Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3701/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, 12.2021-xx.xx.2022-ci il dövrü üçün 3 aylıq dövrü üçün 7500 AZN əmək haqqının və əmək haqqına dair son haqq hesablanaraq cavabdeh "ELEKTROİNŞAAT” MMC-dən alınıb iddiaçıya ödənilməsi, işdən azad olunma əmrini və bağlanmış müqavilənin surətini cavabdehdən ala bilmədiyinə görə həmin sənədlərin cavabdehdən alınaraq iş materiallarına əlavə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022 "xxxx" MMC-də sahə rəisi vəzifəsində çalışmışdır. "xxxx" MMC-də çalışdığı dekabr 2021 və 2022-ci ilin yanvar, fevral aylarının əmək haqqı ümumilikdə 7500 azn pulu ala bilməmişdir. Əmək haqqının tələbi ilə bağlı "xxxx" MMC-nin təsisçisi X2 və direktor Şahid Ə!murad oğluna müracət etmişdir. Hətta iddiaçı ilə şirkət arasında bağlanmış əmək müqaviləsini tələb etsə də, iddiaçıya əmək müqaviləsini təqdim etməmişlər. Cavabdehin hərəkətsizliyindən müvafiq dövlət qurumlarına şikayətlər rəsmi olaraq yazıb göndərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə göndərdiyi ərizəyə xx.xx.2023-cü il tarixli 3-17-512-H-15633/2023 saylı cavabla göstərilmişdir ki, müraciətə baxılmışdır. Araşdırma zamanı Azərbaycan Respublkası ƏƏSMN-nin elektron informasiya sisteminin "Əmək və Məşğulluq ” altsisteminə baxış keçirilərkən İddiaçıla "xxxx" MMC-nin rəhbərliyi arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin ünvanlarına məktublarla müraciət olunaraq İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında qanunun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Tələb olunan sənədlərin təqdim olunması "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təmin edilmədiyi təqdirdə tərəfimizdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət ediləcəkdir. Müraciətlərinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. “ELEKTROİNŞAAT" MMC tərəfindən iddiaçıya təqdim olunmuş əmək haqlarının ödənilməsi qrafiki ilə bağlı sənəddə iddiaçının "xxxx" MMC-də fəaliyyət göstərdiyi tarixlər qeyd olunmuş və həmin cədvəl sənədindən qeyd olunduğu kimi fəaliyyət dövrü iyun 2021 - Fevral 2022-ci tarixləri aralığında olmuşdur. Həmin təyin olunmuş maaş məbləğindən 3 aylıq əmək haqqı ümumilikdə 7500 azn iddiaçıya ödənilməmişdir. "xxxx" MMC-dən şikayəti ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna da müaciət etmişdir. xx.xx.2023-cü il tarixli 23-17-01-01- 017549 saylı cavab məktubunda göstərilmişdir ki, X4 tərəfindən əmək haqqınızın ödənilməməsinə dair fərdi əmək mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən yaşadığınız yerin rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə göndərdiyi ərizəyə digər məktublara cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət edilmişdir. Lakin bu günə qədər cavabdehdən iddiaçıya ödənilməli olan pulun alınıb verilməsi istiqamətində görülmüş tədbirlər heç bir nəticə verməmişdir. Digər tərəfdən iddiaçının yuxarıda sadaladığı bütün hallar faktdır və bununla bağlı iddiaçıda mötəbər sübutlar (ödəniş cədvəli, cavab məktubları) vardır. "xxxx" MMC ilə iddiaçının arasında müqavilə bağlanmış həmin müqavilə əsasında iddiaçıya aylıq məvacib ödənilmişdir. Lakin "xxxx" MMC-nin təsisçi və direktorları bu pul tələbi ilə bağlı məsuliyyətdən yayınmaqla həmçinin bağlanmış müqaviləni təqdim etmirlər. Qanunun tələblərinə uyğun olaraq mediasiya prosesinin keçirilməsi üçün ilkin olaraq mediasiyaya müraciət edərək əmək haqqı tələbi mübahisəsi ilə əlaqədar mediator təyin edilərək mediasiya prosesinin aparılmasını xahiş etmişdir. Mediasiya şurası tərəfindən mediator təyin edilmişdir. Cavabdeh "xxxx" MMC Mediasiya prosesində iştirakdan imtina etmişdir. Mediator tərəfindən iddiaçıya ilkin mediasiya sessiyasında (ims) iştirak edilməməsi barədə xx.xx.2023 tarixdə MŞB/8/2023-01703 saylı arayış verilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iş üzrə iddia müddətinin ötürülməsini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də sahə rəisi işlədiyi və həmin müddət üçün ona əmək haqqı kimi ödənilməli olan 7500 manat pulu ödənilmədiyindən həmin pulun onun xeyrinə cavabdehdən tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilir ki, İddiaçı adlı şəxs Cavabdeh MMCdə hər hansı vəzifə tutmamış, onunla əmək müqaviləsi imzalanmamışdır. İddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Bununla yanaşı eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinin tələbinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə göründüyü kimi iddiaçı sonuncu əmək haqqı kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü nəzərdə tutur. Əvvəla bu tələb özlüyündə mücərrəddir, belə ki, əmək haqqı ödənilmədiyi halda işçi 8-9 ay işləməyə davam edir. Faktiki əmək haqqı ödənilmədiyi ilk ayda artıq hüququnun pozulduğunu bilmişdir. Digər tərəfdən hətta sonuncu qeyd etdiyi tarixi götürsək belə bu xx.xx.2022-ci il tarixə təsadüf edir. Nəzərə alsaq ki, tərəf bu müddətdən təxminən 6 ay sonra mediasiya və daha sonra məhkəməyə müraciət etmişdir, burada onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş 01 illik iddia müddəti də buraxılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X6 ayrı-ayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək müdafiə etdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə İddiaçı adlı şəxsin Cavabdeh MMC-də nəinki sahə rəisi, ümumiyyətlə heç bir vəzifə tutmadığını, orada işləmədiyini, onunla hər hansı əmək müqaviləsinin imzalanmadığını, əmək haqqının məbləği müəyyən edilməmiş və heç bir zaman ona hər hansı əmək haqqı ödənilməmişdir. İddianı qəbul etmirlər və iddia tələbinin əsası olmadığından rədd olunmasına dair qətnamə qəbul etmənizi xahiş edirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də sahə rəisi olmuşdur. 2018-ci ildə sözügedən şirkətin təsisçisinin şahidin özü olmuşdur. Onun rəhbərlik etdiyi dövrdə iddiaçı layihə rəhbəri olmuşdur. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, o, şirkətin həm qanuni təmsilçisi, həm də təsisçisi olmuşdur. Şahidin xəbəri olmadan “Elektro-İnşaat” şirkəti ondan alınmışdır. Hazırda direktor Nizami Məmmədovdur. Şahidin özünün Nizami Məmmədova qarşı iddia tələbi məhkəmə tərəfindən bu yaxınlarda təmin olunmuşdur. Məhkəmə işə baxıb, iddiaçı tərəfin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01703 nömrəli X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iştirak edən tərəf İddiaçı, iştirak etməyən tərəf isə Cavabdeh MMC-dir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən X5 ünvanlanan 04 may 2023-cü il tarixli, 3-17-5/2-H-15633/2023 saylı və 23 iyun 2023-cü il tarixli, 3-17-5/2-H-23381/2023 saylı məktuba əsasən, İddiaçı X7 Xidmətinə verdiyi izahatında işlədiyi dövrdə əmək haqqını nağd formada aldığını və əmək haqqının ödənilməsinə dair təsdiqedici sənədinin otmadığını bildirmişdir. Həmçinin araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəfimizdən baxış keçirilərkən İddiaçıla “Elektro İnşaat" MMC-nin rəhbərliyi arasında əmək müqaviləsinin bağlanılmasına dair əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan 25 yanvar 2023-cü il tarixli, 3-17-5/2-N-1957/3/2023 saylı məktuba əsasən, “Elektro İnşaat" MMC-nin ünvanına (AZ1052, Bakı şəhəri, ünvan 1anov rayonu, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 342) xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisənin yuxarıda qeyd olunan ünvandan köçməsi səbəbindən tələb olunan sənədlərin alınması və müraciətin araşdırılmasının başa çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixində İddiaçı ünvanlandığı məktubun surətindən görünür ki, X4 tərəfindən əmək haqqının ödənilməməsinə dair fərdi əmək mübahisəsi ilə bağlı AR MPM-nin 36-cı maddəsinə əsasən, yaşadığı yerin rayon (şəhər) məhkəməsinə müraciət edilməsi hüququ izah edilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə ödənilməmiş əmək haqları ilə bağlıdır. İddiaçı 12.2021-xx.xx.2022-ci il dövrü üçün 3 aylıq dövrü üçün 7500 manat ödənilməmiş əmək haqlarının cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq- ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 3.5-ci maddəsinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçiarasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqvə vəzifələrini əks etdirən yazılı müqavilədir. 42.2-ci maddəsinə əsasən Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 154.1-ci maddəsinə əsasən Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 83.2-ci maddəsinə əsasən, işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin əmək fəaliyyəti dövrü üçün iyun 2021 - Fevral 2022-ci tarixləri aralığında 7500 azn pulu ala bilmədiyini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək ödənilməyən əmək haqqına dair, cavabdeh cəmiyyətdə həqiqətən də qeyd olunan işlərin görülməsinə cəlb edildiyini və orada sahə rəisi vəzifəsində işlədiyini təsdiqləyən dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlarla qeyd olunanlar sübuta yetmədi. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Məhkəmə yuxarıda sadalananlardan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunverici əmək münasibətlərinin iştirakçıları kimi işçi və işəgötürəni müəyyən etməklə, onların əmək müqaviləsindən irəli gələn qarşılıqlı hüquq və öhdəliklərini nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanması faktı, o cümlədən iddiaçının həqiqətən də yazılı müqavilə bağlansa da qeydiyyata alınmadan əmək fəaliyyətinə cəlb edildiyi sübuta yetmədi. Üstəlik də qeyd olunan halların araşdırılması üçün X7 tərəfindən AR Baş Prokurorluğuna da müraciət ünvanlanmış, həmin mübahisəli hallar üzrə hər hansı icraat açılmamış, iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla da iddiaçı ilə cavabdeh əmək münasibətlərində olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusuna əldə edilmiş cavab məktubundan görünür ki, “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumata əsasən iddiaçının qeyd etdiyi - 12.2021-xx.xx.2022-ci il dövründə İddiaçı cavabdeh Şirkət ilə əmək müqaviləsi bağlaması faktı aşkar edilmir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iddiaçının təşəbbüsü ilə dindirilmiş Şahid ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut hesab olunmur. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının yaxını olan şahid onun cavabdeh cəmiyyətdə əmək fəaliyyəti ilə məşğul olduğunu bildirir. Eyni zamanda həmin şahid özü bildirir ki, cavabdeh cəmiyyətin hazırki qanuni nümayəndəsi, eyni zamanda təsisçisi ilə aralarında məhkəmə çəkişmələri mövcuddur. Şahid bildirir ki, mübahisəli şirkətin hazırki qanuni nümayəndəsinə, eyni zamanda təsisçisinə qarşı iddia tələbi olmuşdur. Belə olanda müəyyən olunur ki, şahid cavabdeh cəmiyyət, o cümlədən onun təsisçisi ilə münaqişəli vəziyyətdə olduğundan mübahisənin sonuncunun ziyanına həll edilməsində maraqlı olduğuna görə onun ifadəsi iddia tələbi üzrə mübahisə həll edilərkən mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan hal şahid ifadəsi ilə öz təsdiqini tapmadı. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiası əsassız olduğuna görə onun Cavabdeh MMC-yə qarşı qarşı irəli sürdüyü hazırkı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi sübuta yetmədiyindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə qiymət verməyə lüzum görməyərək, özünün gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri ünvan 1anov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3701/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3701/2023
28.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver