Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3751/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Axundova (Əliyeva) Pərvanə Bəhruz qızının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Axundova (Əliyeva) Pərvanə Bəhruz qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Axundova (Əliyeva) Pərvanə Bəhruz qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(005)-4832/2018 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə 25.06.2006-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının azalmasını, 25.06.2006-cı il təvəllüdlü X1 üçün hər ay əmək haqqısının 1/6 hissəsi miqdarında (214 manat) aliment cavabdehin xeyrinə tutulması, sabit pul məbləği 25 manat isə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(005)-4832/2018 nömrəli qətnaməsinə əsasən 14.09.2018-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə 01.07.2003-cü ildə anadan olmuş oğlum X5 və 25.06.2006-cı ildə anadan olmuş oğlum X4 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün bütün növ qazancının 1/3 (üçdə bir) hissəsi miqdarda və hər uşaq üçün 25 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırda "xxxx" QSC-də işləyir və aylıq vəzifə maaşı 1600 manat, vergilər çıxıldıqdan sonra isə 1284 manat təşkil edir. 1284 manat vəsaitdən də aliment 1/3 hissəsi 478 manat çıxıldıqdan sonra əmək haqqı kartına 806 manat vəsait mədaxil olunur (arayış əlavə olunur). Hər ay 1/3 hissəsi miqdarda və hər uşaq üçün 25 manat sabit pul məbləği olmaqla, cəmi hər ay 478 manat (aliment) tutularaq Cavabdeh hesabına "xxxx" QSC tərəfindən köçürülür. X11 01.07.2021-ci il tarixdə 18 yaşı tamam olmuşdur. İşlədiyi "xxxx" QSC-dən (əməliyyat şöbəsindən) ona bildirilmişdir ki, məhkəmə qətnaməsinə (qərarına) əsasən Əliyev Kənan yetkinlik yaşına (18 yaş) çatdığı üçün ödənilən aliment üzrə ona aid olan hissə dayandırılır və 25.06.2006-cı ildə anadan olmuş oğlum Əliyev Ayhana görə ödəniləcək aliment 1/4 hissəsi miqdarda və 25 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulacaq. Access Bankdan götürdüyü 12800 manat pul kreditini 2024-cü ilin avqust ayınadək bankın ona təqdim etdiyi qrafik əsasında (əsli əlavə olunur) hər ay 463 manat olmaqla, 36 ay müddətinə ödəməlidir. Eynİ zamanda "xxxx"-nun ona 15.12.2020-ci il tarixdə təqdim etdiyi 3000 manatlıq BOL KART üzrə də ödənişləri mövcuddur. Dİgər gəlir yeri də yoxdur. 2019-cu ilin sentyabr ayında ikinci dəfə ailə həyatı qurmuş və ikinci nikahdan da bir qız övladı olmuşdur. Həyat yoldaşı evdar xanımdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Axundova (Əliyeva) Pərvanə Bəhruz qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Belə olan halda məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutların işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşıdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(005)-4832/2018 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 01.06.2003-cü il təvəllüdlü X7 və 25.06.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 14.09.2018-ci il tarixdən başlayaraq İddiaçı iki uşağa görə qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarda və hər uşaq üçün 25 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur. AZ-İİ № 348438 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 nikahları 21.09.2019-cu il tarixdə Səadət Sarayı Bakı nikah evində rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 25.06.2006cı il təvəllüdlü X8 doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 birgə nikahlarından 08.08.2020-ci il təvəllüdlü X9 doğulmuşdur. 07.07.2021-ci il tarixli, 10/07 nömrəli "xxxx" QSC BOKT-un arayışından görünür ki, İddiaçı əmək haqqısından hər ay 478 manat məbləğində aliment tutulur. 15.12.2020-ci il tarixli AL/19617/78/15 saylı "xxxx" ASC-nin kredit sazişindən görünür ki, İddiaçı bank tərəfindən 3000 manat məbləğində kredit verilmişdir. "xxxx" QSC BOKT-nin 10/07 saylı 07 iyul 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı aylıq maaşı 1600 manat təşkil edir. "xxxx" QSC BOKT-da Əmlakların İdarə Edilməsi və Müsabiqə Komissiyası İşinin Təşkili Departamentinin direktor müavini vəzifəsində işləyir. Beləliklə, məhkəmə baxışı iclasında tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından 01.06.2003-cü il təvəllüdlü X7 və 25.06.2006-cı il təvəllüdlü X8 doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş, faktiki olaraq ayrı yaşayıb, birgə təsərrüfatı idarə etmirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, İddiaçı 01.06.2003-cü il təvəllüdlü X7 və 25.06.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana k i m i saxlanılmasına görə qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarda və hər uşaq üçün 25 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. "xxxx" QSC BOKT-nin 10/07 saylı 07 iyul 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı aylıq maaşı 1600 manat təşkil edir. "xxxx" QSC BOKT-da Əmlakların İdarə Edilməsi və Müsabiqə Komissiyası İşinin Təşkili Departamentinin direktor müavini vəzifəsində işləyir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Sadalanan qanunvericiliyin əsaslarından göründüyü kimi uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin materiallarından göründüyü kimi 01.06.2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Bu səbəbdən məhkəmənin qənaətinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(005)-4832/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin hazırda yetkinlik yaşına çatmış X2 üçün ödənilməsi əsaslı hesab edilə bilməz. Ona görə də iddia bu hissədə əsaslıdır. Bununla belə iş materiallarından müəyyən olunur ki, X8 yetkinlik yaşına çatmamışdır. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçının əmək haqqısı 1600 manat təşkil edir. Bu hal "xxxx" QSC BOKT-nin 10/07 saylı 07 iyul 2021-ci il tarixli arayışı ilə təsdiqlənir. Bu səbəbdən də məhkəmə iddiaçının əmək haqqısının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmasının 25.06.2006-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün yetərli olacağını Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbləri baxımından nəzərə almaqla İddiaçı 25.06.2006-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qənaətinə gəlir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(005)-4832/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 25.06.2006-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3751/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3751/2021
01.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver