvanda yerləşən evin 3 nömrəli mənzili "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsinin ödəniş cədvəli üzrə ödəmələrində zamanzaman çətinliklər yaranması səbəbindən Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qərarı almış və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-184/2023 nömrəli icra vərəqəsinə əsasən Cavabdeh1ndə icra işi açılmışdır. İcra müddətində Ruslan tərəfindən banka ödənişlər edilərək icra sənədi üzrə "xxxx" ASC-уǝ olan borc tam olaraq ödənilmiş və bu barədə bank Cavabdeh1nə xx.xx.2025-ci il tarixdə 593İB nömrəli məktub göndərib, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə istinad edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin məktub xx.xx.2025-ci il tarixdə Cavabdeh1ndə qəbul edilsə də, icra məmuru Xəqani Əliyev və İcra şöbəsinin rəisi Fuad Nəbiyev qanunsuz və qərəzli olaraq onlara məlumat vermədən və ümumiyyətlə hər hansı qaydada xəbərdar etmədən mənzili hərraca çıxararaq 28 may 2025-ci il tarixdə mənzilin dəyərindən iki qat aşağı qiymətə satılmasına nail olmuşdur. Hərracın qalibi Cavabdeh3 olmuşdur. Hələlik o, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət etməmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC öz növbəsində hərracın keçirilməsi barədə onlara məlumat verməmiş və bu günədək hərrac təşkilatçısı və hərracın sifarişçisi Cavabdeh1nə edilən müraciətlərə baxmayaraq hərracın nəticəsinə dair protokolu təqdim etməkdən müxtəlif bəhanələrlə yayınmışlar. Mənzili Binəqədi rayon İcra şöbəsi tərəfindən qanunsuz olaraq hərraca çıxırılmışdır. Belə ki, hələ hərrac keçirilməzdən bir ay əvvəl Ruslan, “Bank of Baku ASC” qarşısında kredit öhdəliklərini tam yerinə yetirmiş və bu barədə İcra şöbəsinə Bank tərəfindən rəsmi müraciət edilərək, icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilsə də, Binəqədi rayon İcra şöbəsinin rəisi və icra məmuru qanunsuz olaraq mənzilin satılmasını sifariş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ev atası İddiaçı1 adınadır. Məhkəmə qərarı ilə əmlakın hərraca çıxarılması qət edilsə də, icra dövründə, bütün borcunu ödəmişdir. Lakin pulu ödəsə də 1 ay sonra evləri satılmışdır. İcra ödənişinə görə onun evi qanunsuz olaraq satılıb. İcra xərcini də ödəməyə hazırdır. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, problem icra ödənişinin ödənilməməsi bağlı yaranmışdır. İcra xərcinə görə əmlakın satılması qanunsuzdur. Əlavə olaraq da, hərracın keçirilməsi barədə iddiaçıya bildiriş göndərilməmişdir. İddiaçı da hərracda iştirak etməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, iddia tələbini qəbul edir. Pulu ödəyib evi almışdır. Çıxarış almamışdır. O borc götürərək evi almışdır. Məsələnin uzanması onu da ziyana salır. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış МK/73020/71 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən "xxxx" ASC borc alan İddiaçı2 36 ay müddətinə, illik 23% hesablanmaqla 20000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - “İpoteka saxlayan” "xxxx" ASC, “İpoteka qoyan” İddiaçı1 və “borc alan” İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, “İрoteka qoyan” öz mülkiyyətində olan və bu müqavilənin 2-ci maddəsində təsvir olunan əmlakı “Kredit alan”ın “Bank” qarşısında olan və bu müqavilənin 1.2-ci bəndində təsvir olunan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. - AR ƏMDX DƏDKR 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 3b, mənzil 3 ünvanında yerləşən 4 otaq, ümumi sahəsi 81.4 kv.m, yaşayış sahəsi 59.0 kv.m təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 3b, mənzil 3 ünvanı xx.xx.2008-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır; - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-184/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəli kredit sazişinin ləğv edilməli, "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəli kredit sazişi üzrə 15843,08 manat əsas, 2299,51 manat faiz borcu, 248,21 manat cərimə olmaqla, ümumilikdə 18390,8 manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq "xxxx" ASC-yə ödənilməli, tutma İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 3b, mənzil 3 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 162000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə edilmiş vəsait hesabına yuxarıda göstərilən borc məbləğinin ödənilməsi təmin edilməli, qalan pul mənzilin mülkiyyətçisi kimi İddiaçı1 qaytarılmalı, mənzilin satışından əldə ediləcək gəlir hesabına borcun ödənilməsi mümkün olmadıqda isə, qalan borc İddiaçı2 ümumi qaydada tutularaq banka ödənilməlidir. Mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı1, X2 və X1 öz əşyaları ilə birlikdə mənzildən çıxarılmalıdır; - "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********52844800 saylı protokolun surətindən görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 3b, mənzil 3 ünvanında yerləşən mənzil 137700 manata Cavabdeh3 tərəfindən əldə edilmişdir; - "xxxx" ASC tərəfindən Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-184/2023 saylı icra sənədi üzrə borclu İddiaçı2 "xxxx" ASC-yə olan borcu tam olaraq ödənilmişdir. Bu səbəbdən icraata xitam verilməsi xahiş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 18390,8 manat məbləğində borcun İddiaçı1 və İddiaçı2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 3b, mənzil 3 ünvanında yerləşən mənzilə yönəldilməsi qət edilmişdir. Qeyd edilən borcun İddiaçı2 tərəfindən tam olaraq ödənilməsinə və Bank tərəfindən Binəqədi rayon İcra şöbəsinə ipoteka müqaviləsinin təminatı kimi çıxış edən kredit müqaviləsi üzrə öhdəliyin mövcud olmaması barədə məktubun göndərilməsinə baxmayaraq, əmlak Binəqədi rayon İcra şöbəsi tərəfindən icra ödənişinin ödənilməməsi səbəbindən hərraca çıxarılmış və hərrac nəticəsində Cavabdeh3 tərəfindən əldə edilmişdir. Hazırda iddiaçılar hərracın qanunsuz olaraq keçirilməsinə, mülkiyyət hüquqlarının pozulmasına, hərracın keçirilməsindən xəbərdar olmamalarına, ipoteka ilə təmin edilən öhdəliyin tam icra edilməsinə baxmayaraq əmlakın hərraca çıxarılmasının qanunsuz olduuna istinad edərək, hərracın yekunları barədə protokolun etibarsız sayılmasını xahiş etmişlər. Hərracın qalibi olaraq, əmlakı əldə etmiş Cavabdeh3 iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Mülki Məcəllənin 460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə əsasən, girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda, habelə elektron hərracda satışınadək (alqı-satqı müqaviləsi bağlananadək, tərəflərin razılığı əsasında həyata keçirilən hərracın nəticələri üzrə protokol imzalananadək, elektron hərracın nəticələri haqqında protokol tərtib olunanadək), yaxud “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən şəhadətnamə verilənədək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. İpotekanın xitamı əsasları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallarda. Hazırkı iş üzrə əsas öhdəliyə xitam verildiyindən, icra ödənişi isə ipoteka ilə təmin edilmiş öhdəliyin tərkibinə daxil olmadığından yalnız icra ödənişinə görə əmlakın ipotekaya tutma yönəldilməsi qaydasında hərraca çıxarılması qanunvericilik tələblərinə zidd olmaqla iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Mülki Məcəllənin 416-cı maddəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi, sadalanan qanunvericilik normalarında hərracın keçirilmə qaydaları birmənalı olaraq müəyyən edilmiş və həmin qaydalara əməl edilməməsinin hüquqi nəticələri nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, həracın keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydaları yalnız ipoteka saxlayanın deyil, həmçinin ipoteka qoyanın, yəni əmlakın mülkiyyətçisinin mənafelərinin müdafiəsinə yönəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. “İcra haqqında” Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Hazırki iş materiallarından göründüyü kimi, "xxxx" ASC tərəfindən Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən borclu İddiaçı2 kredit müqaviləsi üzrə banka olan borcunu tam həcmdə ödəmiş, bununla da ipoteka ilə təmin olunmuş əsas öhdəlik icra edilmişdir. Həmin məktubda icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, icra orqanı tərəfindən ipoteka predmetinin hərraca çıxarılması kredit öhdəliyinin mövcudluğu ilə deyil, icra ödənişinin ödənilməməsi ilə bağlı olmuşdur. Halbuki icra ödənişi kredit və ya ipoteka öhdəliyinin tərkib hissəsi olmayıb, icra mərhələsində yaranan ayrıca maliyyə öhdəliyidir və onun ödənilməməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün hüquqi əsas yarada bilməz. Həmin öhdəliyin icra edilməsi icra qanunvericiliyinin tələblərinə uyğun olaraq ümumi qaydada həyata keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra ödənişi borcludan qanunla nəzərdə tutulmuş mərhələli məcburi icra tədbirləri tətbiq edilməklə tutulmalıdır. İcra məmuru icra sənədinin icrası zamanı ilk növbədə borclunun pul vəsaitlərinə, əmək haqqına, bank hesablarına və digər əmlakına tutma yönəltməlidir. İcra məmurunun birbaşa olaraq artıq kredit öhdəliyi icra edilmiş ipoteka predmetini icra ödənişinin tutulması məqsədilə hərraca çıxarması qanunvericilik tələbinə və ipoteka institutunun mahiyyətinə zidd olmuşdur. Bununla yanaşı, məhkəmə iclasında hərracın qalibi qismində çıxış edən Cavabdeh3 iştirak etmiş və məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etirazının olmadığını, hərracın nəticələrinin etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə icra ödənişinin ödənilməməsi səbəbindən artıq əsas öhdəliyə xitam verilməsinə baxmayaraq, ipoteka predmetinə tutma yönəldilməsini və həmin əmlakın satılması ilə bağlı keçirilmiş hərracın qanunsuz olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, hərracın nəticələri etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 3b, 3 nömrəli mənzilin açıq hərracdan satılması ilə bağlı “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən xx.xx.2025-ci il tarixli, **********52844800 saylı “Hərracın nəticələrinə dair” protokol etibarsız hesab olunmalıdır. İş üzrə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 3b, 3 nömrəli mənzilin açıq hərracdan satılması ilə bağlı “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən xx.xx.2025-ci il tarixli, **********52844800 saylı “Hərracın nəticələrinə dair” protokol etibarsız hesab olunsun. İş üzrə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar