Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3634/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “ödənilmiş xidmət haqqı məbləğinin və dövlət rüsumunun əvəzinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 3932,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 8(006)-5101/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qərardadla Nadir Tağıyevin mülkiyyətində olan Bakı şəhəri Abay döngəsi 7 saylı evin üzərinə həbs qoyulmuşdur. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mərhum Nadir Tağıyevin vərəsələri X3 və qeyriləri və həmin iş üzrə iddiaçı Kamilla Tağıyevadan onlara mərhumun miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərtilə), miras aktivindən əldə etdikləri paylara uyğun (paylar nisbətində) olaraq cəmi 285200 manat tutularaq ona ödənilməsi qət edilmiş, məhkəmə aktı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 28 08.2017-ci il tarixli qərarı ilə sözügedən fərdi yaşayış evinin qiymətləndirilməsi üçun qiymətləndirici dəvət edilmiş və "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli QXM-241 saylı rəyi ilə "xxxx" Mənzil Tikinti Kooperativinin arayışına əsasən sözügedən ünvanın xx.xx.2017-ci il tarixə ümumi bazar dəyəri ayrı-ayrılıqda evin bazar dəyəri 112350 manat, torpağın bazar dəyəri sənədi olduqda 351150 manat, ümumilikdə isə 463500 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi xx/xx-90219/14 saylı xx.xx.2017-ci il tarixli məktubla hərracın keçirilməsini “X2” MMC-nə sifariş etmişdir. Cavabdeh “X2” MMC tərəfindən sözügedən fərdi yaşayış evinin ilkin satış qiyməti 112350 manat müəyyən olunmaqla, ilk hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. Mənzilin ilkin satış qiyməti 112350 manat-10%=101.115 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə saat 11:00-a mənzilin ilkin satış qiyməti 112350 manat-20%=89880 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə saat 11:00-a, mənzilin ilkin satış qiyməti 112350 manat-30%=78.645 manat müəyyən olunmaqla, son hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunanlar barədə iddiaçı və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” bildirişlər göndərilmiş və bununla bağlı “Kaspi” qəzetində elanlar yerləşdirilmişdir. xx.xx.2018-ci il tarixli 230 nömrəli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən fərdi yaşayış evini 78645 manat qiymətlə o əldə etmişdir. Bununla bağlı tərəfindən cavabdeh təşkilata 3932,25 manat xidmət haqqı ödənilmişdir. Həmin icra sənədi üzrə tərəf olan Kamilla Tağıyeva hərrac təşkilatına, ona və qiymətləndirmə şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın nəticələri barədə protokolun və qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Uzun müddət məhkəmə çəkişmələri davam etmiş, sonda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4002/2021 nömrəli 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə xx.xx.2018-ci il tarixli, 230 nömrəli protokol və "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli QXM-241 saylı rəyinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-55/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişlər ki, nə “İcra haqqında” Qanunda, nə də həracın təşkili və keçirilməsinin ümumi qaydalarını tənzimləyən Mülki Məcəllənin 414-416-cı maddələrində əmlak hərracda satılmadığı halda onun qiymətinin aşağı salınması qaydası müəyyən edilməmişdir. Eyni zamanda, “İpoteka haqqında” Qanunun analogiya qaydasında da hazırkı münasibətlərə şamil olunması mümkün deyildir. Çünki “İpoteka haqqında" Qanunun preambulasına əsasən bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Göründüyü kimi Qanunun özündə onun müddəalarının ipoteka predmeti olmayan əmlaklara şamil edilməsi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Sonda isə işə baxan məhkəmələr hərracın “İpoteka haqqında” Qanuna əsasən hərraca çıxarılmış əmlakın qiymətinin azaldılması ilə keçirilməsini hərracın keçirilməsi qaydalarının pozulması kimi qiymətləndirmişlər. Yəni qanuni qüvvəsini almış məhkəmə aktları ilə cavabdeh təşkilatın səhvi ucbatından hərracın nəticələrinin ləğv edilməsi müəyyən edilmişdir. Bununla əlaqədar 28 iyun 2022-ci ildə və 15 iyul 2022-ci ildə rəsmi qaydada “X2” MMC-nin hüquqi varisi olan Cavabdeh MMC-nə rəsmi qaydada müraciətlər edərək, hərracın keçirilməsi ilə bağlı ondan aldıqları 3932,25 manat xidmət haqqının geri qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq, cavabdeh təşkilat 15 iyul 2022-ci il tarixli 246 və 247 saylı cavab məktubları ilə ona imtina cavabı vermiş, əsas kimi göstərmişdir ki, qalibi olduğu hərracın yekunları barədə 230 saylı protokol və müqavilə məhkəmə qərarı əsasında ləğv edilsə də, həmin ləğvetmə əsası kimi hərrac təşkilatının hər hansı hərəkət-hərəkətsizliyi olmamışdır. Tərəfindən ödənilmiş məbləğ hərrac təşkilatının xidmət haqqı olmuş, hərracın keçirilməsi ilə bağlı olan xərclərin hərrac təşkilatından tələb edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, hüquqlarını məhdudlaşdırır. Bir daha bildirir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə məhz cavabdeh təşkilatın hərəkətlərinin qanunsuz olması və hərracın qanunverciliyin tələblərinin kobudcasına pozulmaqla keçirilməsi öz təsdiqini tapmış, buna baxmayaraq cavabdeh təşkilatın rəhbəri həmin səhvin olmasını və tərəfindən ödədiyi xidmət haqqının geri qaytarılmasını qəbul etmir. Göründüyü kimi, cavabdeh təşkilat ona hər hansı formada xidmət göstərməyib, həmçinin aralarında hər hansı xidmət müqaviləsi mövcud olmayıb. Belə olan vəziyyətdə cavabdehin ondan hər hansı əsaslarla xidmət haqqı adı altında pul vəsaiti alması məlum deyildir. Hesab edir ki, cavabdeh ondan qanunsuz olaraq aldığı pul vəsaiti geri qaytarmalı, ondan sonrakı müddətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə bağladığı müqavilənin icrasına uyğun olaraq hər hansı formada çəkdiyi xərcləri icra qaydasında icra şöbəsindən tələb etməli idi. Göründüyü kimi, cavabdeh ona hər hansı müqavilə üzrə və ya müqavilədən kənar xidmət göstərmədiyinə, onun isə yalnız keçirilən hərracda əmlak satılmadığı üçün sonda ona təklif edildiyinə gorə, hərrac təşkilatı icra şöbəsinin sifarişi üzrə çəkdiyi və ya gələcəkdə çəkəcəyi bütün xərcləri və göstərdiyi xidmətləri ondan deyil, yalnız icra şöbəsi vasitəsilə borcludan tələb edə bilərdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hərrac predmeti olan əmlakla bağlı Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu gəlmiş, sifariş məktubunda qeyd edilən məlumatlar və ilkin satış qiyməti ilə hərrac prosesləri başlanmışdır. Həmçinin, Nəsimi rayon İcra və Probasiya Şöbəsi ilə hərrac təşkilatı arasında bağlanmış müqaviləyə əsasən hərrac prosedurları həyata keçirilmiş, müqavilə şərtlərinə uyğun gerçəkləşdirilmişdir. Həmin müqavilə iddiaçı ilə olan digər məhkəmə proseslərində də təqdim edilmişdir. Hərrac nəticələrinin ləğv olma səbəblərindən biri əmlakın satış məbləği ilə bağlı qiymətləndirmə rəyinin ləğv olması olmuşdur ki, bunun hərrac təşkilatı ilə hər hansı bağlantısı olmamaqdadır. Belə ki, hərrac təşkilatının qiymətləndirmə səlahiyyəti yoxdur. Qiymətləndirmə qiymətləndirmə təşkilatı tərəfindən həyata keçirilmişdir. Lakin həmin təşkilat cavabdeh qismində əlavə olunmamışdır. Hərrac təşkilatı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bütün tələblər gözlənilmiş, həm kütləvi informasiya vasitələrində, həm də tərəflərə bildirişlər göndərilməklə tərəflər hərrac ilə bağlı məlumatlandırılmışlar. Hərrac təşkilatı ancaq hərrac proseslərinin keçirilməsi ilə məşğul olmaqdadır, başqa gəlir mənbəyi yoxdur. Həmin daxil olan xidmət haqlarından isə mənfəət vergisi, əlavə dəyər vergisi və s. vergilər, işçilərin əmək haqları və s. xərclər verilməkdədir. Xidmət haqlarının geri qaytarılması ilə bağlı məhkəmə presedenti sənədlər qismində əlavə olunmuşdur. Cavabdeh MMC-nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, MMC-nin direktoru Tuqay Rəhimli məhkəməyə elektron qaydada ərizə göndərərək, üzrlü səbəbdən nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilmədiyini bildirmişdir. Məhkəmə işə cavabdehin nümaayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Hərrac təşkilatının 230 nömrəli xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokolunun surətindən görünür ki, X1 məxsus "xxxx" MTK-nın arayışına əsasən ünvan 1 ünvanının (icra sənədi üzrə borc 285200 manat) tam dəyəri "xxxx" MMC-nin 241 saylı xx.xx.2017-ci il tarixli rəyinə əsasən 112350 manat 30 % endirimlə 78645 manat olmaqla Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5852/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-90219/14 saylı xx.xx.2017-ci il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlak 78645 manat qiymətlə İddiaçı satılmışdır. Bununla bağlı xx.xx.2018-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3315/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tağıyeva Kamilla Nadir qızının cavabdehlər “X2” MMC-nə, İddiaçı və "xxxx" MMC-nə qarşı “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin ləğv olunması”na dair iddia tələbinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1821/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Tağıyeva Kamilla Nadir qızının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3315/2019 saylı iş üzrə 07 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-448/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Tağıyeva Kamilla Nadir qızının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1821/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4002/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3315/2019 saylı, 07 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, “X2” MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə xx.xx.2018-ci il tarixli 230 nömrəli protokolun və "xxxx" tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli QXM241 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğinin onları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-55/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdehlər Cavabdeh MMC-nin (“X2” MMC) və İddiaçı kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4002/2021 nömrəli 17 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən “X2” MMC-nin hüquqi varisi olan Cavabdeh MMC-nə ünvanlanmış 28 iyun və 15 iyul 2022-ci il tarixli ərizələrdən görünür ki, iddiaçı hərracın keçirilməsi ilə bağlı ödədiyi 3932,25 manat xidmət haqqının geri qaytarılmasını tələb etmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış 15 iyul 2022-ci il tarixli 246 və 247 saylı məktublardan görünür ki, iddiaçının qalibi olduğu hərracın yekunları barədə 230 saylı protokol və müqavilə məhkəmə qərarı əsasında ləğv edilsə də, həmin ləğvetmə əsası kimi hərrac təşkilatının hər hansı hərəkət-hərəkətsizliyi olmamışdır. İddiaçı tərəfindən ödənilmiş məbləğ hərrac təşkilatının xidmət haqqı olmuş, hərracın keçirilməsi ilə bağlı olan xərclərin hərrac təşkilatından tələb edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə iddianın əsasının təsdiqi kimi iddiaçının istinad etdiyi və sübut əhəmiyyətli hesab etdiyi hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hərracın keçirilməsi ilə bağlı ödənilmiş xidmət haqqının (behin) hərrac təşkilatından tələb edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Göründüyü kimi, qanunvericilik hərracın iştirakçısı tərəfindən ödənilmiş beh məbləğinin (xidmət haqqının) hansı hallarda geri qaytarılmasını konkret olaraq müəyyən etmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2018-ci il tarixdə X1 məxsus ünvan 1 ünvanının (icra sənədi üzrə borc 285200 manat) tam dəyəri "xxxx" MMC-nin 241 saylı xx.xx.2017-ci il tarixli rəyinə əsasən 112350 manat 30 % endirimlə 78645 manat olmaqla Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5852/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-90219/14 saylı xx.xx.2017-ci il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuş, qeyd olunan əmlak 78645 manat qiymətlə iddiaçıya satılmış, iddiaçı tərəfindən 3932,5 manat məbləğində xidmət haqqı (beh) ödənilmişdir. Hazırda isə iddiaçının hərracın nəticələri barədə xx.xx.2018-ci il tarixli 230 nömrəli protokolun ləğv edilməsinə istinad edərək, ödədiyi xidmət haqqını (behi) tələb etməsi əsassızdır. Belə ki, qanunvericilikdə hərracın nəticələri ləğv edildikdə hərracı udmuş şəxsin ödədiyi xidmət haqqının (behin) hərrac təşkilatı tərəfindən geri qaytarılması nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı “ödənilmiş xidmət haqqı məbləğinin əvəzinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “ödənilmiş xidmət haqqı məbləğinin və dövlət rüsumunun əvəzinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3634/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3634/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver