Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3614/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onların hər birinə hər ay 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Cavabdeh ilə faktiki nikaha girərək ailə qurmuş, cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Səməd-Mənsur küçəsi, ev 44b-də birgə yaşayıb, birgə təsərrüfat aparmış, həmin evdə birgə nikahdan xx.xx.2006-cı il tarixdə X5 anadan olmuş, cavabdehlə olan nikah hüquqi qaydada xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmiş, xx.xx.2009-cu il tarixdə X6, xx.xx.2016-cı il tarixdə isə X3 doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3754/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3 onun yanında saxlanılmışdır. X5 ilə nikah pozulandan sonra da onun əvvəlcədən təkidi ilə ondan uşaqlara görə aliment tələb etmədiyinə görə uşaqları ilə birlikdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsindəki 44b saylı evdə yaşamışdır. 2022-ci ilin iyul ayında X5 onu həmin evdə döyməyə başlamış və birgə yaşadığı evdən qovub çıxardığına görə hazırda uşaqları ilə birlikdə anasına məxsus evdə qalır, maddi vəziyyəti həddindən artıq ağır olduğuna görə hesab edir ki, uşaqlar yetkinlik yaşına çatanadək onların saxlanması üçün cavabdeh ona hər ay onların hər birinə 193 manat olmaqla, ümumilikdə 579 manat sabit pul məbləğində aliment verməlidir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X5 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X1 qeyd edilmişdir; Doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; Doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3754/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanması qət edilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3754/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqların anasının himayəsinə verilməsi qət olunmuşdur. Həmin dövrdə iddiaçının aliment tələbi olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə cavabdehin rəsmi iş yeri və ya daimi gəliri barədə hər hansı bir sübut təqdim olunmamasını, bu səbəbdən alimentin qazancdan müəyyən hissə kimi tutulmasının mümkünsüz olduğunu nəzərə alaraq, alimentin hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində təyin edilməsini məqbul hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin pozulması ilə nəticələnə bilər. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3614/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3614/2022
29.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver