Məhkəmə qərarları › İş №2(005)-3545/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3545/2020

26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3545/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3000/2009 nörməli xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının saxlanması üçün tutulmuş alimentin miqdarının azaldılması və xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının saxlanması üçün sabit pul məbləği olaraq 150 (bir yüz əlli) manat məbləğində aliment təyin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmırdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3000/2009 nömrəli xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən xx xxxx 1999-cu il təvəllüdlü Bağırov Orxan Cövdət oğlunun və xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının saxlanması üçün xx xxxxxx 2009-cu il tarixdən başlayaraq, ondan Cavabdeh xeyrinə hər ay bütün növ qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Bu qətnamədən daha sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(011)-3438/2009 nömrəli qətnaməsi ilə Cavabdeh iddia ərizəsinə əsasənonunla olan nikahına xitam verilmişdir. Son 12 il müddətində aliment ödənişi davam edir. Birinci nikahdan olan övladı xx xxxx 1999-cu il təvəllüdlü Bağırov Orxan Cövdət oğlunun 21 yaşı vardır. Ona görə də onun alimenti dayandırılıb və o hal-hazırda əmək fəaliyyəti göstərir. Övladı Bağırov Orxan Cövdət oğlunu 10 (on) il birlikdə, eyni və vahid bir ailədə yaşadıqları dövrdə zəhmətlə böyütmüşdür. Daha sonra isə ona görə 8 (səkkiz) il aliment vermişdir. Birinci nikahdan olan digər övladı xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının 6 (altı) yaşına çatana qədər onun yanında olmuş və bu günə qədər onun saxlanması üçün aliment ödəyir. Hazırda birinci nilahdan olan övladları ilə heç bir əlaqəsi yoxdur, çünki onların hər ikisi ona məlum olmayan səbəbdən onunla ünsiyyət yaratmaq istəmirlər. Cavabdeh ondan ancaq aliment almaq haqqında düşünür. Onlar hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu ərazisində ünvanı ona məlum olmayan mənzildə yaşayırlar. Qeyd edilməlidir ki, o ikinci dəfə nikaha daxil olmuş və ikinci nikahından iki övladı (xx xxx 2012-ci il təvəllüdlü Bağırova Nuray Cövdət qızı və xx xxx 2014-cü il təvəllüdlü Bağırova Humay Cövdət qızı) vardır. O, ikinci ailəsi ilə birlikdə maddi imkanı olmadığına görə bir otaqlı mənzildə anası ilə birlikdə daimi əsəb gərginliyində yaşayır. O, özü bronxial astma, şəkərli diabet və prostatvəzin xoşxassəli şişi xəstəliyindən əziyyət çəkir. Bu xəstəliklərə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1 nömrəli poliklinikasında tibbi uçotdadır və daimi olaraq dərmanlar qəbul etmək məcburiyyətindədir. İkinci nikahından olan övladı Bağırova Nuray Cövdət qızı ağır formalı revmatizm xəstəliyindən əziyyət çəkir, tez-tez baş verən ağrılara görə orta məktəbə gedə bilmir və tibbi-təhsil komissiyasının rəyinə əsasən evdə təhsil alır. Ondan aliment tutulması qərarı verilən gündən, yəni xx xxxxxx 2009-cu il tarixindən bugünədək, yəni son 12 (on iki) il ərzində onun ailə vəziyyətində və sağlamlığı ilə bağlı ciddi dəyişiklər baş vermişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3000/2009 nömrəli xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi təmin edilərək, xx xxxx 1999-cu il təvəllüdlü Bağırov Orxan Cövdət oğlunun və xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının saxlanması üçün xx xxxxxx 2009-cu il tarixdən başlayaraq, ondan Cavabdeh xeyrinə hər ay bütün növ qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(011)-3438/2009 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı Məmməd oğluna qarşı “nikahın pozulması və birgə nikahdan anadan olmuş uşaqların ananın himayəsində qalması” tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 1070 nömrəli nikah qeydinin pozulması, birgə nikahdan anadan olmuş xx xxxx 1999-cu il təvəllüdlü Bağırov Orxan Cövdət oğlunun və xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 1974-cü il tarixdə Neftçala rayonunda anadan olmuş Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır; xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki,Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3000/2009 nömrəli xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi təmin edilərək, xx xxxx 1999-cu il təvəllüdlü Bağırov Orxan Cövdət oğlunun və xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının saxlanması üçün xx xxxxxx 2009-cu il tarixdən başlayaraq, ondan Cavabdeh xeyrinə hər ay bütün növ qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(011)-3438/2009 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Məmməd oğluna qarşı “nikahın pozulması və birgə nikahdan anadan olmuş uşaqların ananın himayəsində qalması” tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 1070 nömrəli nikah qeydinin pozulması, birgə nikahdan anadan olmuş xx xxxx 1999-cu il təvəllüdlü Bağırov Orxan Cövdət oğlunun və xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, İddiaçı ikinci dəfə ailə qurmuş, onun ikinci nikahından xx xxx 2012-ci il təvəllüdlü Bağırova Nuray Cövdət qızı və xx xxx 2014-cü il təvəllüdlü Bağırova Humay Cövdət qızı anadan olmuşlar. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3000/2009 nörməli xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının saxlanması üçün tutulmuş alimentin miqdarının azaldılması və xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının saxlanması üçün sabit pul məbləği olaraq 150 (bir yüz əlli) manat məbləğində aliment təyin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170(bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırki yaşayış minimumunu, yetkinlik yaşına çatmayan xx xxxxxx 2003-cü il təvəllüdlü Bağırova Nərmin Cövdət qızının mənafeyini nəzərə alıb hesab edir ki, aliment məbləğinin azaldılması onun mənafeyinə ziddir, bu günkü gündə onun maddi tələbatını ödəməyəcəkdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi rədd olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar