Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3785/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) istehlakçı hüquqlarının müdafiəsini təmin etmək məqsədilə vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş mənəvi zərərə görə 4400 manat miqdarında kompensasiyanın Cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri Səbail rayonu, Ə.Əlizadə 2 küçəsində yerləşən “World Telecom” mağazasının “Tarqovaya” filialına yaxınlaşmış, filialda almaq niyyətində olduğu məhsulların satışda olduğunu, yəni filial tərəfindən ümumi oferta verildiyini müəyyən etmişdir. Bundan sonra mağaza nümayəndələrinə onların ümumi ofertasına əsasən 3 ədəd yeni məhsul (“Apple iPhone 13 Pro Max” telefonu. “Apple Airpods 3” simsiz qulaqlığı və “Apple Watch 7” qol saatı) almaq niyyətini bildirmişdir. Həmin mağazadan ümumi dəyəri 4400 manat olan 3 ədəd yeni məhsul almışdır. Müvafiq məhsulları aldıqdan sonra evə yollanmış, evdə olarkən “Apple iPhone 13 Pro Max” telefonunun sazlamalarında olan məlumata əsasən müəyyən etmişdir ki, müvafiq telefon üçün, istehsalçı (“Apple") tərəfindən verilən zəmanət müddəti xx.xx.2023-cü il tarixində başa çatacaq. Bu məsələni “Apple” şirkətinin rəsmi saytında araşdırmış və müəyyən etmişdir ki, müvafiq zəmanət müddəti məhsulun ilk dəfə qutudan çıxarıldığı və aktivləşdiyi tarixdən etibarən 1 il müddətinə verilir. Yeni məhsulu xx.xx.2022ci il tarixində almış və qutudan çıxartmışdır. Belə olan halda müvafiq zəmanət müddətinin bitmə tarixi xx.xx.2023-cü il tarixi olmalı idi. Bundan dərhal sonra məhsulları aldığı filiala telefonla zəng etmiş, bu məsələnin aydınlaşdırılmasını istəmiş və cavab verilmişdir ki, “Apple iPhone 13 Pro Max” telefonu xx.xx.2022-ci il tarixində mağazanın anbarına daxil olarkən onlar tərəfindən açılmış (qutudan çıxardılıb) və aktivləşdirilmişdir. Bu cavabdan sonra mağazanın qüsurlu mal satmasını başa düşmüş, ona görə də digər məhsulları da yoxlamışdır. “Apple Airpods 3” simsiz qulaqlığını da müvafiq sazlamada yoxlayarkən müəyyən etmişdir ki, məhsul üçün zəmanət müddəti xx.xx.2023-cü ildə bitir (halbuki məhsulu xx.xx.2022-ci il tarixində almış və 1 illik müddət xx.xx.2023-cü il tarixində bitməli idi). Bunu müəyyən etdikdən sonra müvafiq mağazaya olan bütün etimadı sarsılmış və mənəvi iztirab, həyəcan keçirmişdir. Çünki mağaza ilə bağlanan müqavilə şərtlərinə əsasən yeni, qutunun içində olan məhsullar verilməli idi. Bu sarsıntını keçirən kimi müəyyən müddət özünə gələ bilməmişdir. Daha sonra qardaşının köməyi ilə dərhal hər 3 məhsulu söndürüb qutularına daxil etmiş və qərar vermişdir ki, müvafiq məhsulları mağazaya geri qaytarsın və ödədiyi pulları alsın. Özünə gəkdikdən sonra, mağaza ilə əlaqə saxlamış, müvafiq məhsulları qüsurlu olduğuna görə geri qaytarmaq istəyimi bildirmiş, cavab vermişdilər ki, artıq iş günü başa çatıb və rəhbərlik qeyri-iş günlərində (növbəti günlər şənbə və bazar olacaqdı) burda olmur deyə malları qaytarmaq üçün iş günündə yaxınlaşmaq lazımdır. Buna görə ilk növbəti iş günündə xx.xx.2022-ci il tarixində müvafiq filiala yaxınlaşmışdır. Mənəvi həyəcan və iztibar keçirdiyi üçün filiala tək getməmiş, 2 yaxın dostundan xahiş etmiş ki, birgə getsinlər. Mağazaya daxil olduqdan sonra qüsurlu olduğuna görə filialda hər 3 məhsulu qaytarmaq istədiyini bildirmiş, özünü filialın müdiri kimi təqdim edən şəxs etiraf etmişdir ki. telefon onların anbarında xx.xx.2022-ci il tarixində açılmışdır. Buna etirazını bildirmiş və qeyd etmişdir ki, müqavilə şərtlərinə görə qutuda olan (açılmayan) yeni məhsullar verilməli idi. Bu etirafdan isə belə aydın olmuşdur ki, mağaza onu aldatmış və qüsurlu və zəruri keyfiyyətli olmayan malları yeni mal adı ilə satmışdır. Eyni hal simsiz qulaqlıqda da (“Apple Airpod 3”) müşahidə olunmuşdur. Bu arqumentinə isə özünü filial müdiri kimi təqdim edən şəxs cavab verməmiş və susmuşdur. Əksinə o qeyd etmişdir ki, müvafiq simsiz qulaqlıq və qol saatını geri alıb sata bilməzlər, buna görə də, onları qaytarmaqdan imtina etmişdir. Qeyd etmişdir ki, bu onların problemidir. Bu iradına cavab vermişdir ki, guya qanuna görə qol saatı və simsiz qulaqlıq şəxsi gigiyena vasitəsi hesab edilir və onların qaytarılması mümkün deyil. Cavab olaraq demişdir ki. “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli, 114 nömrəli qərarında pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısında simsiz qulaqlıq və qol saatı yoxdur, yəni onun məhsulları qaytarmamaq barədə verdiyi cavab tamamilə qanunsuzdur. Bu iradından sonra o yenə də imtinasını bildirmişdir. İstehlakçı hüquqlarının pozulduğunu anlamış və qeyd etmişdir ki, məhkəməyə müraciət edəcək. Bundan sonra filial müdiri müştəri ilə ünsiyyətdə etik davranış qaydalarını pozaraq kobud cavablar verməyə başlamış və demişdir ki. sitat: “məni məhkəməyə verən oğlan verər, verəcəyini deməz, məni heç kim məhkəmə ilə qorxuda bilməz, get nə istəyirsən elə. mən məhkəmədən qorxmuram, mən nə eləmişəm ki, məhkəmədən qorxum” sitatın sonu. Filialdan qanunsuz şəkildə imtina aldıqdan sonra oranı tərk etmiş, sonra ilk gündən fərqli olaraq daha da çox mənəvi iztirab, həyəcan, sarsıntı və narahatlıq keçirmişdir. Mağazaya işdən icazə alıb getmiş deyə çox pis vəziyyətdə işə qayıtmışdır. Həmin gün başı çox ağrımışdır. İşləyib öz funksiyalarını yerinə yetirə bilməmişdir. O qədər pis vəziyyətdə idi ki, işdən sonra mütləq həkimə getmək qərarına gəlmişdir. Yaşadığı evin yanında olan S.M.Əfəndiyev adına 2 saylı Şəhər Poliklinikasına yaxınlaşmış, problemlərini bildirmiş, həkim onu yoxlamış və sakitləşməyi üçün qəbul etməli olduğu dərmanlardan ibarət resept tərtib etmişdir. Həmin gün (xx.xx.2022-ci il tarixində) evə getmiş, həycan və sarsıntı, mənəvi iztirabı davam edirdi. Demək olar ki, səhərə kimi yata bilməmişdir. Səhər olduqda (xx.xx.2022-ci il tarixində) özünü o qədər pis vəziyyətdə hiss edirdi ki, günün ilk yarısında işə gedə bilməmişdir. Qardaşı dərhal təcili tibbi yardım çağırmış, gələn təcili tibbi yardım onu yoxlamış və özünə gəlməyi üçün qəbul etməli olduğu dərmanlardan ibarət resept tərtib etmişdir. Cavabdehin bu qanunsuz hərəkəti, yəni 4400 manat vəsait ödəyib qüsurlu mallar almağı, daha sonra onların bu malları qaytarmaqdan qanunsuz olaraq imtina etməsi çox pis təsir eləmişdir. Həyatı boyu belə sarsıntı və mənəvi əzab keçirməmişdir. Bu qanunsuz əmələ görə mağaza müvafiq mülki məsuliyyət daşımalıdır. Bu qanunsuzluğa ancaq belə olan halda son qoymaq olar ki, çəkdiyi mənəvi iztibarlara görə mağaza tərəfindən 4400 manat həcmində kompensasiya ödənilsin. Bu hadisə istehlakçıların hüquqlarının müdafiəsinə yönəldilmiş sosial şəbəkə səhifəsində qardaşı tərəfindən ictimailəşdirilmiş, cavabdehin bu qanunsuz hərəkəti mətbuatda geniş rezonans doğurmuşdur. xx.xx.2022-ci il tarixində özünü “World Telecom” mağazasının nümayəndəsi kimi təqdim edən Elvin adlı şəxs şəxsi telefon nömrəsinə zəng vurmaqla əlaqə saxlamış, təmsil etdiyi şirkətin haqsız davranış sərgilədiyini bildirmiş və qeyd etmişdir ki, müvafiq problemlərin həlli üçün xx.xx.2022-ci il tarixində onlarla görüşsün. Həmin tarixdə şirkətin nümayəndəsi ilə görüşmüş, səhvə yol verdiklərini etiraf etmiş, buna görə də təmsil etdiyi şirkətin adından üzr istəmişdir. Bu görüşün nəticəsi olaraq məhsulları geri qaytarıb pulları bərpa etmişdilər. Pretenziya məktublarındakı tələblər tam təmin edilmədi, çünki mənəvi zərərlə bağlı kompensasiya almamışdır. Bundan irəli gələrək iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdiq edilmiş: Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli satış çekinin surətindən görünür ki, 4400 manat nağdsız ödəniş üsulu ilə ödəniş edilmişdir; İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, A2564 nömrə, MCYFK22KJF seriya, 4E71 versiya, “AirPods” markalı əşyanın zəmanət müddətinin bitmə tarixi xx.xx.2023-cü il, MLKU3LL/A nömrə, M46H33VGF4 seriyalı “İPhone 13 Pro Max” markalı əşyanın zəmanət müddətinin bitmə tarixi xx.xx.2023-cü il kimi göstərilmişdir; İddiaçı tərəfindən "xxxx" MMC və Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktublarından görünür ki, hər üç məhsulun mağaza tərəfindən geri qaytarılması və onlara ödədiyi 4400 manat həcmində vurulmuş maddi ziyanın və mənəvi zərərə görə 4400 manat vəsaitin ona 2 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur; AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətində qeyd edilmişdir ki, AR Baş Prokurorluğundan İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətinə baxılmışdır. Müraciət ilə əlaqədar Dövlət Xidmətinin əməkdaşı tərəfindən saxlanılan telefon əlaqəsi zamanı tələbinin təmin edildiyi barədə verdiyi məlumat nəzərə alınmışdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “World Telecom” mağazasından 4400 manat ödəməklə 3 ədəd məhsul (“Apple iPhone 13 Pro Max” telefonu, “Apple Airpods 3” simsiz qulaqlığı və “Apple Watch 7” qol saatı) almışdır. İddiaçı aldığı əşyaların zəmanətini araşdırarkən onların aldığı tarixlərdən daha əvvəlki tarixlərdə aktivləşdirildiyini müəyyən etmişdir. Əşyaların qaytarılması üçün satıcı mağazaya müraciət etmiş, qaytarılmasından imtina olunmuş, müxtəlif orqanlara müraciət edildikdən sonra həmin məhsullar qaytarılmışdır. Hazırda iddiaçı ona lazımi keyfiyyətli olmayan məhsul satılması və məhsulun qaytarılmasından bir müddət imtina edilməsi səbəbindən 4400 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbini irəli sürmüşdür. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1, 581.2 və 581.4-cü maddələrinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Bu Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Mülki Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. İstehlakçı ilə satıcı arasında hüquqi münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlaklakçıların əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun, düzgün məlumat əldə etmək hüququdur (3-cü maddə). Qanunun 5.1 və 13.1-ci maddələrinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Göründüyü kimi, istehsalçı, satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə, eləcə də mal haqqında istehsalçının (satıcının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Adıçəkilən Qanunun 8-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Yuxarıda sadalanan qanunvericilik normalarından da görünür ki, alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müqavilə şərtlərinə, o cümlədən əşyanın keyfiyyətinə dair şərtlərə, bu barədə mövcud olan məcburi tələblərə uyğun əşya verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasına başlanmamışdan əvvəl mübahisə predmeti olan əşyanın qüsurlu olması halı müəyyən edilməlidir. Hazırki iş üzrə iddiaçıya lazımi keyfiyyətli olmayan, qüsurlu əşyanın verilməsi, qüsurun əşyanın verilməsindən əvvəl əmələ gəlməsi, yəni yeni işlənməmiş məhsul verilməli olduğu halda, alıcıya verilməzdən əvvəl artıq bir neçə gün öncə aktivləşdirilmiş əşyanın verilməsi, bununla da cavabdehin müqavilə şərtlərinə, əşyanın keyfiyyəti barəsində məcburi tələblərə əməl etməməsi təqdim edilmiş sübutlar və iddiaçının izahatları ilə təsdiq olunur. Belə ki, “iphone 13 pro max” markalı telefonun xx.xx.2022-ci il tarixdə alınmasına baxmayaraq qarantiya müddəti xx.xx.2022-xx.xx.2023-cü il tarixədək, “airpods” markalı qulaqcığin xx.xx.2022-ci il tarixdə alınmasına baxmayaraq, qarantiya müddəti xx.xx.2022-xx.xx.2023-cü il tarixədək qüvvədədir. Bu hal isə həmin məhsulların daha öncə alınıb istifadə olunub-olunmamasını şübhə altına alır, məhsulun əmtəə görünüşünün pozulmasına, istifadədə olmuş məhsullar kateqoriyasına aid olmasına səbəb olur, eləcə də yeni mobil cihazın satışı ilə bağlı ümumi qəbul olunmuş qaydalarla ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.11 və 18.8-ci bəndlərinə görə, əgər satılan mal istifadədə olmuşdursa, istehlakçıya bu barədə düzgün məlumat verilməlidir. İstifadədə olmuş lazımi keyfiyyətdə olmayan qeyri-ərzaq malı satıldıqda, malda mövcud olan qüsurlar, çatışmazlıqlar barədə istehlakçıya məlumat verilmədikdə, istehlakçı öz seçimi ilə bu Qaydaların 5.52-5.59-cu bəndlərində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Nəzərə alınmalıdır ki, qüsur dedikdə, malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu başa düşülür. Halbuki sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya əşyanın keyfiyyəti barədə məcburi və tərəflərin razılaşdırdıqları tələblərə uyğun gələn əşya verməyə borcludur. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır (Qanunun 13.4-cü maddəsi). Qeyd olunmalıdır ki, cavabdeh lazımi qaydada məlumatlandırılsa da, heç bir məhkəmə iclaslarında iştirak etməyərək iddia tələbini təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı qüsurlu mal verilməsinə və həmin malın dərhal qaytarılmasından imtina edildiyinə görə ona mənəvi zərər dəydiyini iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə” mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsinə görə, bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 18.0-cı maddəsinə uyğun olaraq, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə bir sıra tələbləri ehtiva edir. Bu tələblərdən biri də həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklam fəaliyyətinin subyekti) alıcıya (istehlakçıya) ödənilməsidir (18.0.6-cı maddə). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının malda qüsur aşkar etdiyi halda müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququnun olmasına baxmayaraq, cavabdehin isə lazımi keyfiyyətli mal verməsi, mal haqqında kifayət qədər dolğun məlumat verməsi vəzifəsinin olmasına, lazımi keyfiyyətli mal verilmədikdə istehlakçıdan malı geri götürməyə borclu olmasına baxmayaraq bunlara əməl etməməsi istehlakçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, ilkin olaraq lazımi keyfiyyətli olmayan malın qaytarılmasından imtina olunmuş, yalnız iddiaçı vergi, prokurorluq və digər dövlət qurumlarına müraciət etdikdən sonra məhsulun qaytarılmasına nail olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə həkim tərəfindən qorxu və həyacan hissi ilə bağlı yazılmış resepti təqdim edərək müvafiq proseslər nəticəsində əsəb gərginliyi keçirdiyini bildirmişdir. İddiaçının aldığı lazımi keyfiyyəti olmayan əşyanın geri qaytarılaraq dəyərinin vaxtında ödənilməməsi, əşyaların qaytarılması üçün müvafiq qurumlara müraciət etməsi nəticəsində onda mənəvi narahatlıq hissinin yaranması, mənəvi zərər çəkməsi şübhəsizdir. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tələblərini və işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 400 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərə görə 400 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərə görə 400 (dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3785/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3785/2022
21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver