Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3493/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “boşdayanma vaxtı üçün əməyin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “boşdayanma vaxtı üçün əməyin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin günahı üzündən müəssisədə böşdayanmalar olmasını nəzərə alınaraq iddiaçıların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müəyyən edilmiş 310 manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7440 manat yəni, İddiaçı1 Allahverdi qızı - 310 manat x 36 ay = 11160 manat: 3 = 3720 manat x 2 = 7440 manat, İddiaçı2- 310 manat x 36 ay = 11160 manat : 3 = 3720 manat x 2 = 7440 manat olmaqla hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq iddiaçılara ödənilməsi və Mediasiya Şürasına iddiaçıların hər birinin ödədiyi 50 manat pulun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçılar 1988-1992-ci ildən "xxxx" zavoduna (hazırda Açıq Səhmdar Cəmiyyəti) işə daxil olmuşlar və hər biri ilə aylıq əmək haqqı 310 manat olmaqla Əmək Müqaviləsi bağlanmışdır. Lakin cavabdeh bağlanmış əmək müqaviləsinin surətini onlara heç vaxt təqdim etməmişdir. Əmək müqaviləsi üzrə mühasibatlığın verdiyi məlumata əsasən iddiaçıların hər birinin əməkhaqqı 310 manat müəyyən edilmişdir. 2019-cu ilə kimi heç bir nöqsan və töhmətləri olmamışdır. Lakin 2019-cu ilin may ayında müəssisəni rəhbərliyi “guya müəssisədə istehsalat azaldığından“ işə gəlməmələrini bildirmişdir. Bununla əlaqədar iddiaçılar ailələrində yeganə işləyən şəxs olduqlarını və əgər onlar işləməyəcəyi təqdirdə ailələrinin maddi vəziyətinin çox pis vəziyyətə düşəcəyini bildirmişlər. Lakin buna baxmayaraq, müəssisənin rəhbərliyi bildirmişdir ki, müəssisə qısa müddətdə işə düşən kim onları işə çağıracaqlar. İddiaçılar müəssisə rəhbərliyi ilə konflikt yaratmamaq üçün rəhbərliyə qarşı müübahisə yaratmamaq üçün gözləmişlər. O zamana cavabdeh iddiaçıların işə gəlməmələri barədə heç bir sənədləşdirmə aparılmamışdır və bununla əlaqədar ərizə almamışdır. Çünki rəhbərlik bildirmişdir ki, tezliklə onları işə çağırtdıracaqdır. Lakin müəssisənin rəhbərliyi iddiaçıları işə çağırmadığı üçün onlar dəfələrlə müəssisədə olmuşlar və işləmək istədiklərini bildirsələr də, cavabdeh “hər dəfə iş yoxdur gedin sonra çağıracaq” deyərək onları sakitləşdirmiş və vaxt uzatmışdır. O zaman iddiaçılar digəri işçilər kimi cəmiyyətin rəhbərliyinin sözünə inanmış və gözləmişlər. Bir neçə müddətdən sonra iddiaçılar cəmiyyətin sədrinə müraciət edərək ailələrinin qismən də olsa saxlamaq və qanunla nəzərdə tutulan qaydada müəssisənin günahı üzündan dayanmalar olduğu üçün əmək haqqının 2/3 hissəsinin ödənilməsini xahiş etmişlər. Lakin cəmiyyətin sədri onların şikayət və tələblərinə əhəmiyyət verməmişdir. 2019-cu ildə müəssisədə istehsalatın dayandırıması barədə hər hansı bir əmr olmamış və işçilərin kütləvi sürətdə işə buraxılmaması barədə AR Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna məlumat verilməmişdir. Hazırda müəssisənin ərazisindəki sex və anbarlar yüksək məbləğə icarəyə verilərək böyük məbləğdə pul vəsaiti əldə olunmasına baxmayaraq, iddiaçılara və müəssisnin digər işçilərinə boşdayanmala görə heç bir vəsait ödənilmir. Müəssisənin sexlərini icarəyə götürən şəxs tərəfindən başqa işçilər götürərək işlədir və onlara əmək haqqı verilir. müəssisənin icarəyə verilmiş sahələrində çalışan işçiləri ilə söhbətləri zamanı onlar bildirmişlər ki, icarə müqaviləri rəsmi və qeyri rəsmi bağlanmış və rəsmi müqavilələrlə ilə ödənilən məbləğlər müəssiənin hesabına köçürülsə də, müqavilədən kənar əldə edilən məbləğlər müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Bunu vergi idarələri yoxlayıb aydınlaşdıra bilərlər. Müəssisədə istehsalatın dayandırılmasına heç bir zərurət olmamışdır. Çünki müəsisədə iş başqa formada davam etdirilir. İddiaçılar heç bir yerdə işləmir və ailələrini dolandırmaq üçün heç bir başqa təminatları yoxdur. Pensiya almırlar. Cavabdeh tərəf xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddiaya etiraz ərizəsi təqdim edərək bildirdi ki, müəssisədə mövcud olan kollektiv müqavilənin 4.10-cu bəndinə əsasən, istehsal və satışın olmaması yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssəsisənin normal fəaliyyət göstərməsinə mane olan, o cümlədən dövlət orqanlarının qəbul etdikləri qərarlar və ya onların nümayəndələrinin hərəkətləri məhkəmə qarşısında mübahisələndirilərkən müəssisənin fəaliyyət göstərməməsi zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər. Müəssisənin 09 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə işçilər 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 10 saylı, xx.xx.2019-cu il tarixli əmrlə bu müddət daha 3 ay uzadılmış, 11 saylı, xx.xx.2019-cu il tarixli əmrlə bu müddət xx.xx.2019-cu il tarixinə qədər uzadılmış, 13 saylı, xx.xx.2019-cu il tarixli əmrə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2019-cu il tarixindən geri çağrılmışdır. 01 saylı, xx.xx.2020-ci il tarixli əmrlə işçilər 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 03 saylı, xx.xx.2020-ci il tarixli əmrlə bu müddət xx.xx.2020-ci il tarixinə qədər uzadılmış, 04 saylı, xx.xx.2020-ci il tarixli əmrə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2020-ci il tarixindən geri çağrılmış, 05 saylı, xx.xx.2020-ci il tarixli əmrlə işçilər xx.xx.2020-ci il tarixinə qədər ödənişsiz məzuniyyətə buraxılmışdır. 01 saylı, xx.xx.2021-ci i tarixli əmr ilə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 02 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. 03 saylı, xx.xx.2021-ci il tarixli əmrlə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 04 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 05 saylı, xx.xx.2021-ci il tarixli əmrlə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 07 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçilər xx.xx.2022-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İddia tələbi 2019-2022-ci illər üzrə olduğu üçün göründüyü kimi bu aylarda işçilər, o cümlədən iddiaçılar ödənişsiz məzuniyyətdə olduğu üçün həmin müddətə əmək haqqının verilməsi mümkün deyildir. Bundan əlavə, iddia tələbi qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Bununla əlaqədar ərizə məhkəməyə təqdim edilmişdir Bunlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddiaçılarla bağlanış əmək müqavilələrinə 2022-ci ilin iyun ayında xitam verildiyini, son haqq-hesabın iddiaçılara ödənildiyini bildirərək, iddia müddətinin keçməsi səbəbindən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları "xxxx" ASC-işəgötürən ilə İddiaçı1-işçi arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 72 nömrəli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi əsas spirt istehsalı və şərab emalı, opreator vəzifəsinə işə qəbul edilmişdir (1.2-ci bənd). İşin birinci həftəsi sınaq müddəti hesab edilir (2.2-ci bənd). İşçi 07 yanvar 2014-cü il tarixdən işə başlayır (2.4-cü bənd). İşçiyə hər ay 260 manat məbləğdə əmək haqqı ödənilir (4.1-ci bənd); Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-işəgötürən ilə İddiaçı1 -işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sistemind qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli 31 nömrəli əmrin surətindən aydın olur ki, “sex” bölməsində “maya hazırlayan opretaor” vəzifəsində işləyən İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin “b” – işçilərin sayı və ştatları ixtisar edildikdə, bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, işçinin 0207.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 16 məzuniyyət gününün son haqqıhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi barədə göstəriş verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-işəgötürən və İddiaçı1 arasında bağlanmış əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin “b” – işçilərin sayı və ştatları ixtisar edildikdə, bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, “İxtisarla əlaqədar son haqq hesab” təyinatı ilə 742,60 manat pul İddiaçı1 bank hesabına köçürülmüşdür. "xxxx" ASC-işəgötürən ilə İddiaçı2-işçi arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 99 nömrəli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi şuşə qablar və karton qutuları sexində boş şüşə qabların yuyucusu vəzifəsinə işə qəbul edilmişdir (1.2-ci bənd). İşin birinci həftəsi sınaq müddəti hesab edilir (2.2-ci bənd). İşçi 07 yanvar 2014-cü il tarixdən işə başlayır (2.4-cü bənd). İşçiyə hər ay 335 manat məbləğdə əmək haqqı ödənilir (4.1-ci bənd); Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-işəgötürən ilə İddiaçı2-işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli 25 nömrəli əmrin surətindən aydın olur ki, “süşə qablar və material anbarı” bölməsində “boş şüşə qabların yuyucusu” vəzifəsində işləyən İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin “b” – işçilərin sayı və ştatları ixtisar edildikdə, bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 4 məzuniyyət gününün son haqqı hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi barədə göstəriş verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-işəgötürən və İddiaçı2 arasında bağlanmış əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin “b” – işçilərin sayı və ştatları ixtisar edildikdə, bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, “İxtisarla əlaqədar son haqq hesab” təyinatı ilə 651,45 manat pul İddiaçı2 bank hesabına köçürülmüşdür. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı1 və İddiaçı2 "xxxx" ASC ilə əmək müqavilələri bağlayaraq əmək münasibətlərinə daxil olmuşlar. 2022-ci il tarixdə onların əmək müqavilələrinə xitam verilmişdir. Hazırda iddiaçılar 2019-cu ildə onlardan asılı olmayan səbəblərdən boşdayanma halları olduğunu, lakin bu dövr üçün əmək haqqı hesablanaraq verilmədiyini bildirir. "xxxx" ASC-nin nümayəndəsi isə iddiaçıların hazırki tələblə məhkəməyə müraciət etmələri üçün iddia müddətini ötürdüklərini bildirir və iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" ASC ilə aralarında bağlanmış əmək müqavilələri üzrə "xxxx" ASC-nin sexlərində müxtəlif vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqavilələrinə işəgötürənin 08 iyun 2022-ci il tarixli 25 və 31 nömrəli əmrləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi boşdayanmaya görə əmək haqlarının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülübsürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (288-ci maddənin “d” bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 1 və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, boşdayanma hallarına görə əmək haqqının hesablaıb ödənilməsi bararədə hüquqlarının pozulduğunu bilən iddiaçılar bu pozuntunu bildikləri və ya bilməli olduqları vaxtdan 1 ay müddətində məhkəməyə müraciət etməli idilər. Lakin iş materiallarından aydın olur ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və son haqq-hesab üzrə ödənişlər xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə edilmişdir. Lakin iddiaçılar hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişlər. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüklərindən, mübahisə tərəfi olan cavabdeh "xxxx" ASC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçılar İddiaçı1 və İddiaçı2 mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 23 dekabr 1993-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “boşdayanma vaxtı üçün əməyin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “boşdayanma vaxtı üçün əməyin ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3493/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3493/2023
24.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver