Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3758/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 1713/2019 saylı, 18.03.2019-cu il tarixli qətnaməsi ilə ondan Cavabdeh xeyrinə uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilməsi, 11.07.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğində 100 manat və 31.05.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat ailimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 22.07.2006-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından 11.07.2007-ci il tarixdə X5 və 31.05.2009-cu il X4 doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 18.03.2019-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar Cavabdeh yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 320 manat aliment tutulması qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Cavabdehlə aralarında bağlanmış nikah pozulan zaman məhkəmədən kənar valideynlərinə məxsus evi satmış və cavabdehə 8000 manat məbləğində pul vermiş, odur ki, cavabdehin yaşamağada yeri var. Cavabdehin yaşamağa evi və maddi imkanı var. 17.10.2019-cu il tarixdə X3 ilə rəsmi nikaha girərək ailə qurmuş və birgə nikahdan 01.05.2020-ci il tarixdə Rəna adlı bir qız uşağı doğulmuşdur. Pandemiya ilə bağlı işləmək çətinləşib, şəxsi yaşayış yeri yoxdur, kirayədə qalır, arvadı da işsizdir. Qeyd olunanlara əsəsən məhkəmə qətnaməsi əsasında təyin edilmiş aliment məbləği həddindən artıq çoxdur və qeyd edilən məbləği ödəmək iqtidarında deyildir. Gəlir və qazanca malik deyil, maddi imkanı aşağı olması səbəbindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarını ödəyə bilmir, qeyd edilən aliment məbləğinin hər ay tərəfindən ödənilməsi çox çətindir. İşsiz olmağı və öhdəsində körpə uşağın olması, həyat yoldaşının işsiz olması, maddi vəziyyətlərinin aşağı olması nəzərə alınmalıdır. Cavabdeh də bir valideyin kimi uşaqların maddi tələbatlarının ödənilməsində iştirak etməlidir və uşaqlara maddi yardım göstərmək onunda bir valideyin kimi borcudur. Qanunvericlikdə uşağın saxlanılmasının və maddi tələbatlarının ödənilməsi tək bir valideynin öhdəsinə qoyulması nəzərdə tutulmamışdır. Qətnaməyə əsasən müəyyən edilmiş aliment məbləği azaldılamlı, hər ay hər uşağa 100 manat olmaqla müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbi ilə eyni məzmunlu izahat verib, müəyyən edilmiş alimentin azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 17.09.2019-cu ildə ləğv edilmiş və 288 nömərə ilə qeydə alınmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş 364523 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01.05.2020-ci ildə anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2(005)-1713/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı 11.07.2007-ci il təvəllüdlü X2 və 31.05.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh Səıim qızına verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından 11.07.2007-ci il təvəllüdlü X5 və 31.05.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2(005)-1713/2019 saylı qətnaməsi ilə 18.02.2019-cui il tarixdən başlayaraq cavabdeh İddiaçı 11.07.2007-ci il təvəllüdlü X2 və 31.05.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün həy ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda isə İddiaçı həmin məbləğin azaldılmasını, yeni ailə qurması, yeni nikahından uşağının olması, pandemiya ilə əlaqədar maddi durumunun pisləşməsi ilə əlaqələndirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması” tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunmuşdur ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimetin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəsətəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və.s kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarda qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunverciliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunverciliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin ailə münasibətlərini tənzimləyən normaları ilə bağlı müddəalarından göründüyü kimi aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qeyd edilən Plenum Qərarlarından da göründüyü kimi aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı aliment pulunu ödəyə bilməməsinin üzrlü hesab edilməsinə dair əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının alimentin azaldılmasına dair tələbi əsaslı deyil və rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbi”nə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3758/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3758/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver