Məhkəmə qərarları › İş №2(005)-3593/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3593/2025

17.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3593/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3074/2024 saylı qərardadı ilə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 235 manat məbləğində alimentin azaldılaraq 160 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3074/2024 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda ikinci dəfə nikah bağlayaraq ailə həyatı qurmuşdur. Nikahdan xx.xx.2021-ci il təvəllüdlü X8 adlı azyaşlı övladı var. Ailənin bütün tələbatları onun tərəfindən ödənilir. Rəsmi iş yeri yoxdur. Təxminən 5 ildir ki, X7 müraciət etsə də, öz peşəsinə uyğun hər hansı bir işlə təmin olunmamışdır. Hazırda kirayə mənzildə yaşayır. Bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3074/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı onun bütün xərclərini tam şəkildə qarşılamağa imkan vermir. Təyin edilmiş alimentin 160 manat sabit pul məbləğində tutulması daha məqsədəuyğundur. Mübahisənin həlli ilə bağlı tərəfindən mediasiyaya müraciət olunsa da barışıq sazişi imzalanmadığından arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, nikah pozulduqdan sonra yenidən ailə həyatı qurmuşdur. Həmin nikahdan bir övladı vardır. Birinci nikahdan da bir övladı vardır. 235 manat məbləğində aliment ödəyir. Lakin hazırda maddi imkanı ona həmin məbləği ödəməkdə çətinliklər yaradır. Anası da xəstəlikdən əziyyət çəkir. Qarşı tərəfin o məbləğə ehtiyacı belə yoxdur. Lakin həmin məbləğin ödənilməsini tələb edir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X9 doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır; - AZ-İ saylı, 316052 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 nikahları xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir; - AZ-İİ saylı, 156778 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2 nikahları xx.xx.2019-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində bağlanmış və 302 nömrə ilə qeyd edilmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Atası İddiaçı, anası X5r; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3074/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4112/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan bir övladları vardır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün 117 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Daha sonra həmin alimentin miqdarı bir neçə dəfə dəyişdirilmiş, son olaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3074/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı yenidən ailə qurmasına, həmin nikahdan da bir övladı olmasına, maddi vəziyyətinin çətin olmasına istinad edərək, ilk nikahından doğulmuş X1 üçün alimentin miqdarının azaldılmasını və hər ay 160 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2 və 75.1-ci maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarın 8.7 və 8.13-cü bəndlərinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göstərilən normaların məzmunundan göründüyü kimi, təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinə, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. Eyni zamanda təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Hər bir halda alimentin təyin edilməsi məsələsi uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu zaman uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə yol verilməməli, məsələyə uşağın mənafeyinin daha yaxşı təmin edilməsi nöqteyi nəzərindən yanaşılmalıdır. Qanunverici, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutsa da, bunun ən əsas şərti kimi məhkəmə tərəfindən alimentin miqdarının müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsini müəyyən etmişdir. Hazırki iş üzrə iddiaçı iddia tələbini, sonradan ailə qurması, həmin nikahdan da bir övladının olması, maddi vəziyyətinin ağır olması və işləməməsi ilə əsaslandırmışdır Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında alimentin azaldılması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. İşin hallarından göründüyü kimi, cavabdehə uşağın saxlanması üçün qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdə aliment ödənilir, həmin alimentin ciddi bir əsas olmadan azaldılması uşağın minimum dolanacaq xərclərinə yaxın məbləğdə aliment almaq hüququndan məhrum edilməsinə səbəb ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin iddiaçı ikinci nikahından olan uşağına aliment ödəmir. Beləliklə, tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə alimentin azaldılması üçün hər hansı əsas yoxdur. Bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar