Məhkəmə qərarları › İş №2(005)-3529/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3529/2025

22.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3529/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin nümayəndələri X7 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Tresti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı indeksasiya edilmədiyinə görə ona dəymiş 6485,74 manat maddi, 6500 manat mənəvi ziyan olmaqla, cəmi 12985,74 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimat"ın (Təlimat) tələbləri pozulduğuna, yəni illər ərzində indeksasiya aparılmadığında görə ona dəymiş ziyan ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya etiraz ünvanlayaraq, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, SOCAR-ın "Neftqaztikinti" Trestinin (Trest) 2 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışmış, yaşa görə əmək pensiyasına çıxması səbəbi ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində öz ərizəsi əsasında xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş SOCAR-ın Nizamnaməsinə əsasən SOCAR kommersiya fəaliyyətini həyata keçirən hüquqi şəxs olmaqla, büdcədən maliyyələşməyən dövlət müəssisəsidir (Nizamnamənin 3.1.-ci bəndinə əsasən şirkətin nizamnamə kapitalı 1,628,000,000 manat təşkil edir və dövlətə məxsusdur). Adıçəkilən Təlimatın V hissəsi əhalinin gəlirlərinin indekləşdirilməsi qaydası və onun tamlığı adlanır və həmin hissənin "v" bəndində mülkiyyət formasından asılı olmayaraq təsərrüfat hesabı ilə işləyən müəssisə və təşkilatların işçilərinin əmək haqqının indeksləşdirilməsinin mümkünlüyü üçün əsaslar nəzərdə tutulmuşdur. Orada qeyd olunur ki, mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat hesabı ilə işləyən müəssisə, idarə və təşkilatların işçilərinin əmək haqqının indeksləşdirilməsi məsələləri müdiriyyətlə işçi və ya kollektiv arasında bağlanmış fərdi və ya kollektiv müqavilələr (razılaşmalar və kontraktlar) çərçivəsində öz vəsaiti hesabına həll edilir. Belə ki, Trest SOCAR-ın Nizamnaməsinin 2 nömrəli Əlavəsinin 11-ci bəndinə əsasən SOCAR-ın strukturuna daxil olan müəssisədir. Nə Trest ilə X4 Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üçün Kollektiv müqavilədə, nə də İddiaçıla bağlanmış əmək müqaviləsində əmək haqqının indeksləşdirilməsi məsələləri öz əksini tapmamışdır. Bu da təsdiq edir ki, iddiaçının indeksləşdirilmə ilə bağlı nə SOCAR-a, nə də ki onun müəssisələrinə, o cümlədən Trestə qarşı iddia irəli sürmək hüququ yoxdur. Mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. SOCAR və Trest tərəfindən iddiaçının hüquqları pozulmadığından onun mənəvi zərərə görə kompensasiya tələb etmək üçün heç bir əsası yoxdur. SOCAR-ın Nizamnaməsinə əsasən Trest, SOCAR-ın strukturuna daxil olan müstəqil hüquqi şəxsdir. Trest SOCAR-ın öhdəliklərinə, SOCAR isə Trestin öhdəliklərinə görə cavabdeh deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, ərizəsi olmadığı halda Socar onu işdən azad etmişdir. Əmək haqqı tam ödənilmişdir. 1424 manat miqdarında əmək haqqı alırdı. Lakin 5 ildir ki, Socar əmək haqqının miqdarını artırmır. Sonuncu dəfə 2020-ci ildə maaş 20 % artırılmışdır. Bundan sonra inflyasiya olmağına bağmayaraq əmək haqqı artırılmamışdır. O, Nazirlər Kabinetinin qərarının tələblərinə uyğun olaraq əmək haqqının indeksasiya olunmasını tələb edir. İşlədiyi yer Trest olsa da, onun cavabdeh kimi cəlb edilməsinə etiraz edir. Bunu ancaq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti edə bilər. Hazırda işləmir, pensiya alır. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X5 bildirmişdir ki, şirkət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmir. Əgər maaşın artımı məsələsi olarsa, bu kütləvi tətbiq olunur. Başqa bir işçiyə tətbiq olunması və iddiaçıya tətbiq olunmaması yolverilməz haldır. Hazırda belə bir hal mövcud deyildir. Nazirlər Kabinetinin qərarında yalnız müqavilənin mövcudluğuna istinad olunur. Hazırki işdə iddiaçı ilə bağlanmış əmək müqaviləsində bu cür şərt nəzərdə tutulmamışdır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Azərbaycan Respbulikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin nümayəndəsi X3 bildirmişdir ki, iddiaçı 65 yaşına çatması səbəbindən 2025-ci ilin aprel ayında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək haqqı tam ödənilmişdir. 2020-ci ildən sonra maaşlarda hər hansı artım olmamışdır. Maaşların artırılması işəgötürənin vəzifəsi deyildir. Əmək müqaviləsində və ya kollektiv müqavilədə belə bir şərt də nəzərdə tutulmamışdır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) “Neftqaztikinti” Tresti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3404 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı boru kəmərlərinin quraşdırıcısı vəzifəsinə işə qəbul edilmişdir; - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) “Neftqaztikinti” Trestinin işdən azad edilmə barədə xx.xx.2025-ci il tarixli əmrinin surətindən görünür ki, yaşa görə əmək pensiyasına çıxdığından İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixində xitam verilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2015-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) “Neftqaztikinti” Trestində boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışmışdır. Əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində, yaşa görə əmək pensiyasına çıxdığından xitam verilmişdir. Hazırda iddiaçı işlədiyi dövrdə inflyasiya olmasına baxmayaraq əmək haqqının artırılmadığına istinad edərək, əmək haqqının indeksasiya edilərək, artımın cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbinin hər hansı bir qanuni əsasının olmadığını bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən vəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimat"ın ümumi müddəalarına görə, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanuna müvafiq olaraq, büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatların işçilərinin pul gəlirlərinin indeksləşdirilməsi büdcə vəsaiti hesabına təmin edilir. Təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərən bütün müəssisələr öz maliyyə vəziyyətlərini nəzərə almaqla fəhlə və qulluqçuların əmək haqqının indeksləşdirilməsini qəbul edilmiş qanuna müvafiq olaraq həyata keçirirlər. Həmin Təlimatın İİİ hissəsinə əsasən, istehlak qiymətləri indeksi artımının qanunvericilikdə müəyyən olunmuş indeksləşdirmə həddini keçməsi əhalinin pul gəlirlərinin indeksləşdirilməsi üçün əsas sayılır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən indeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Bu o deməkdir ki, əhalinin pul gəlirlərinin indeksləşdirilməsi hər növbəti rüb bitdikdə həyata keçirilir və bu şərtlə edilir ki, son indeksləşdirmə anından başlayaraq artan yekunla hesablanan istehlak qiymətləri indeksinin artımı beş faizli həddi keçmiş olsun. Təlimatın əhalinin gəlirlərinin indeksləşdirilməsi qaydası və onun tamlığını müəyyən edən V hissəsinin v bəndinə əsasən mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat hesabı ilə işləyən müəssisə, idarə və təşkilatların işçilərinin əmək haqqının indeksləşdirilməsi məsələləri müdiriyyətlə işçi və ya kollektiv arasında bağlanmış fərdi və ya kollektiv müqavilələr (razılaşmalar və kontraktlar) çərçivəsində öz vəsaiti hesabına həll edilir. Bu zaman müqavilə bağlayan tərəflər müəssisənin sərəncamında qalan gəlirin miqdarından, əmək məhsuldarlığının əldə edilmiş səviyyəsindən, habelə respublika mətbuatında dərc edilmiş istehlak qiymətlərinin indeksinə və “Azərbaycan Respublikasında vətəndaşların gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa dair məlumatlardan çıxış etməlidirlər. İşçilərin əmək haqqının indeksləşdirilməsinin tamlığı kollektiv müqavilələrdə (sazişlərdə və kontraktlarda) müəyyən edilmiş təshih əmsalı və normativlər şkalası kimi elementlərin köməyi ilə tənzimlənir. Müəssisələr öz maliyyə imkanlarını nəzərə alıb, Qanunun 4-cü maddəsindən istifadə edərək müvafiq faizləri artıra və ya azalda bilərlər. Azərbaycan Dövlət Neft Şirkətinin Nizamnaməsinin İİİ bəndinə uyğun olaraq, şirkətin nizamnamə kapitalı 1,628,000,000 (bir milyard altı yüz iyirmi səkkiz milyon) manat təşkil edir və dövlətə məxsusdur. Şirkətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən, digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Şirkətin əmlakı onun müstəqil balansında əks olunur. Şirkət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestində işlədiyi 5 il ərzində, istehlak qiymətlərinin indeksinin 5 faizlik həddi keçməsinə baxmayaraq indeksasiya edilməməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. İndeksləşdirmə ilə əlaqədar əhalinin pul ödəmələrinin hesablanması və ödənilməsi qaydası, əsasları yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimat"ın tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin Təlimatın V hissəsinin "v" bəndində isə mülkiyyət formasından asılı olmayaraq, yalnız təsərrüfat hesabı ilə işləyən müəssisə və təşkilatların işçilərinin əmək haqqının indeksləşdirilməsi məsələlərinin, müdiriyyətlə işçi və ya kollektiv arasında bağlanmış fərdi və ya kollektiv müqavilələr əsasında həll edilməli olduğu qeyd olunmuşdur. Göründüyü kimi, işəgötürənin indeksləşdirmə ilə bağlı məcburi öhdəliyi yalnız tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulan hallarda yaranır. Hazırki iş üzrə iddiaçı ilə təsərrüfat hesabı ilə işləyən işəgötürən arasında bağlanmış əmək müqaviləsində isə əmək haqqının indeksləşdirilməsinə dair hər hansı bir maddə və ya şərt mövcud deyildir. Həmçinin, SOCAR ilə “Neftqaztikinti” Tresti arasında bağlanmış kollektiv müqavilədə də əmək haqqının indeksləşdirilməsinə dair müddəa yer almamışdır. O da qeyd edilməlidir ki, iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Tresti ilə bağlanmış olsa da, iddia ərizəsində cavabdeh kimi SOCAR qoyulmuşdur. İddiaçıya məhkəmə tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif olunsa da, iddiaçı razılaşmamışdır. Bu baxımdan SOCAR ümumiyyətlə iddiaya cavab verməli şəxs deyildir. Hər bir halda iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu müəyyən edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının irəli sürdüyü hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməsi mümkün deyildir. Həmçinin iddiaçının maddi zərərin ödənilməsi ilə bağlı iddia tələbi əsassız sayıldığı üçün həmin tələbdən asılı olan mənəvi zərərin ödənilməsi tələbi də əlavə hüquqi qiymət verilmədən təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Tresti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Tresti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar