Məhkəmə qərarları › İş №2(005)-3784/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3784/2021

09.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3784/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh X2 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli 2(005)- 894/2020 nömrəli qətnaməsi ilə hər uşağa görə 170 manat, üstəlik hər uşağın saxlanması üçün əlavə 55 manat müəyyən edilmiş alimentin azaldılması, hər uşağın saxlanması üçün 150 manat olmaqla, ümumilikdə iki uşaq üçün cəmi 300 manat miqdarında alimentin X2 xeyrinə İddiaçı tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmırdır ki, cavabdehlə nikah uzun müddətdir ki, pozulmuşdur. Birgə nikahdan iki yetkinlik yaşına çatmayan - 20.11.2007-ci il təvəllüdlü Məmmədova Aysu və 22.07.2009-cu il təvəllüdlü Məmmədova Əsma adlı qızı var. Onların saxlanması üçün məhkəmə qərarı ilə aliment müəyyən edilmiş, cavabdeh ona qarşı alimentin artırılması barədə iddia vermiş, Nərimanov Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli 2(005)-894/2020 nömrəli qətnaməsi ilə hər uşağa görə 170 manat, üstəlik hər uşağın saxlanması üçün təyinatı bəlli olmayan əlavə 55 manat müəyyən edilmişdir. O, həmin dövrdə xəstə olduğu üçün nə prosesdə iştirak etmiş, nə də şikayət verə bilmişdir. Bildirir ki, bu cür yüksək məbləğdə alimentin müəyyən edilməsi tamamilə ədalətsizdir. Belə ki, o, özü 18 mart 2014-cü ildə X9 ilə yeni ailə qurmuş, bu nikahdan 29.03.2014cü il təvəllüdlü X10 və 27.05.2016-cı il təvəllüdlü X7 adlı iki övladı var, həyat yoldaşı heç bir yerdə işləmir. Özü də heç bir yerdə işləmir. Yalnız müvəqqəti işlər görməklə ailəsini dolandırır. Ona görə də hesab edir ki, indiki şəraitdə 4 uşağı dolandırmaq həddindən artıq çətin bir məsələdir. Borclarının yığılması səbəbindən artıq borclarını ödəyə bilmir, ona görə də hesab edir ki, alimentin miqdarı azaldılmalı və hər uşağa 150 manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 manat məbləğində aliment ödənilməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçı anlayır ki, hamısı onun övladlarıdır. Amma nəzərə alınmalıdır ki, ailənin dağılması barədə müraciət etməmişdir. Uşaqların mənafeyi bərabər həcmdə nəzərə alınmalıdır. Təsəvvür edin ki, 2 uşaq üçün 450 manat müəyyən edilirsə, digər iki uşaq üçün də eyni məbləğ müəyyən edilməlidir. Bundan başqa, o, özünü və arvadını da saxlamaq üçün əlavə pul da qazanmalıdır ki, bu da ən azından 1500 manatdan çox edir. Bu əmək haqqını dövlət orqanlarının yüksək təsnifat vəzifəsində oturan belə alınır. Ona görə də xahiş edir ki, nəzərə alınsın. İddiaçı məhkəmə iclasının vaxti və yeri barədə məlumatladırılsada məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X2 nümayəndəsi X11 məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, işə iddiaçı olmadan baxılmasına etiraz yoxdur, həmçinin iddia tələbini qəbul etmir və iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh X2 nümayəndəsi X11 26.07.2021-ci il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, cavabdeh İddiaçı aliment məbləğinin azaldılması barədə iddiasını aşağıda qeyd olunanlara əsasən tam əsassız və qərəzli hesab edirəm. Belə ki, onun sonuncu dəfəki iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli qətnaməsi ilə tam qanunauyğun olaraq, azyaşlı qızları Aysu və Əsma Məmmədovaların hər birinə həmin dövr üçün mövcud olan yaşayış minimumuna uyğun olaraq 170 - cəmi 340 manat və hər birinə müalicə, təhsil və sair üçün əlavə xərclər olaraq 55 - cəmi 110 manat, ümumilikdə 450 manat məbləğində cavabdehdən hər ay tutularaq, ona aliment ödənilməsi qət edilmişdir. Bununla bağlı cavabdeh heç bir şikayət verməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun icrasının təmin olunması üçün Gəncə şəhəri üzrə icra idarəsinə göndərilmiş və 2013-cü ildən mövcud o an icra işinə əlavə edilmişdir. Bundan başqa, cavabdeh İddiaçı hazırki vaxtadək olan aliment borcu 11.000 manat və mənzili onlardan xəbərsiz satmasına görə 15.000 manat - cəmi 26.000 manat təşkil edir, 2018-ci ildə bu səbəbdən onqa qarşı 15 günlük inzibati həbs də tətbiq edilmiş, lakin rəsmi xəbərdarlıqlar verilsə də, o öhdəlik və vədlər versə də, borcunu ödəmədiyinə görə 2020-ci ili aprel ayından rəsmi axtarışdadır. Bundan başqa, cavabdeh İddiaçı guya xəstə olması ilə bağlı məhkəmə prosesinə gələ bilməməsi və sonradan da xəstəliyi ilə bağlı şikayət vermək imkanının olmamasını göstərməsi həm təmamilə ağ yalandır, həm də bunula bağlı iddia ərizəsinə heç bir təsdiqedici sənəd də əlavə etməmişdir və əslində edə də bilməz. Bundan əlavə, cavabdeh İddiaçı qeyd etdiyi ünvan da saxtadır, beləki, həmin evi o mərhum anası və qardaşı ilə birlikdə 20 ildən çoxdur ki, satıblar, əvvəl Gəncədə Gülüstan qəsəbəsində yaşamışlar, 2014-cü ildən indiyədək isə indiki ailəsi ilə Bakı şəhəri, Alatava qəsəbəsində yaşayır. Bundan başqa, onun indiki iddiası qanuni qüvvəyə minmiş məhkəmə qərarını mübahisələndirmək cəhdi olduğu üçün hazırki halda tam qanunsuz və əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymən verib hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.03.2014-cü il tarixdə verilmiş, AZ-İ 948812 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 18.03.2014-cü il tarixdə 326 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16.12.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 385613 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29.03.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 21.06.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 792946 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27.05.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-894/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qətnaməsinin məzmunundan və surətindən görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1068/2018 saylı, 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 20.11.2007-ci il təvəllüdlü X3 və 22.07.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment və 20.11.2007-ci il təvəllüdlü X3 və 22.07.2009-cu il təvəllüdlü X5 müalicə xərclərinin ödənilməsi ilə əlaqədar hər ay hər uşaq üçün 55 manat olmaqla, cəmi 110 manat məbləğində əlavə xərc Cavabdeh xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırki yaşayış minimumunu, yetkinlik yaşına çatmayan və 20.11.2007-ci il təvəllüdlü X3 və 22.07.2009-cu il təvəllüdlü X5 mənafelərini nəzərə alıb hesab edir ki, aliment məbləğinin azaldılması onların mənafeyinə ziddir, bu günkü gündə onların maddi tələbatını ödəməyəcək. Ona görə də iddia tələbi rədd olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh X4 qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar