Məhkəmə qərarları › İş №2(005)-3566/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3566/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3566/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “xxxx” MMC-yə qarşı (Qaradağ rayon icra və probasiya şöbəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və ipoteka predmetinin əldə olunmasına dair təklifin ləğv olunması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “xxxx” MMC-yə qarşı (Qaradağ rayon icra və probasiya şöbəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və ipoteka predmetinin əldə olunmasına dair təklifin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən tərtib olunmuş mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1 mərtəbəsində 53.5 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin ipoteka predmetinin əldə olunmasına dair 27.04.2021-ci il tarixli, 01/1346 təklifin və əmlakın dəyərləndirilməsinə dair hesabatın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1455/2017 saylı, 18.04.2017-ci il tarixli il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1 mərtəbəsində 53.5 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiyməti 36000 manat müəyyən edilmişdir. Sözügedən qətnamə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-463/2018 saylı, 15.01.2018-ci il tarixli qətnaməsi ilə mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinə münasibətdə dəyişdirilərək, 58500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-463/2018 saylı, 15.01.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “xxxx” MMC-yə qarşı (Qaradağ rayon icra və probasiya şöbəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və ipoteka predmetinin əldə olunmasına dair təklifin ləğv olunması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar