Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3570/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, avabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil Arif oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiyanın), ezamiyyə xərclərinin və digər ödənişlərin tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, ümumilikdə 40994,71 manat məbləğində olan borcun və cavabdeh "xxxx" ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin cavabdehdən tutularaq onun xeyrinə pul kompensasiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə İnformasiya Texnologivaları Departamentində müdir vəzifəsinə əlavə iş yeri olmaqla işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən əmək haqqı 3000 manat müəyyən olunmuşdur. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 01 nömrəli “İşçinin işçilərin ezamiyyətə göndərilməsi” barədə əmrinə əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xidməti zərurətlə əlaqədər 10 günlük Qazaxıstan Respublikası Almatı şəhərinə ezam olunmuş, ezamiyyət müddəti xx.xx.2021-ci il tarixli, 06 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixli, 13/1 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 16 nömrəli “İşçinin işçilərin ezamiyyətə göndərilməsi” barədə əmrinə əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xidməti zərurətlə əlaqədar 7 günlük Özbəkistan Respublikası Daşkənd şəhərinə ezam olunmuş, ezamiyyət müddəti xx.xx.2021-ci il tarixli, 25 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək, ezamiyyət müddəti xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək, ezamiyyət müddəti xx.xx.2021-ci il tarixli, 42 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək, uzadılmışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xidməti zərurətlə əlaqədar Qazaxıstan Respublikası Almatı şəhərində və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xidməti zərurətlə əlaqədar Özbəkistan Respublikası Daşkənd şəhərində ezamiyyətdə olmuş və bu onun pasportunda öz təsdiqini tapır. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə İnformasiya Texnologiyaları və Administrativ işlər departamentinin Müdiri vəzifəsinə əsas iş yeri olmaqla işə qəbul edilib. Əmək müqaviləsinə əsasən əmək haqqı 5764 manat müəyyən olunmuşdur. xx.xx.2022-ci il il tarixdə cavabdeh ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə İnformasiya Texnologiyaları Şöbəsinin Rəisi vəzifəsinə əlavə iş yeri olmaqla işə qəbul edilib. Əmək müqaviləsinə əsasən əmək haqqı 1718 manat müəyyən olunmuşdur. Cavabdeh hazıra kimi 40994,71 manat vəsait borcludur, bu məbləğin 18360 manatı ezamiyyət borcu və 22634,71 manat ödənməmiş və geciktirilmiş əmək haqqı təşkil edir. İşəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir. Əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizdən hesablanmaqla ona 352,54 manat məbləğində ödənc verilməlidir. Bundan başqa işəgötürən tərəfindən əmək haqqının vaxtında ödənilməməsi, şəxsi və ailə həyatında ciddi maddi və mənəvi problemlərin yaranmasına səbəb olmuşdur. İşəgötürən tərəfindən maaşının vaxtında verilməməsi ilə əlaqədar o uzun müddət ailə və şəxsi həyatında gərgin narahatlıq və stress yaşamış, mənəvi sarsıntı və iztirab keçirmiş, bu isə ona mənəvi ziyan vurmuşdur. Cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, hazırda cavabdeh "xxxx" ASC-də işləyir. Dəfələrlə cavabdehdən əmək haqqı borcunun ödənilməsini xahiş etsə də, bu gün sabah borcun ödənilməsi vəd edilmiş, lakin hər hansı bir nəticə olmamışdır. Eyni zamanda bildirdi ki, sonuncu dəfə 2022-ci ilin mart ayında ezamiyyətdə olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil tərəfin ezamiyyət və əmək haqqı ilə bağlı iddia müddətini ötürdüyünü və tərəfin təqdim etdiyi sənədlərin direktor tərəfindən imzalanmadığını qeyd edərək, iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 56 nömrəli Əmrinə görə İddiaçı xx.xx.2020-ci il tarixindən 1 ay sınaq müddəti müəyyən edilməklə, əlavə iş yeri üzrə İnformasiya Texnologiyaları departamentinə müdir vəzifəsinə işə qəbul edilmişdir; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 95 nömrəli Əmrinə əsasən İnformasiya Texnologiyaları və Administrativ işlər departamentinin müdiri olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixindən xitam verilmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 004 nömrəli arayışa görə İddiaçı İnformasiya Texnologiyaları və Administrativ işlər departamentinin müdiri kimi işlədiyi xx.xx.2020-ci il tarixindən arayışın verildiyi tarixədək "xxxx" ASC tərəfindən ezamiyyə günlərinə görə ödənilməli olan məbləğ 18088 manat, məzuniyyət günlərinə görə ödənilməli olan məbləğ isə 2574 manat təşkil edir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 005 nömrəli arayışa görə İddiaçı xx.xx.2022-ci il tarixinə "xxxx" ASC tərəfindən ödənilməmiş aylar üzrə əməkhaqqı 37803,71 manat təşkil edir; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 16 nömrəli əmrinə görə Namazov X1 Respublikası Almatı şəhərinə xx.xx.2021-xx.xx.2021 tarixləri üçün ezam edilmişdir; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 06 nömrəli əmrinə görə İddiaçı Qazaxıstan Respublikası Almatı şəhərindəki ezamiyyət müddəti xx.xx.2020-xx.xx.2020 tarixləri üçün uzadılmışdır; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 13/1 nömrəli əmrinə görə İddiaçı Qazaxıstan Respublikası Almatı şəhərindəki ezamiyyət müddəti xx.xx.2020-xx.xx.2020 tarixləri üçün uzadılmışdır; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 16 nömrəli əmrinə görə Namazov X2 Respublikası Daşkənd şəhərinə xx.xx.2021-xx.xx.2021 tarixləri üçün ezam edilmişdir; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 25 nömrəli əmrinə görə İddiaçı Özbəkistan Respublikası Daşkənd şəhərindəki ezamiyyət müddəti xx.xx.2021-xx.xx.2021 tarixləri üçün uzadılmışdır; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli əmrinə görə İddiaçı Özbəkistan Respublikası Daşkənd şəhərindəki ezamiyyət müddəti xx.xx.2021-xx.xx.2021 tarixləri üçün uzadılmışdır; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 42 nömrəli əmrinə görə İddiaçı Özbəkistan Respublikası Daşkənd şəhərindəki ezamiyyət müddəti xx.xx.2021-xx.xx.2021 tarixləri üçün uzadılmışdır; "xxxx" ASC tərəfindən verilmiş, lakin direktor tərəfindən təsdiq edilməmiş xx.xx.2023cü il tarixli arayışa görə "xxxx" ASC tərəfindən İddiaçı ödənilməmiş əmək haqqı 37380,83 manat təşkil edir; "xxxx" ASC tərəfindən verilmiş, lakin direktor tərəfindən təsdiq edilməmiş xx.xx.2023cü il tarixli arayışa görə "xxxx" ASC tərəfindən İddiaçı ezamiyyə görə ödənilməmiş vəsait 10860 manat təşkil edir. Məhkəmə iddia tələbini və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı müqavilənin məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, iddiaçının hazırda da cavabdeh "xxxx" ASC ilə qüvvədə olan əmək müqaviləsi mövcuddur və o burada fəaliyyət göstərir. İddiaçının AR Əmək Məcəlləsinin 296.4-cü maddəsində göstərilmiş 1 illik müddəti ötürdüyünü müəyyən etmək üçün işçinin hüququnu pozulduğunu aşkar etdiyi vaxta diqqət yetirmək vacibdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ona ödənilməli olan vəsaitlərlə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən bu məbləğlərin ödəniləcəyi mütəmadi olaraq ona bildirilmiş və bununla iddiaçının məhkəməyə müraciət etməsi və eləcə də AR Əmək Məcəlləsinin 296.4-cü maddəsindəki 1 illik müddətin axımının başlanması üçün zəruri olan hüquqlarının pozulmasının iddiaçı tərəfindən aşkar edilməsi faktı baş verməmiş, buna görə də iddia müddəti ötürülməmişdir. Bu baxımdan məhkəmə iddia müddətinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Məhkəmə iddia müddətinin ötürülmədiyi qənaətinə gəldikdən sonra iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində ödənilməmiş əmək haqqı və sair ödənişlərə görə özü hesablamalar aparaq, məbləğ tələb etsə də, həmin məbləğin düzgün hesablanmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi müddətlər üzrə əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) və ezamiyyət pulu hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə görə hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək işçinin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 113-cü maddəsinə görə əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Həmin Məcəllənin 179-cu maddəsinin 2-ci hissəsinin “x” bəndinə görə işçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə onun iş yeri və orta əmək haqqı saxlanılır. Həmin Məcəllənin 181-ci maddəsinə görə ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə görə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. İş materiallarından İddiaçı "xxxx" ASC-də işlədiyi müddət ərzində Özbəkistan Respublikası və Qazaxıstan Respublikasına ezam olunduğu, bu dövrün müxtəlif əmrlərlə uzadıldığı və ezamiyyətdə olduğu günlər üçün ödənilməli olan əmək haqqının cavabdeh tərəfindən ödənilmədiyi, bununla da iddiaçının əsas hüquqlarından birinin pozulduğu aydın olur. Bundan başqa İddiaçı "xxxx" ASC-də işlədiyi müddət ərzində istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan məbləğin cavabdeh tərəfindən ona ödənilmədiyi də iş materialları ilə sübut olunmuşdur. İddiaçının kompensasiya tələbi ilə bağlı isə qeyd edilməlidir ki, ezamiyyə və məzuniyyət xərclərinin ödənilməməsi iş üzrə materiallar və tərəflərin izahatları ilə öz təsdiqini tapdığına görə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməklə İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində kompensasiya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2021-ci ilin avqust ayından (avqust ayı daxil olmaqla) xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən 2023-cü ilin avqust ayınadək (avqust ayı daxil olmaqla) ödənilməmiş əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya); xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün ezamiyyət pulu hesablanaraq cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. 2021-ci ilin avqust ayından (avqust ayı daxil olmaqla) xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən 2023-cü ilin avqust ayınadək (avqust ayı daxil olmaqla) ödənilməmiş əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya); xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün ezamiyyət pulu hesablanaraq cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. Əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3570/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3570/2023
23.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver