Məhkəmə qərarları › İş №2(005)-368/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-368/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-368/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.11.2013-cii il tarixli İPİ -1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə X7 arasında bağlanmış 28.11.2013-cü il tarixli kredit müqaviləsinə görə X5 30 ay müddətinə 50000 manat kredit verilmişdir. Həmin öhdəliyin təminatı üsulu kimi eyni tarixli ipoteka müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 ipoteka ilə yüklü edilmişdir. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi X4 heç bir kredit borcu qalmamışdır. Bununla bağlı cavabdehlərə əmlakın girovdan azad olunması barədə müraciət edilməsinə baxmayaraq 23.07.202 l-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, bank əməliyyat sistemində X4 6530.69 manat faiz, 5869.21 manat cərimə borcu olmaqla 12399.90 manat borc öhdəliyi mövcuddur. Hesab edilir ki, cavabdehin mövqeyi əsassızdır və əgər olsa belə qeyd edilən əlavə öhdəliklərə xitam verilməli, əmlak ipoteka yüklülüyündən azad edilməlidir. İlk olaraq ərizəyə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, borclu X4 ümumiyyətlə qalıq borcu mövcud deyildir. Eyni zamanda cavabdehin məktubundan da görünür ki, kredit müqaviləsi üzrə borclunun əsas məbləğ (əsas öhdəlik) üzrə heç bir borcu qalmamışdır. Həmçinin müqavilədən göründüyü kimi kredit müqaviləsi üzrə son bitmə tarixi 28.05.2016-cı ildir. Göründüyü kimi cavabdeh qarşısında əsas məbləğlə bağlı hər hansı öhdəlik mövcud deyildir. Cavabdeh öz məktubuda yalnız faiz və dəbbə borcunun olmasını qeyd edir ki, həmin məbləğlər əsas məbləğə münasibətdə əlavə (aksessor) xarakter daşıyır ki, əsas məbləğ artıq tamamilə ödənilmişdir. Belə olan halda qanunun tələbinə görə öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiaçı X4 nümayəndəsi və vəkili X8 10.04.2022-ci il tarixdə ərizə təqdim edərək Dəmirbank ASC ilə X7 arasında bağlanmış 28.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə müqavilədən, yəni öhdəlikdən artıq ödənilmiş 5183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində pulun cavabdeh Ləğv prosesində olan "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutularaq X5 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı 28.11.2013-cü il tarixli İP 1- 1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsinə dair ipoteka qeydinin silinməsi tələbinə üzrə mülki iş vardır. Qeyd edir ki, Dəmirbank ASC ilə o, yəni X7 arasında bağlanmış 28.11.2013-cü il tarixli kredit müqaviləsinə görə X5 30 ay müddətinə 50000 manat kredit verilmişdir. Həmin öhdəliyin təminatı üsulu kimi eyni tarixli ipoteka müqaviləsi ilə oğlu İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 ipoteka ilə yüklü edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 10.03.2022-ci il tarixli, 9/8889 saylı rəyindən mənə məlum olmuşdur ki, 28.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə X4 heç bir borcu qalmamış, əksinə həmin kredit müqaviləsi üzrə cavabdehə 5183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat artıq pul ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi öz öhdəliyindən kənar, artıq pul ödədiyi halda cavabdehlər bunu hüquqdan sui-istifadə edərək o gizlətmiş, nəticə etibarı ilə bu hal cavabdehlərin əsassız varlanmasına gətirib çıxarmışdır. Odur ki, 28.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə 5183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) artıq ödədiyi pul ona geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X8 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X6 hər iki iddia ərizəsini qəbul etməyərək onların təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: LPO Cavabdeh1 ASC-nin 23.07.2021-ci il tarixli, **********392 №-li məktubundan görünür ki, Ləğv prosesində olan Cavabdeh1 ASC ilə X7 arasında bağlanmış 28/11/2013-cü il tarixli, 1250/18AZN saylı kredit müqaviləsinə əsasən borcalana 30 (otuz ay) ay müddətinə qaytarılmaq şərti ilə 50000 (əlli min) AZN məbləğində kredit verilmişdir. Bildirilir ki, ləğv prosesində olan "xxxx" ASC-yə X4 28/11/2013-cü il tarixli, 1250/18AZN saylı kredit müqaviləsi üzrə 16 iyul 2021-ci il tarixinə, bank əməliyyat sistemində, 6530.69 (altı min beş yüz otuz manat, 69 qəpik) AZN məbləğində faiz, 5869.21 (beş min səkkiz yüz altmış doqquz manat. 21 qəpik) AZN məbləğində cərimə borcu olmaqla, 12399.9 (on iki min üç yüz doxsan doqquz manat, 90 qəpik) AZN məbləğində borc öhdəliyi mövcuddur. Kreditor Cavabdeh1 ASC, “borcalan” X7 və “ipoteka qoyan” İddiaçı arasından bağlanmış 28.11.2013-cü il tarixli, İP1-1250/18-AZN saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi: 64,73 kv.m, yaşayış sahəsi: 46,73 kv.m olan, 3 otaqdan ibarət 4 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 85000 manat müəyyən edilmişdir. Cavabdeh1 ASC-nin “Qazax” filialı ilə X7 arasında bağlanmış 28.11.2013-cü il tarixli, 1250/18 AZN saylı kredit müqaviləsinin surətindən görünür ki, müvafiq kredit müqaviləsinə əsasən X7 30 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla Cavabdeh1 ASC-dən 50.000 manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8889 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 28 noyabr 2013-cü il tarixli, İP1-1250/18 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə 23.07.2021-ci il tarixədək (maliyyə arayışının tarixinə) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka 5.183,44 manat (75117,63-50000,00-19934,44=5183,44) artıq ödənişin olması müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 527.1-ci maddəsinə əsasən Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 528-ci maddəsinə əsasən Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ASC -girov saxlayan, X7 – borclu və İddiaçı-girov qoyan arasında bağlanmış 28.11.2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə əsasən, girov qoyan mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi: 64,73 kv.m, yaşayış sahəsi: 46,73 kv.m olan, 3 otaqdan ibarət 4 saylı mənzilinin girov saxlayanın xeyrinə girov qoyulması barədə razılığa gəlmişlər. Tərəflər arasında girov qoyulmuş əmlakın dəyəri 85.000 (səksən beş min) manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında girov qoyulan əmlak İddiaçı Cavabdeh1 ASC-yə 50.000 (əlli min) manat məbləğində vəsaitin 27 may 2016-cı il tarixədək qaytarılacağının təminatı olmuşdur. Mülki iş materiallarında olan ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, “borcalan” X7 tərəfindən vaxtaşırı olaraq kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə ödənilməmiş qalıq borcun hansı məbləğdə olmasının müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilmiş və bunun nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8889 saylı ekspert rəyi ilə kredit müqaviləsi üzrə ödənilməmiş borcun qalmadığı, illik 5 faizlə hesablanmaqla banka 5.183,44 manat artıq ödənişin olması müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Deməli, ipoteka müqaviləsi əsas müqavilə üzrə icra edilməyən və ya lazımınca icra edilməyən öhdəliyin icrasını təmin etmək məqsədilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf əsas öhdəliyinin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətdə üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən ipotekaya əsas öhdəliyə xitam verildikdə xitam verilir. Mülki Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Mülki Məcəllənin 294.2-ci ci maddəsinə əsasən Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Yuxarıda qeyd edilən qanunvericilik aktlarından göründüyü kimi, əsas öhdəlik icra edildikdə ipoteka müqaviləsi üzrə öhdəliyə də xitam verilməlidir. Hazırkı işin araşdırılmış və sübuta yetirilmiş halları ilə müəyyən edilmişdir ki, 28.11.2013-cü il tarixli, İP1-1250/18-AZN saylı ipoteka müqavilənin əsası olan 28 noyabr 2013-cü il tarixli, İP1-1250/18 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi tam həcmdə yerinə yetirilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməli və ipoteka qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməli, 28.11.2013-cü il tarixli İPİ -1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməli və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydi silinməlidir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə aşağıdakıları qeyd edir: İşdə olan ekpert rəyinə əsasən, "xxxx" ASC-yə X7 tərəfindən 28/11/2013-cü il tarixli, 1250/18AZN saylı kredit müqaviləsi üzrə 5183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində pulun artıq ödənilməsi müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh həmin ödəniş hesabına 5183,44 manat məbləğdə əsassız olaraq varlanmışdır və Mülki Məcəllənin 1092.1-ci maddəsi tələb edir ki, əsassız varlanmış cavabdeh əldə etdiyi 5183,44 manatı ona qaytarmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Hazırki iddia tələbi üzrə ekspert rəyi ilə müəyyən edilmiş 5183,44 manat məbləğində pul vəsaiti artqı ödənilmiş pul olduğundan öhdəlikdən kənar ödənilmiş pul vəsaiti hesab edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh etirazının əsası olaraq qeyd edir ki, bank artıq müflis elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istina olunmaqla hazırkı iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, iddiaçının hazırkı tələbi kreditor tələbləri ilə bağlı deyil, iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 1091-ci maddəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. 28.11.2013-cü il tarixli İPİ -1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilsin və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydi silinsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilsin. Dəmirbank ASC ilə X7 arasında bağlanmış 28.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlikdən artıq ödənilmiş 5183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində pulun cavabdeh Ləğv prosesində olan "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutularaq X5 ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar