Məhkəmə qərarları › İş №2(005)-3690/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3690/2022

04.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3690/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdeh "xxxx" ASC-nə qarşı “boşdayanmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olması nəzərə alınaraq hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müəyyən edilmiş 310 (üç yüz on) manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7440 manat, yəni İddiaçı1 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı2 - 310 m x 36 ay = 11160 manat: 3 - 3720 m x 2 = 7440 manat; İddiaçı3 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı4 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı5 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı7 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı6 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat olmaqla hesablanaraq cavabdeh "xxxx" ASC-dən alınıb onlara ödənilməsi və Mediasiya Şurasına ödədikləri ümumilikdə 350 manat pulun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 1988-1992-ci ildən "xxxx" zavoduna (hazırda Açıq Səhmdar Cəmiyyəti) işə daxil olmuşlar və onların hər biri ilə aylıq əmək haqqı 310 manat olmaqla əmək müqaviləsi bağlanmışdır. Lakin cavabdeh onlarla bağlanmış əmək müqaviləsinin surətini heç vaxt onlara təqdim etməmişdir. Əmək müqaviləsi üzrə mühasibatlığın verdiyi məlumata əsasən hər birinin əmək haqqı 310 manat müəyyən edilmişdir. 2019-cu ilə kimi heç bir nöqsanları və töhmətləri olmamışdır. Lakin 2019-cu ilin may ayında müəssisənin rəhbərliyi “guya müəssisədə istehsalat azaldığından işə gəlməmələrini” bildirmişdir. Bununla əlaqədar onlar ailələrində yeganə işləyən şəxs olduqlarını və əgər onlar işləməyəcəkləri təqdirdə ailələrinin maddi vəziyyətinin çox pis vəziyyətə düşəcəyini bildirmişlər. Lakin buna baxmayaraq, müəssisənin rəhbərliyi bildirmişdir ki, müəssisə qısa müddətdə işə düşən kimi onları işə çağıracaqlar. Onlar müəssisə rəhbərliyi ilə konflikt yaratmamaq üçün rəhbərliyə qarşı mübahisə yaratmamaq üçün gözləmişlər. O zamana cavabdeh onların işə gəlməmələri barədə heç bir sənədləşdirmə aparmamış və bununla əlaqədar ərizə almamışdır. Çünki rəhbərlik bildirmişdir ki tezliklə onları çağırtdıracaqdır. Lakin müəssisənin rəhbərliyi – cavabdeh onları işə çağırmadığı üçün onlar dəfələrlə müəssisədə olmuşlar və işləmək istədiklərini bildirsələr də, cavabdeh “hər dəfə iş yoxdur, gedin sonra çağıracağıq” deyərək onları sakitləşdirmiş və vaxt uzatmışdır. O zaman onlar digər işçilər kimi cəmiyyətin rəhbərliyinin sözünə inanmışlar və gözləmişlər. Bir neçə müddətdən sonra onlar cəmiyyətin sədrinə müraciət edərək ailələrini qismən də olsa saxlamaq və qanunla nəzərdə tutulan qaydada müəssisənin günahı üzündən boşdayanmalar olduğu üçün əmək haqlarının 2/3 hissəsinin ödənilməsini xahiş etmişlər. Lakin cəmiyyətin sədri onların şikayət və tələblərinə əhəmiyyət verməmişdir. 2019-cu ildə müəssisədə istehsalatın dayandırılması barədə hər hansı bir əmr olmamış və işçilərin kütləvi surətdə işə buraxılmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna məlumat verilməmişdir. Hazırda müəssisənin ərazisindəki sex və anbarlar yüksək məbləğə icarəyə verilərək böyük məbləğdə pul vəsaiti əldə olunmasına baxmayaraq, onlara və müəssisənin digər işçilərinə boşdayanmalara görə heç bir vəsait ödənilmir. Müəssisənin sexlərini icarəyə götürən şəxs tərəfindən başqa işçilər götürülərək işlədilir və onlara əmək haqqı verilir. Eyni zamanda, müəssisənin icarəyə verilmiş sahələrində çalışan işçiləri ilə söhbətləri zamanı onlar bildirmişlər ki, icarə müqavilələri rəsmi və qeyri-rəsmi bağlanmış və rəsmi müqavilələrlə ödənilən məbləğlər müəssisənin hesabına köçürülsə də, müqavilədən kənar əldə edilən məbləğlər müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Bunu vergi idarələri yoxlayıb aydınlaşdıra bilərlər. Həmçinin, müəssisədə istehsalatın dayandırılmasına heç bir zərurət olmamışdır. Çünki müəsisədə iş başqa forma davam etdirilir. Onlar heç bir yerdə işləmirlər və ailələrini dolandırmaq üçün heç bir başqa təminatları yoxdur, pensiya almırlar. Ona görə hesab edirlər ki, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olması nəzərə alınaraq onların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 (üç yüz on) manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7440 manat, yəni İddiaçı1 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı2 - 310 m x 36 ay = 11160 manat: 3 - 3720 m x 2 = 7440 manat; İddiaçı3 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı4 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı5 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı7 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat; İddiaçı6 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m x 2 = 7440 manat olmaqla hesablanaraq cavabdeh "xxxx" ASC-dən alınıb onlara ödənilməlidir. Cavabdeh tərəfindən boşdayanmaya görə əmək haqqının ödənilməməsi nəticəsində gələcəkdə onlar pensiyaya çıxarkən həmin dövr iş stajı kimi nəzərə alınmayacaq və sığorta kapitalının az olması səbəbindən onlara pensiya verilməyəcəkdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddia tələbi cavabdehdən 2019-cu ildən 2022-ci ilin may ayına qədər əmək haqqının tutularaq iddiaçılara ödənilməsindən ibarətdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən əmək haqları ayda bir dəfə 01-10 təqvim günü aralığında ödənilir. İddiaçılar 11-ci gündə əmək haqqını almırsa, hüquqlarının pozulması günü hesab edilir və müddətin axımı başlayır, iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixdə müddətin axımı kəsilmişdir. İddiaçıların 2019, 2020 və 2021-ci ilin avqust ayı üzrə tələbi qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən “Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir... Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Göründüyü kimi hazırkı iddia tələbinin 2019, 2020 və 2021-ci ilin avqust ayına qədər olan hissəsi həmçinin 1 illik iddia müddəti ötürülməklə verilmişdir. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdeh "xxxx" ASC-nə qarşı cavabdehdən 2019-cu ildən 2022-ci ilin may ayına qədər əmək haqqının tutularaq ödənilməsi tələbinin 2019, 2020 və 2021-ci ilin avqust ayına qədər olan hissəsinin iddia müddəti keçməklə verildiyi üçün iddia müddəti tətbiq edilərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər hallarla bağlı məhkəmə qərarları vardır ki, işəgötürən altı ay boşdayanma ilə iddiaçıları ödənişsiz məzuniyyətə buraxa bilərdi. İddiaçılar bildirirlər ki, əmək haqları 310 manat olmuşdur, lakin buna dair hər hansı sübut yoxdur. DƏM-nin pozuntu müəyyən etməsi ilə bağlı onlarda hər hansı məlumat yoxdur. Bundan başqa, iddia ərizəsinə bu barədə hər hansı sübut əlavə edilməmişdir. 2022-ci ilin iyun ayında ştatların ixtisar edilməsi səbəbindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 ilə bağlanmış əmək müqavilələrinə xitam verilmiş, İddiaçı3 isə 2022-ci ilin yanvar ayında öz ərizəsinə əsasən işdən çıxmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrinə əsasən məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. "xxxx" ASC-nin X1 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 21 iyun 2019cu il tarixli 10 nömrəli əmrinə əsasən İdarə heyətinin 22 may 2019-cu il tarixli 09 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması, spirt istehsalı ilə əlaqədar olaraq “Spirtin istehsalı və spirtin saxlanması” və “Kompressor-qazanxana” sexinin işçilərinin ödənişsiz məzuniyyətdən geri çağırılması, istehsal başa çatdıqdan sonra ödənişli məzuniyyətdə hesab edilmələri əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 20 sentyabr 2019-cu il tarixli 11 nömrəli əmrinə əsasən səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin yenidən 31 dekabr 2019-cu il tarixədək uzadılması əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 21 noyabr 2019-cu il tarixli 12 nömrəli əmrinə əsasən səhmdar cəmiyyətin İdarə heyətinin 22 may 2019-cu il tarixli 09 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 22 noyabr 2019-cu ildən geri çağırılmaları (həmçinin sexi nəqledən İddiaçı3) əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 24 dekabr 2019-cu il tarixli 13 nömrəli əmrinə əsasən X1 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 25 dekabr 2019-cu ildən geri çağırılmaları əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 27 yanvar 2020-ci il tarixli 01 nömrəli əmrinə əsasən maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin 28 yanvar 2020-ci il tarixdən bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 02 mart 2020-ci il tarixli 03 nömrəli əmrinə əsasən səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 27 yanvar 2020-ci il tarixli 01 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin 30 iyun 2020-ci il tarixədək uzadılması əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 30 iyun 2020-ci il tarixli 04 nömrəli əmrinə əsasən X1 27 yanvar 2020ci il tarixli 01 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 01 iyul 2020-ci ildən geri çağırılmaları əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 10 iyul 2020-ci il tarixli 01 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023cü il) 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da 11 iyul 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 05 yanvar 2021-ci il tarixli 01 nömrəli əmrinə əsasən X1 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 06 yanvar 2021-ci ildən geri çağırılmaları əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 11 yanvar 2021-ci il tarixli 02 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023cü il) 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da 10 yanvar 2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 09 iyul 2021-ci il tarixli 03 nömrəli əmrinə əsasən X1 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 12 iyul 2021-ci ildən geri çağırılmaları əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 16 iyul 2021-ci il tarixli 04 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023cü il) 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da 15 iyul 2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə 23 dekabr 2021-ci il tarixli 05 nömrəli əmrinə əsasən X1 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 24 dekabr 2021-ci ildən geri çağırılmaları əmr edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 30 dekabr 2021-ci il tarixli 07 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023cü il) 4.10-cu bəndinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyətinin, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da 05 yanvar 2022-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 20 nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 12 nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 03 noyabr 2021-ci il tarixli 17/ŞH nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) 03 noyabr 2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 28 nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 27 nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 14 nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli 18 nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 08 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Məhkəmə, aşağıdakılara əsasən iddia tələbini qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 28-ci maddəsinin 3-cü hissəsinə əsasən kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir. 29-cu maddəsinə əsasən kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir. 31-ci maddəsinin 1-ci hissəsinə əsasən kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər. 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. 129-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrlə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq işçiləri, o cümlədən hazırkı iş üzrə iddiaçıları ödənişsiz məzuniyyətə buraxmışdır. Cavabdeh tərəfindən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla davamlı olmuş və sonuncu dəfə 30 dekabr 2021-ci il tarixli əmrlə Əmək Məcələsinin 129-cu maddəsinin 2-ci hissəsi və kollektiv müqavilənin (2020-2023-cü il) 4.10-cü bəndi əsas götürülərək rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyəti 05 yanvar 2022-ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışlar. Ancaq bu cür əmrlər verilərkən Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinin tələblərinə, yəni iddiaçıların bu barədə müraciətlərinin olub-olmamasına yaxud tərəflərin qarşılıqlı razılığına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kollektiv müqavilələrdə işçilərə ödənişsiz məzuniyyət verilə bilər. Lakin bu halda da işçilərin, o cümlədən hazırkı iş üzrə iddiaçıların buna razılığı olmalı idi. Lakin iddiaçıların belə bir razılığı olmamışdır. Bundan başqa, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsi işçilərə ödənişsiz məzuniyyətin müddətini 6 ayla məhdudlaşdırmışdır, başqa sözlə, ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox ola bilməzdi. Ancaq hazırkı işdən görünür ki, cavabdeh 2019-cu ilin may ayından başlayaraq 2022-ci ilin iyun ayına qədər, yəni 36 ay müddətinə davamlı olaraq, 1, 3, 6 ay müddətlərində fasilələrdə iddiaçıları ödənişsiz məzuniyyətə buraxmışdır. Bu cür vəziyyətdə qeyd olunan maddənin tələblərini də açıq-aşkar pozmuşdur. Məhkəməyə təqdim edilmiş kollektiv müqavilənin 4.10-cu bəndində işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməsi, qanunvericilikdə müəyyən edilmiş müddətdən çox olmayaraq bir təqvim ilində bir neçə dəfə ola bilməsi nəzərdə tutulsa da, ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmin Məcəllənin 146-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Göründüyü kimi, iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Lakin iddiaçıların iddia ərizəsi məhkəməyə 24 avqust 2022-ci il tarixdə daxil olsa da, onların iddia tələbləri 2019-cu ildən 2022-ci ilin may ayına kimi olan, yəni 36 aylıq dövrü əhatə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edlməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçılara sonuncu bir il üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə görə işçinin təqsiri olmadan boşdayanma vaxtı üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. Qeyd olunan maddənin məzmunundan görünür ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İddia tələbindən göründüyü kimi iddiaçıların hər birinin aylıq əmək haqqı 310 manat olmaqla, 9 ay, yəni 24 avqust 2021-ci il tarixdən 24 may 2022-ci il tarixədək olan dövr üçün 2790 manat, 2790 manatın üçdə iki hissəsi isə 1860 manat təşkil edir. Lakin iddiaçılardan İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə 03 noyabr 2021-ci ildən xitam verilmişdir. Ona görə də, iddiaçılardan İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 hər birinə 1860 manat, İddiaçı3 isə 413 manat (xx.xx.2021-xx.xx.2021; 310 m x 2 ay = 620 m : 3 = 206,6 m x 2 = 413 m) ödənilməlidir. Çünki İddiaçı3 hazırkı tələbi əmək müqaviləsinə xitam verildiyi gündən sonrakı dövr üzrə təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1860 manat tutularaq İddiaçı1, 1860 manat tutularaq İddiaçı2, 1860 manat tutularaq İddiaçı4, 1860 manat tutularaq İddiaçı5, 1860 manat tutularaq İddiaçı7, 1860 manat tutularaq İddiaçı6 və 413 manat tutularaq İddiaçı3 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İş materiallarından görünür ki, iddiaçıların hər biri tərəfindən 50 (əlli) manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən ödənilmiş cəmi 350 (üç yüz əlli) manat mediasiya xərci üzrə - cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 50 manat tutularaq İddiaçı1, 50 manat tutularaq İddiaçı2, 50 manat tutularaq İddiaçı4, 50 manat tutularaq İddiaçı5, 50 manat tutularaq İddiaçı7, 50 manat tutularaq İddiaçı6 və 50 manat tutularaq İddiaçı3 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1860 manat tutularaq İddiaçı1, 1860 manat tutularaq İddiaçı2, 1860 manat tutularaq İddiaçı4, 1860 manat tutularaq İddiaçı5, 1860 manat tutularaq İddiaçı7, 1860 manat tutularaq İddiaçı6 və 413 manat tutularaq İddiaçı3 xeyrinə ödənilsin. İddiaçılar tərəfindən ödənilmiş cəmi 350 (üç yüz əlli) manat mediasiya xərci üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 50 manat tutularaq İddiaçı1, 50 manat tutularaq İddiaçı2, 50 manat tutularaq İddiaçı4, 50 manat tutularaq İddiaçı5, 50 manat tutularaq İddiaçı7, 50 manat tutularaq İddiaçı6 və 50 manat tutularaq İddiaçı3 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar